Yenisabah saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Erkən nikah dedikdə ilk növbədə qızlar yada düşür. Çünki bütün dünyada olduğu kimi, Azərbaycanda da erkən nikaha cəlb edilənlər adətən 18 yaşına çatmamış qızlar olurlar. Oğlanlar bu problemdə istisna təşkil edirlər. Elə rəsmi statistika da bunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-cü ildə 18 yaşadək nikaha girən qızların sayı 270 nəfər, 2023-cü ildə isə 223 nəfər təşkil edib. Təbii ki, bu rəqəmlər tam gerçəkliyi əks etdirmir. Şübhəsiz ki, rəsmi statistikadan gizlədilən faktlar da az deyil.
Cəmiyyətin inkişafı və fərdlərin rifahı üçün gənclərin təhsilli, məlumatlı və öz gələcəklərinə məsuliyyətli şəkildə qərar verə bilmələri vacibdir. Bu kontekstdə erkən nikahdan yayınmaq, həm fərdi, həm də ictimai baxımdan bir çox üstünlüklər təqdim edir.
Erkən nikah çox zaman xüsusilə qız uşaqlarının təhsildən uzaq qalmasına səbəb olur. Təhsilli olmaq, şəxsin öz hüquqlarını bilməsinə, əmək bazarında daha aktiv iştirak etməsinə və həyat keyfiyyətinin yüksəlməsinə şərait yaradır. Erkən nikahdan yayınmaq, gənclərin tam təhsil almasına və gələcəkdə daha güclü sosial mövqe qazanmasına imkan verir.
Mütəxəssislər deyirlər ki, erkən yaşda nikaha daxil olmaq, xüsusilə yeniyetməlik dövründə, həm fiziki, həm də psixoloji sağlamlığa mənfi təsir göstərə bilər. Bu yaşda insan hələ tam inkişaf etmədiyi üçün hamiləlik və doğum kimi proseslər sağlamlıq üçün riskli ola bilər. Eyni zamanda, ailə məsuliyyətləri ilə erkən qarşılaşmaq psixoloji gərginlik və depressiya yarada bilər.
Gənclər üçün şəxsiyyətin formalaşdığı dövr onların maraqlarını, bacarıqlarını və potensiallarını kəşf etmələri üçün olduqca önəmlidir. Erkən nikah, bu inkişaf mərhələsini yarıda kəsərək fərdi azadlıqları məhdudlaşdıra bilər. Erkən nikahdan yayınmaq gənclərə özlərini tanımaq, hobbilərinə və arzularına vaxt ayırmaq imkanı verir.
Təhsil alan və özünü inkişaf etdirən gənc gələcəkdə daha sabit və dolğun karyera qura bilər. Bu da iqtisadi müstəqillik və öz həyatına yön vermə imkanı deməkdir. Erkən nikah isə bir çox hallarda maddi asılılıqla nəticələnir və bu da ailədaxili problemlərin yaranmasına səbəb ola bilər.
Araşdırmalar göstərir ki, erkən yaşda deyil, kifayət qədər həyat təcrübəsinə və emosional yetkinliyə sahib olduqdan sonra qurulan ailələr daha sağlam və uzunömürlü olur. Erkən nikahla qurulan ailələrdə isə anlaşılmazlıqlar, zorakılıq və boşanma hallarının sayı daha yüksək olur.
Psixoloq Aytən Ələkbərova da erkən nikahdan yayınmağın üstünlüklərindən danışıb.
“24-25 yaşdan sonra qurulan ailələrdə münasibətlər bir çox problemin qarşısı ala bilir. Bunun əsas səbəbi həmin yaşlarda münasibətlərin sabitliyi və problemlərin həllinin daha asan yoluna qoyulması ilə bağlıdır. Erkən evliliklərdə hisslər tam dərk edilmədiyindən və məsuliyyət hissi zəif olduğundan ailədaxili mənasız problemlər tez-tez baş verir. Gənclik dövründə erkən nikaha niyə görə “yox” deyirik? Bəzən erkən evləndirilən şəxslər 25-30 yaşa çatanda “sən demə mən sevməmişəm”,-deyə fikirləşirlər. 25-30 yaş aralığında insanlar emosiyalarını daha ağıllı idarə edə bilir və həyat yoldaşı seçimini daha məsuliyyətli şəkildə həyata keçirirlər. Bu yaş dövründə "həqiqi sevgi nədir" sualına cavab tapmaqla insanlar münasibətlərə daha real və obyektiv yanaşır. Xəyali gözləntilər yerinə real dəyərləri qiymətləndirmək problemlərin azalmasına şərait yaradır. İnsan ağlındakının axtarışı fonunda həmin adamın yanında olduğunu tam dərk edib görə bilsə, təbii ki, ailələrdə boşanmanın sayı azalacaq”.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Psixoloq qeyd edib ki, gec evliliklərin başqa bir üstünlüyü də insanların məsuliyyət hissini daha dərindən dərk etməsidir:
“25 yaşdan sonra şəxslər hisslərini nəzarətdə saxlamaq və problemlərin həllində daha effektli yanaşma göstərmək qabiliyyətinə sahib olurlar. Bu yanaşma, ailə daxilindəki etibarın möhkəmlənməsinə və münasibətlərin daha sağlam şəkildə inkişafına səbəb olur.
Bu baxımdan gec ailə quran insanlar sanki bu məsuliyyəti dərk edir. Və həmin məsuliyyət ailəyə qarşı olan həyəcanı idarə edə bilir. Elə yaş dövrü var ki, bu zaman keçirilən hiss və həyəcan cütlüklərə ailə məsuliyyətini dərk etməyə imkan vermir. Ailələrdə baş verən boşanmaların səbəbi elə bu kimi faktorlardan irəli gəlir. Cütlüklər nə qədər gec ailə qurarsa, hisslər və həyəcanla münasibəti idarə etmək yerinə, məsuliyyət ailəni balanslaşdıracaq. Beləliklə, evliliklər uzunömürlü olacaq. Tez ailə qurub boşanmaqdan, uşaqlara psixoloji travma yaşatmaqdansa, gec evlənib nümunə göstəriləcək ailə portretini yarada bilərik”.
Ekspertlər deyirlər ki, erkən nikahdan yayınmaq gənclərin gələcəyini qurmaq, potensiallarını reallaşdırmaq və sağlam bir cəmiyyətin təməlini atmaq üçün mühüm bir addımdır. Bu səbəbdən ailələrin, müəllimlərin və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür – gəncləri dəstəkləmək, onları maarifləndirmək və seçim azadlıqlarına hörmət etmək.
A. Zeynalov
Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.