AZ

Ömər Kocaman: Orta Dəhliz üzrə iqtisadi əlaqələrdə Xəzər mühüm faktordur

Orta Dəhlizdə üzrə iqtisadi və ticari əlaqələrdə Xəzər dənizi mühüm faktordur.

Bunu “Report”a açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocaman deyib.

O qeyd edib ki, TDT çərçivəsində bu günə qədər nəqliyyat, iqtisadiyyat, turizm, təhsil və bir çox sahələrdə əhəmiyyətli işlər görülüb:

“Yeni dövrdə iqlim, ətraf mühit, ailə kimi bəzi mövzular ön plana çıxacaq. Həmçinin, gündəmimizdə daha da əhəmiyyət qazanacaq mövzular arasında müdafiə, müdafiə sənayesi, təhlükəsizlik kimi sahələrdə əməkdaşlıq var. Bunlar beynəlxalq münasibətlər sistemindəki dəyişikliklərə görə artan qeyri-sabitlik səbəbilə zərurət olaraq ortaya çıxır. Ona görə də bu sahələrdə işlərimizi gücləndirəcəyik”.

Müsahib müdafiə sahəsində əməkdaşlıq çərçivəsində cari ildə nazirlər toplantısının baş tutacağını da bəyan edib:

“Müdafiə Sənayesi Əməkdaşlığı platformasının qurulması, müdafiə nazirlərinin toplantısının keçirməsi üçün işlər görülür”.

Ö.Kocaman daha sonra iqtisadiyyatın həmişə TDT ölkələrinin gündəmində olacağını söyləyib:

“Ticarəti artırmaq istəyirik. Hədəfimiz yüz milyard dollardır. Çünki dünya ilə apardığımız ticarətin 10 faizini öz aramızda həyata keçirməliyik. Hazırda nail olduğumuz göstərici, səhv etmirəmsə, beş faizi təşkil edir. Rəqəmlər hər gün dəyişir. Bu, reallıqdır ki, ticarət nə qədər inkişaf etsə, əlaqələr o qədər güclənər. Ona görə də ticari əlaqələrdə son dövrdə mühüm işlər görmüşük. Ticarətin Asanlaşdırılması Komitəmiz işinə başladı. İlk İnvestisiya Fondu yaxın dövrdə fəaliyyətə başlayacaq. Bundan başqa, Ortaq Sənaye və Ticarət Odamız var”.

Həmsöhbət COP29-a da diqqət çəkərək bildirib ki, bu tədbirdə Türk Dövlətləri Təşkilatı üçün də mühüm nəticələr əldə olunub:

“Biz ətraf mühit və iqlimə dair mövzularda daha da yaxın işləmək lazım olduğunu gördük. Quraqlıq və pandemiya dövründə kənd təsərrüfatı sahəsində əməkdaşlığın, qida təhlükəsizliyinin nə qədər önəmli olduğunu gördük. Səhiyyə sahəsində əməkdaşlığın da vacib olduğunu bilirik. Ona görə də, əvvəldə də bildirdiyim kimi, dəyişən bu dünya şərtlərində ətraf mühit, iqlim dəyişikliklərinə qarşı mübarizə bizim mühüm mövzularımız arasında olacaq. Qarşıdakı dövrdə biz bu sahələrdəki əməkdaşlığı artıracağıq, yeni proqram, layihələr olacaq. Bu gün qarşımıza Aral gölü, Xəzər dənizi ilə bağlı yazılar çıxır. Xəzərdə suyun səviyyəsi aşağı düşür. Bütün bunlar bu gündən addım atmağımızı, əməkdaşlıq imkanlarını düşünməyimizi tələb edir. Çünki Orta Dəhlizdəki iqtisadi və ticari əlaqələrdə Xəzər mühüm bir faktordur. Xəzər dənizi ətrafında əməkdaşlıq hər keçən gün artmaqdadır, çünki o, Orta Dəhlizin çox mühüm bir hissəsidir”.

Seçilən
38
report.az

1Mənbələr