Süni intellektlə ünsiyyət artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Səhərlər bizi oyadan tətbiqlər, uşaqlara ev tapşırıqlarında kömək edən virtual köməkçilər, işdə təqdimatlar hazırlayan proqramlar- bütün bunlarla danışırıq. Hətta çox vaxt real insanla danışırmış kimi davranırıq. “Zəhmət olmasa bunu edə bilərsən?”, “Çox sağ ol”, “Əla iş idi!”kimi sözlərdən tez-tez istifadə edildiyini müşahidə edirik.
Sfera.az bildirir ki, xarici mütəxəssislər xəbərdarlıq edirlər ki, bu nəzakətli cümlələrin arxasında görünməyən, lakin ciddi bir enerji və ekoloji xərc gizlənir. Süni intellektlə hər qarşılıqlı əlaqədə arxa planda nəhəng serverlər milyardlarla əməliyyat yerinə yetirir. Cümlələrimiz nə qədər uzun, mürəkkəb və nəzakətli olarsa, sistem bir o qədər geniş miqyaslı emal aparır. Bu isə daha çox enerji sərfiyyatı, nəticədə isə daha yüksək elektrik istehlakı deməkdir.
Enerji xərcləri yalnız iqtisadi məsələ deyil. Məlumat mərkəzlərinin soyudulması, karbon emissiyaları və texnoloji infrastrukturun saxlanılması ekoloji baxımdan ciddi təsirlər yaradır.
Təbii ki, heç kim AI ilə ünsiyyətdə nəzakətli olmamağı tövsiyə etmir. Amma gündəlik texnoloji davranışlarımızda suyu və işığı necə qənaətlə istifadə ediriksə, süni intellektlə söhbət zamanı da bəzi şeyləri qısaltmaq, təkrarları azaltmaqla enerji sərfiyyatını azalda bilərik.
Bu, kobudluq deyil, şüurlu istifadəyə keçid və etik texnologiya münasibətidir. Süni intellekt artıq sadəcə bir texnologiya deyil. O, həyat yoldaşımız, məsləhətçimiz və bəzən etibar etdiyimiz dinləyicidir. Onunla danışmağa, minnətdarlıq bildirməyə davam edəcəyik. Lakin bu ünsiyyətin arxasında çalışan sistemlərin enerji baxımından nə qədər güc sərf etdiyini bilmək, bizi daha şüurlu istifadəçiyə çevirə bilər.
Mütəxəssislər bildirir ki, növbəti dəfə “xoş gəldin” və ya “təşəkkür edirəm” yazdığınız zaman bəlkə də bunu xatırlayarsınız. Nəzakətli olmaq gözəldir amma şüurlu olmaq daha güclüdür.
Fidan Hacızadə
Sfera.az