AZ

Dünyanın nadir layihəsində çalışan azərbaycanlı

Bakı, 12 iyun, AZƏRTAC

“Diaspor TV”nin çəkiliş qrupu Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yaşayan və bu ölkədə həyata keçirilən NEOM meqalayihəsində çalışan azərbaycanlı mütəxəssis Sevinc Qurbanova ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Sevinc Qurbanova müsahibəsində dünyanın diqqət mərkəzində olan NEOM layihəsində çalışmağın onun üçün böyük qürur və məsuliyyət hissi doğurduğunu bildirib. O qeyd edib ki, bu layihə təkcə texnoloji və infrastruktur baxımından deyil, həm də insanların yaşayış tərzinin yenilənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, soydaşımız 2021-ci ildən NEOM layihəsində mütəxəssis kimi işləyir. O, artıq 2 ildir ki, Səudiyyə Ərəbistanı Krallığında yaşayır. Bundan öncə Dubayda liman sahəsində çalışıb, daha əvvəl isə Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərib.

Xatırladaq ki, NEOM Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində inşa etməyi planlaşdırdığı yüksək texnologiyalı ağıllı şəhər layihəsidir. “Xəyalpərəstlər şəhəri” adlandırılan NEOM layihəsi innovasiya, dayanıqlılıq və texnoloji inkişaf baxımından qlobal miqyasda yeni bir mərhələ yaratmağı hədəfləyir. Layihənin ilk mərhələsinin 2025-ci ilə qədər tamamlanması nəzərdə tutulur. NEOM-un ənənəvi investisiyalardan kənar, tamamilə alternativ və ekoloji enerji mənbələri ilə işləyən bir şəhər olması planlaşdırılır. Mütəxəssislər layihənin ümumilikdə 500 milyard ABŞ dollarından çox sərmayə gətirəcəyini proqnozlaşdırırlar.

Sevinc Qurbanovanın NEOM layihəsindəki fəaliyyəti barədə daha ətraflı məlumat almaq üçün linkə keçid edərək onun müsahibəsinə baxmaq mümkündür.

Seçilən
25
azertag.az

1Mənbələr