AZ

Milli mənlik şüurunun oyanışı vətənin azadlığa aparan yoluna işıq salır

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

Cəmiyyətimizin və dövlətin inkişafı zamanı gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Onların milli ruhda böyüməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi daim ön planda olmalıdır.

Bu hisslərin formalaşdırılmasında isə təhsilimiz xüsusi əhəmiyət daşıyır.

Raqif Şirinov: Milli mənlik şüuruna malik olmayan xalq müstəqil ola bilməz, vətənpərvərliyin nə olduğunu anlamaz

Tarix müəllimi Raqif Şirinov Bakıvaxtı.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, milli mənlik şüuru dedikdə vətənpərvər ruhda böyümə, xalqına, millətinə, vətəninə sadiqlik başa düşülür.

R.Şiriniv qeyd edib ki, vətənpərvər insan öz xalqını, vətənini sevən, öz torpağına, dilinə, tarixinə bağlı olan insandır. Milli mənlik şüurunun oyanışı vətənin azadlığa aparan yoluna işıq salır. Milli mənlik şüuruna malik olmayan bir xalq heç vaxt müstəqil ola bilməz, vətənpərvərliyin nə olduğunu anlamaz:

“Tariximizin müxtəlif dövrlərinə nəzər salsaq aydın görünür ki, zaman-zaman torpaqlarımızı zəbt edib, təbii sərvətlərini mənimsəmək istəyən dövlətlər olub. Lakin, qeyd edə bilərəm ki, tarixin həmin dövrlərində bu torpaqların sahibləri topraqlarının müdafiəsinə çalışıb və bunlara nail olub”.

Tarix müəllimi XVI yüzillik tarixinə, Azərbaycan Səfəvilər dövlətinə diqqət çəkərək deyib ki, tarixi mənbələri səhifələdikcə azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi xalqın milli şüurunun, kimliyinin özünüdərk proseslərinə öz töhfəsini verib.

Müsahibimiz onu da vurğulayıb ki, yüz ildən artıq bir dövrdə torpaqlarımız birləşdirilib və qüdrətli Azərbaycan dövləti yaradılıb. R.Şirinov xatırladıb ki, sonrakı illərdə Çar Rusiyasının işğalları torpaqlarımızın işğalı ilə nəticələnsə də, XX yüzilliyinin əvvəllərində aparılan ardıcıl mübarizənin nəticəsi olaraq dövlətçiliyimiz bərpa edilib.

Həmsöhbətimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının da məhz milli oyanışın və birliyin nəticəsi olduğunu bildirib. Dediyinə görə, Cümhuriyyət dövründə azərbaycanlı gənclərin dünyanın müxtəlif ölkələrində təhsilə cəlb edilməsi birliyimizin möhkəmləndirilməsinə və ziyalı təbəqəsinin formalaşmasına müsbət təsir göstərib:

“Bu torpaqların böyütdüyü ziyalılarından biri xalqını, millətini və dövlətini sevən Ulu öndər Heydər Əliyev idi. Ulu öndərin hələ Azərbaycan SSR-iyə rəhbərlik etdiyi illərdə azərbaycançılıq ideologiyasının yayılmasında böyük xidmətləri olub. Məhz azərbaycançılıq ideologiyası deyəndə Heydər Əliyev göz önünə gəlir. Bu ideologiya gənclərin milli şüurunun inkişafına öz töhfəsini vermiş oldu. Həmin gənclərdir ki, məhz onun sayəsində müxtəlif dövlətlərdə yüksək təhsil alıb və öz xidmətləri ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini veriblər”.

R.Şiriniov onu da nəzərə çatdırıb ki, Heydər Əliyev bütün çətinliklərə baxmayaraq gənclərin hərb sənətinin sirlərini dərindən öyrənmələri üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılmasına nail olub və həmin liseyin yetişdirdiyi gənclər torpaqlarımızın, ərazi bütövlüyümüzün müdafiəsi uğrunda canlarından belə keçməyə qadir olub.

O, XX yüzilliyin əvvəllərində işğalçı Ermənistan dövlətinin təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğal olunduğunu, bir milyondan artıq insanın öz torpaqlarından didərgin düşdüyünü və minlərlə soydaşımızın vəhşiliklə öldürüldüyünü xatırladıb. Bildirib ki, bu hadisələri yaşayan məktəblilərin, gənclərin qəlbindən, köksündən, şüurundan o faciəvi anları silmək qeyri-mümkündür:

“Xalq o ağır günlərdə nicat yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində görürdü. Xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəldi. Qısa zaman ərzində ordumuz quruldu, cəbhə boyu uğurlu əməliyyatlar aparıldı. Tərəflər arasında atəşkəs əldə edildikdən sonra ordu quruculuğu möhkəmləndirildi”.

Həmsöhbətimiz bildirib ki, bu gün Ulu öndər Heydər Əliyevin siyasətini dövlətimizin prezident İlham Əliyev uğurla davam etdirir və məhz dövlət başçımızın dinamik siyasətinin nəticəsi olaraq torpaqlarımız düşmən işğalından azad edilib.

“44 günlük Vətən müharibəsi Azərbaycan dövlətçilik taixində ən şanlı səhifələrdən deyərdim ki, ən birincisidir. Dövlətçiliyimiz və ərazi bütövlüyümüz bərpa olundu.

Bu gün orta məktəblərdə Zəfər tarixi fənninin tədris edilməsi şagirdlərimizdə milli vətənpərvərlik hisslərinin möhkəmlənməsinə böyük təsir göstərir. Eyni zamanda müəllimlərin şagirdlərmizin milli vətənpərvərlik ruhunda tərbiyyə olunmasında, xalqına, millətinə sadiq ruhda tərbiyə olunmasında böyük xidmətləri var”,- deyə Raqif Şirinov fikirlərini tamamlayıb.

Kamran Əsədov: Milli kimlik və vətənpərvərliyin aşılanması təhsil siyasətinin əsas məqsədləri sırasındadır

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, gənc nəslin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətin ideoloji və strateji dayanıqlığı baxımından həlledici əhəmiyyət daşıyır və bu məqsədlə təhsil sisteminin üzərinə mühüm vəzifələr düşür.

K.Əsədovun sözlərinə görə, bu istiqamətdə atılan addımların effektliliyi, sistemlilik səviyyəsi və nəticələri barədə fikir yürütmək üçün həm qanunverici baza, həm də real tədris mühiti və məzmunu təhlil edilməlidir.

Ekspert nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 2-ci maddəsində milli-mənəvi dəyərlərə hörmət, vətənə sədaqət, dövlətçilik və vətəndaşlıq mövqeyinin formalaşdırılması təhsilin əsas prinsiplərindən biri kimi müəyyən olunub:

“Həmçinin “Ümumi təhsil haqqında” Qanunun 4.3-cü maddəsində vurğulanır ki, ümumi təhsil milli-mənəvi dəyərlər, vətənpərvərlik və dövlətçilik prinsipləri əsasında qurulmalıdır. Yəni qanunvericilik səviyyəsində milli kimlik və vətənpərvərlik aşılanması təhsil siyasətinin əsas məqsədləri sırasındadır”.

Müsahibimiz qeyd edib ki, bu istiqamətdə təhsildə atılan addımlar inkarolunmazdır. Dediyinə görə, onların effektivliyi və dayanıqlılığı artırmaq və inkişaf etdirmək üçün, dərslik məzmunları daha emosional və psixopedoqoji yanaşmalar əsasında hazırlanmalıdır:

“Təkcə tarixi informasiyalar deyil, şəxsiyyətə təsir edən ideya və davranış nümunələri önə çəkilməli, müəllimlərin özlərinin milli mənlik şüuru möhkəmləndirilməli və məktəb mühiti bu ruhla tənzimlənməlidir”.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Seçilən
31
1
bakivaxti.az

2Mənbələr