AZ

“Bu məhkəmə "sübut etdi" ki, rüşvət verməklə “əməkdar artist” kimi adlara yiyələnmək olar...”

“Bu məhkəmə sübut etdi ki, rüşvət verməklə “əməkdar artist” kimi adlara yiyələnmək olar...”
 
“Məntiqlə belə çıxır ki, əgər birinci dəfə rastına çıxan vasitəçinin köməyi ilə “əməkdar artist” adı almağa nail ola bilməyən şəxs bir müddət sonra başqa bir “tanış”, vasitəçi, “day-day” tapıb həmin fəxri adı saxtakarlıqla almağa nail olsa, cinayətdən uğurla yayınmış olacaq və karyera pillələrindəki “yüksəliş” yollarında belə əməlləri dəfələrlə təkrar etmək imkanı əldə edəcək...”
 
-FİKİR SAVAŞI...-
 
Məmləkətdə rüşvətxorluğun çiçəklənməsində var-dövlət, vəzifə xəstələri ilə yanaşı, ad-san, şan-şöhrət, dəlilərinin də önəmli rolu var. Yəqin ki, sonda korrupsiya Rusiyasının rəhbərliyi ilə fəaliyyət göstərən “KQB”-“FSB” rüşvət-korrupsiya şəbəkəsi belələrinin “zəhməti”ni yüksək səviyyədə mükafatlandırır...
 
Söhbət belə adlara zərrə qədər layiq olmadıqları halda “əməkdar artist”, “əməkdar müəllim”, “xalq artisti”, “xalq şairi” və s. adlarına yiyələnmək üçün dəridən-qabıqdan çıxanlardan gedir. Bu adların ilk hərflərini savadsızlıqdan yox, son onilliklərdə həmin adlara yiyələnənlər arasında əsil mənada o adlara layiq olanları görmədiyim üçün kiçik hərflərlə yazıram... Əslində heç belə adlara ehtiyac da yoxdur. Onlar necə deyərlər, sovet, “sosializm” qalığıdır... Nə isə, bunlar başqa söhbətin mövzusudur – keçək mətləbə...
 
Bu günlərdə çox dəyərli mediamızda növbəti əndrəbadi bir məhkəmə işi haqda məlumat peyda oldu...  Bu “ibrətamiz” olayın vaqe olduğu rayonun adını açıqlamıram. Çünki dərhal hansısa “çekist”lər yozacaqlar ki, bunu yazan sayt rəhbərliyi, yaxud jurnalistin özünün həmin rayon məhkəməsindən umacağı var... Allah bizləri belə niyyətlərdən min ağac iraq eyləsin...
 
Əlqərəz, rayonun adını çıxmaq şərti ilə əksər saytlarda gedən məlumatı nəzərinizə çatdırırıq:
 
“ ...“Əməkdar artist" fəxri adı almaq istəyən musiqiçi dələduzluğun qurbanı olub.
 
Zərərçəkmiş (müəyyən səbəblərdən adını açıqlamırıq) ortaq tanışları vasitəsilə Qədimalı(ad şərtidir- S.L.) adlı şəxslə tanış olub. Həmin şəxs ona fəxri ad almaqda yardımçı olacağını bildirib. Bunun müqabilində isə zərərçəkmişdən 2150 manat pul alıb. Bildirib ki, həyat yoldaşının qohumları yüksək vəzifədə işləyir. Verilən pula da onlara hədiyyə alacaq. Lakin bir müddət sonra o, zənglərə cavab verməyib.
 
Musiqiçi aldadıldığını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin şəxs saxlanılıb və daha sonra Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Barəsində məhkəmənin qərarı ilə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
 
Cinayət işinin məhkəmə istintaqı ...rayon Məhkəməsində aparılıb. Məhkəmə zamanı Qədimalı verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin məlum olub ki, o, dəymiş ziyanı ödəyib.
 
Məhkəmənin hökmü ilə  Qədimalıya 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün 4 günə bərabər tutularaq verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 9 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb”.
 
Bütün başbilən hüquqşünaslarımızı, həmçinin ziyalılarımızı sözügedən məhkəmə işi barədə ayıq başla düşünməyə dəvət edirəm. Əslində bu məsələdə gerçək bir nəticəyə gəlmək üçün heç hüquqşünas, alim-filan da olmaq gərək deyil, sadəcə yüngülvari məntiqi düşüncəyə sahib olmaq yetərlidir... 
 
Bu sətirlərin müəllifinin qənaətincə bəhs edilən məhkəmə hökmündən belə nəticəyə gəlmək olur ki, bu məmləkətdə “əməkdar artist”, deməli, həm də “xalq artisti”, həmçinin “əməkdar müəllim”-filan adlarını da rüşvətlə, “tanış-tunuş”un “tapşırığıy”la və s. dolayı yollarla almaq icazəlidir və bu üsullarla belə fəxri adlar alan vətəndaşlar cinayət etmiş sayılmır, bir şərtlə ki, onun rüşvət verdiyi vasitəçi "dürüst adam" olsun və onu aldatmadan gerçəkdən rəsmi şəkildə fəxri ad almasına nail olsun...
 
Axı Cinayət Məcəlləsinin 312-ci maddəsinə əsasən rüşvət alanla yanaşı, verən də qanun qarşısında məsuliyyət daşımalıdır... Daşımalıdır, amma...
 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1 (Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə), 178-ci(dələduzluq) maddələrinin və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarının 1-ci maddəsi, təəssüf ki, rüşvət verənlər üçün faktiki olaraq qanundan sui-istifadə etmə şəraiti yaradır... 
 
Həmin maddədə deyilir:
 
“Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir”...
 
Deməli, biri rüşvət verərək dolayı yolla hər hansı bir işə nail olmağa, məsələn, elə indiki halda “əməkdar artist” adı almağa çalışırsa və ilk dəfə rüşvət verdiyi şəxs vasitəsilə buna nail ola bilmədiyindən cinayətini hüquq-mühafizə orqanlarına etiraf etdiyindən bağışlanır. Bəs məhkəmə onun yenidən eyni əməli təkrar etməyəcəyini haradan bilir- qəlbini oxuyur? Və məntiqlə belə çıxır ki, əgər birinci dəfə rastına çıxan vasitəçinin köməyi ilə “əməkdar artist” adı almağa nail ola bilməyən şəxs bir müddət sonra başqa bir “tanış”, vasitəçi, “day-day” tapıb həmin fəxri adı saxtakarlıqla almağa nail olsa, cinayətdən uğurla yayınmış olacaq və karyera pillələrindəki “yüksəliş” yollarında belə əməlləri dəfələrlə təkrar etmək imkanı əldə edəcək...
Paradoks yaranır: kiməsə ona saxta fəxri ad verilməsini təşkil etmək üçün rüşvət verən şəxs, sonradan bu cinayətini etiraf etdiyi üçün saf niyyətli, düzgün bir adam kimi məsuliyyətdən tam azad edilir, amma həmin adamdan rüşvət almış şəxs dələduz kimi cəzalandırılır. Bəs rüşvətlə fəxri ad almaq cəhdi saxtakarlıq, dələduzluq cəhdi deyil?..
 
Özü də hamıya yaxşı məlumdur ki, yalnız hansısa fəxri ad almaq üçün deyil, ən kiçik bir işə, məsələn, süpürgəçi, mühafizəçi işinə düzəlməkdən tutmuş direktor, müdir, rəis, başçı, nazir və s. yüksək vəzifələrə düzəlmək, yaxud torpaq zəbt etmək, saxta yolla qəbul imtahanlarından keçərək hansısa ali məktəbə qəbul olmaq,  bələdiyyə sədri, deputat “seçilmək”dən və s. ötrü rüşvət verməyə “adam”, vasitəçi axtaranların sayı “en” qədərdir...
 
Odur ki, hətta qanunla hər hansı rüşvət verəni cəzalandırmaq imkanı yoxdursa belə, məhkəmələrə, heç olmasa, belələrini ən azı qınamaq, tənbeh etmək səlahiyyəti- vəzifəsi verilməlidir...
 
Hansısa hüquqşünas, hakim, yaxud yüksək vəzifəli digər məmur bu mövzuda əks fikirlər söyləyərək bəndənizin guya doğru düşünmədiyini təsdiqləmək istəyirsə, buyursun... Onun fikirlərini də təqdim etməyə hazırıq...
 
Sonda bu mövzuda öncəki yazılarımda vurğuladığım fikirləri bir daha təkrarlamaq istəyirəm:
 
Rüşvət alanlar tutulsa da, rüşvət verənlər tutulmur... Belə davam etdiyi halda isə heç vaxt rüşvətxorluğun kökü kəsilməz. Yəni rüşvətlə varlanmaq istəyən məmur da olacaq, pulunu verib işini aşırmaq istəyən, vəzifəyə-filana keçmək istəyən də...
 
Amma rüşvət verənlərin olmadığı və ya belələrinin buna cəsarət etmədiyi halda rüşvətxorluğun kökü doğrudan kəsilər...
 
Sultan Laçın
 
Seçilən
5
moderator.az

1Mənbələr