BAKI, TurkicWorld
Almaniya kansleri Fridrix Merts çərşənbə günü Berlin şəhərindəki Federal Kanslerlik binasında Danimarkanın baş naziri Mette Frederiksen ilə görüş keçirib.
TurkicWorld xəbər verir ki, görüşdə əsas müzakirə mövzuları Rusiyanın Ukraynaya qarşı davam edən hücumları, Avropa müdafiəsinin gücləndirilməsi, miqrasiya siyasətinin sərtləşdirilməsi və qlobal ticarət sistemindəki qeyri-sabitlik olub.
Merts, Rusiyanın Ukraynaya son hücumlarını şərh edərək bildirib ki, "ağlı başında olan hər kəs" Rusiyanı NATO ittifaqının təhlükəsizliyinə bir təhdid kimi qəbul etməlidir.
Kansler qeyd edib ki, Kremlin Avropa üçün yaratdığı təhlükə fonunda sammitdə müttəfiqlər arasında müdafiə xərclərinin "tarixi səviyyədə" artırılması müzakirə olunacaq.
Mette Frederiksen də çıxışında Avropanın müdafiə qabiliyyətinin mümkün qədər tez gücləndirilməsinin vacibliyini vurğulayıb.
Hər iki lider miqrasiya məsələsinə də toxunub və daha sərt siyasətlərin tətbiq edilməli olduğunu bildiriblər.
"Avropaya gəlmək istəyən hər kəsi qəbul edə bilmərik. Demokratik cəmiyyətlərimizə kimin daxil ola biləcəyinə dair qərar demokratik şəkildə verilməlidir"- deyə o vurğulayıb.
Merts və Frederiksen, ABŞ Prezidenti Donald Trampın qlobal gömrük rüsumları siyasətinə toxunaraq bu yanaşmanın qlobal ticarət sistemində sabitliyi pozduğunu və fond bazarlarında qeyri-müəyyənlik yaratdığını qeyd ediblər.
Alman kansleri ABŞ və Çin arasında yeni ticarət razılaşmasının əldə olunmasını müsbət qiymətləndirib və yaxın gələcəkdə Amerika ilə, xüsusilə də gömrük tarifləri sahəsində bənzər razılaşmaların əldə olunacağını ümid etdiyini bildirib.