10 gündən sonra Azərbaycana yay fəsli gəlir.
Bu isə o deməkdir ki, turizm sektoru özünün aktiv dövrünə keçəcək, Bakıya və Azərbaycanın regionlarına turist axını güclənəcək.
“Report” ölkənin yay turizmi imkanları, çimərlik və dağlıq ərazilərdəki vəziyyət, iqlim dəyişikliyinin sektora təsirləri və sahibkarlara göstərilən dəstək mexanizmləri barədə araşdırma aparıb.
“Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov deyir ki, son illər insanlar ilin bütün fəsillərində istirahət etməyə çalışsa da, əksər vətəndaşlar istirahətlərini yaya planlaşdırırlar: "Məktəblərin və universitetlərin tətildə olduğu vaxtdır. İnsanlar məzuniyyətlərini də bu dövrə salır. Əvvəllər insanlar təkcə yayda bir ay istirahət edirdisə, indi tendensiya bir qədər dəyişib. İl boyu qısa fasilələrlə istirahət edənlərin sayı artır. Amma yay hələ də əsas mövsüm olaraq qalır".
Onun sözlərinə görə, ölkənin turizm infrastrukturu baxımından inkişaf etmiş və paytaxtdan çox uzaqda olmayan bölgələri – Qəbələ, Quba, Qusar, Şamaxı, Şəki və Lənkəran yay aylarında daha çox turist qəbul edən regionlardır: "Çimərlik turizmində əsas istiqamət Bakı və ətrafı hesab olunsa da, Xəzərin Astara və Lənkəran sahilləri də dəniz üçün səfər edilən bölgələr sırasındadır. Bakı ərazisində çimərliklərə maraq daha çoxdur. Burada həm ödənişsiz, həm də ödənişli çimərliklər var".
Ekspert Xəzər dənizini Azərbaycanın böyük turizm sərvəti hesab etsə də, bu imkanlardan tam istifadə olunmadığını bildirir: “Xəzər böyük göldür, bəzi göstəricilər baxımından Qara dəniz və Aralıq dənizi ilə müqayisədə geri qalır. Amma bu, onun potensialının zəif olduğu anlamına gəlməz. Sadəcə biz bu imkanlardan daha geniş istifadə etməliyik”.
Bundan başqa, onun fikrincə, yayda dağ turizminə də tələbat artacaq: "Bunun səbəbi əsasən təmiz hava, təbiətə yaxınlıq, şəhərlərlə müqayisədə daha sərin iqlim şəraitidir. Qəbələ, Quba, Şuşa, İsmayıllı kimi dağ rayonlarında yay turizmi əsasən təbiətlə ünsiyyət, dincəlmək və sərin havadan faydalanmaq məqsədi daşıyır".
C. Aşurov vurğulayıb ki, son illərdə ekoturizm və kənd turizmi istiqamətində artan maraq müşahidə olunur: “Bu növ turizmi daha çox təbiəti kəşf etmək və kənd həyatını yaxından tanımaq istəyən turistlər seçir. Turizmdə məhsul çeşidliliyi nə qədər çox olarsa, marşrutlar da bir o qədər rəngarəng olar və turistin seçim imkanı genişlənər”.
Bununla belə, onun sözlərinə görə, iqlim dəyişikliyi və gözlənilməz hava hadisələri turizm sahəsində planlaşdırmanı çətinləşdirir: “Yayda gözlənilməz yağış və ya güclü küləklər, çimərlik turizminə mənfi təsir göstərir. Qış turizmində də eyni vəziyyət var. Ani istiləşmə səbəbindən qış turizmi obyektləri zərər görə bilər. Havanın anormallığı turistlərin davranışına və qərarlarına birbaşa təsir edir”.
İctimai Birliyin rəhbəri qeyd edib ki, yay turizmi üzrə fəaliyyət göstərən sahibkarlara dövlətin müəyyən güzəştləri olsa da, bu dəstəyin daha sistemli, geniş miqyaslı olmasına ehtiyac var: “Dövlətin regionlarda hotel tikintisi və turizm obyektlərinin təşkili üçün maliyyə mexanizmləri mövcuddur. Amma daha fərqli və geniş çeşiddə dəstəklər olsa, ölkəyə daha çox turist cəlb etmək mümkündür. Ümumiyyətlə, dövlətin əsas funksiyası infrastruktur yaratmaqdır. Sahibkarlar bu imkandan istifadə edərək turistləri ölkəyə cəlb etməlidirlər. Əsas məsələ şəraitin yaradılmasıdır. Əgər bu təmin olunarsa, sahibkarlar artıq müştərini gətirmək üçün daha fəal işləyə bilər”.
“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda “Azərbaycan Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi isə bildirir ki, Azərbaycanda yay turizmində ziddiyyətli mənzərə yaranıb: "Xarici turistlərin ölkəyə səfərlərində azalma müşahidə olunur. Yerləşdirmə vasitələrində bronların ləğvi 30 %-ə çatıb. Bəzi hotellərdə bu göstərici 60 %-ə qədər yüksəlib. Bununla yanaşı, ölkə vətəndaşlarının daxili səfərləri artmaqdadır. Xüsusilə dağlıq və kənd zonalarına maraq güclənib”.
Onun sözlərinə görə, Bakının küləkli dənizkənarı bulvarı, kafeləri, Abşeron çimərlikləri, aquaparkları həm yerli, həm də xarici turistlərin əsas istiqamətinə çevrilib: “Dağlıq regionlarda - Qusar–Şahdağ, Qəbələ–Tufandağ, Quba, Gəbələ, İsmayıllı, Şəki, Lənkaran zonalarında isə turizm kompleksləri fəal işləyirlər. Kənd və etno-ekoturizm sahələrində də canlanma müşahidə olunur. Şəki, İsmayıllı, Lahıc, Qobustan və Beşbarmaq ətrafı zonalar fərqlənirlər. Paytaxtın hələ də dominantlığının qalmasına baxmayaraq, dağ və kənd rayonlarında yay turizminin sürətlə yüksəlməsi mümkündür, bu, Azərbaycan turizminin müasir çoxşaxələndirilmiş miqyasının göstəricisidir”.
S. Dübəndi hesab edir ki, qiymətlə keyfiyyət arasında ciddi uyğunsuzluq var: "Xüsusilə dəniz kənarı hotellər yüksək qiymətə qaldırılsa da, təqdim olunan xidmət buna uyğun olmur. Sahil boyu gigiyenik şərait tam təmin edilməyib, ekoloji və infrastruktur problemləri hələ də qalırlar. Kənd qonaq evləri, hostellər və kiçik bizneslər azdırlar, bu isə qiymətləri artırır, rəqabəti azaldır”.
Ekspert vurğulayıb ki, Xəzər dənizi sahili və kənd-dağ ərazilərimiz turizm potensialıdırlar: “Bu ərazilərdəki turizmi rəqabətqabiliyyətli etmək üçün keyfiyyət qiymət balansı, xidmətin təkmilləşdirilməsi və daha açıq bir bazar sistemi tələb olunur”.
Onun sözlərinə görə, dağlıq regionlarda – xüsusilə Qəbələ, Şəki, Quba, Qusar, İsmayıllı, Lerik kimi turizm potensialı yüksək bölgələrdə yay turizminin daha da inkişaf etməsi üçün bir sıra infrastruktur yenilikləri zəruridir: “Bu yeniliklər nəqliyyat, qonaqlama, rəqəmsallaşma, xidmət keyfiyyəti və ekoloji infrastruktur sahələrini əhatə etməlidir. Dağlıq rayonlarda yay turizminin inkişafı üçün yalnız hotel və yol yetərli deyil. Bu bölgələrin çoxşaxəli və dayanıqlı turizm infrastrukturu ilə təchiz olunması, rəqabət qabiliyyətli xidmət, rəqəmsal imkanlar və ekoloji uyğunluqla birlikdə planlaşdırılmalıdır”.
Assosiasiya sədri vurğulayıb ki, ötən ildən kəndlərin gəlir mənbəyini artırmaq, yerli icmanın məşğulluğunu inkişaf etdirmək məqsədilə Qusar (Ləzə), Qax (İlisu, Sarıbaş) kimi kəndlərdə 20 qonaq evinin aqroturizm şəraitinə uyğun avadanlıqlarla təmin edilməsinə başlanıb: "Hesab edirik ki, bu təşəbbüslər növbəti yay mövsümündə də davam edəcək".
Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri turizmə təsirlər göstərməkdədir və bu təsirlər Azərbaycandan da yan keçmir: “Son illərdə iyul-avqust aylarında temperaturun +40°C-dən yuxarı qalxması, xüsusilə Bakı, Abşeron və Aran bölgələrində yay turizmini zəiflədir. Turistlər daha çox dağlıq və meşəlik zonalara – Qəbələ, Quba, Qusar, Şəki və Lerik rayonlarına üstünlük verirlər. Kənd turizmi üçün vacib olan çaylar, bulaqlar və göllərdə suyun səviyyəsi düşür. Bu, kənd təsərrüfatı fəaliyyəti ilə bağlı turların dayandırılmasına və yaxud məhdudlaşdırılmasına səbəb olur. Quraqlıq və anomal şərait nəticəsində bəzi flora və fauna növləri tədricən məhv olur. Bu isə ekoturizm üçün vacib olan təbii obyektlərin cazibəsini azaldır”.
O, bildirib ki, regionlararası yol və dəmir yolu bağlantıları zəifdir: “Qəbələ, Quba, Zaqatala kimi yerlərə rahat və sürətli nəqliyyat yoxdur, turistik marşrutlarda məlumat tabloları, GPS naviqasiya, dayanacaq və ictimai tualetlər çatışmır, xidmət keyfiyyəti və rəqabət aşağıdır, bəzi bölgələrdə yerli personalın turizm təhsili və dil biliyi zəifdir. Azərbaycanın yay turizmi imkanları xarici bazarlarda (Avropa, Körfəz, Asiya) kifayət qədər tanıdılmır, Gürcüstan və Türkiyə isə çoxdilli reklam kampaniyaları, sosial media və blogerlər vasitəsilə daha geniş tanıdılır, yayda anomal istiliklər (40°C+) dəniz turizminə mənfi təsir edir, quraqlıq və su çatışmazlığı kənd və ekoturizm üçün risklər daşıyır”.
S. Dübəndi vurğulayıb ki, Azərbaycan təbiət və tarix baxımından Gürcüstandan geridə deyil, hətta bəzi sahələrdə irəlidəri: "Amma rəqabətqabiliyyətli olmaq üçün beynəlxalq səviyyədə bazarlama işi aparılmalı, bloqerlərin və sosial medianı xidmətlərindən, "Google Trips" və "Tripadvisor" platformalardan istifadə olunmalıdır. Xidmət sahəsində kadrların peşəkarlaşdırılması, iqlimə uyğunlaşmaq, yüksək mövsümün sentyabr-oktyabr aylarına keçirilməsi, yeni marşrutlar və məhsullar - “eco-accommodation”, “slow food” “turizm kəndləri”, “zero-waste turizm” zonaları yaradılmalıdır. Əgər bu addımlar atılarsa, Azərbaycan regionda yay turizmi üzrə Gürcüstan və Türkiyəyə alternativ bir istiqamət kimi mövqeyini gücləndirə bilər”.
Ekspertin sözlərinə görə, Azərbaycanda yay turizmi üzrə fəaliyyət göstərən sahibkarlar və turizm obyektləri üçün dövlət dəstək mexanizmləri və müəyyən maliyyə alətləri mövcuddur: “Dövlət Turizm Agentliyi və onun tabeliyindəki Azərbaycan Turizm Bürosu regional turizm layihələrinə texniki və metodoloji dəstək göstərir (təlimlər, marketinq materialları, beynəlxalq sərgilərə çıxış), turizm marşrutlarının sertifikatlaşdırılması davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu yay mövsümündə çalışan sahibkarlara illik 5 %-ə qədər subsidiyalı kreditlər təklif edir, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi vasitəsilə kənd təsərrüfatı və qonaqpərvərliklə bağlı birgə layihələrə hibrid maliyyə paketləri verilir (qrant + kredit), ekoturizm, “eko-lodge” tipli tikililərə infrastruktur dəstəyi göstərilir, 2023-2024-cü illərdə xarici donorların verdikləri qrantlar çərçivəsində Zaqatala, Şəki, Qusar və Qəbələ rayonlarında 100-dən çox sahibkara dəstək göstərilib. Bununla belə, regionlarda fəaliyyət göstərən sahibkarların əksəriyyəti mövcud proqramlardan xəbərsizdirlər. Mikrosahibkarlar üçün kredit şərtləri və təminatlar çox sərtdir (girov tələb olunur), bölgə banklarında turizmə fokuslanan kredit məhsulları azdır, startap və innovativ turizm ideyalarına (glamping, smart kənd turizmi) maliyyə dəstəyi hələ zəifdir”.
S. Dübəndi Assosiyasiya rəhbəri olaraq yay turizmi ilə bağlı təkliflərini də deyib: “İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyi birgə “turizm startap fondu” yarada bilərlər, bölgələrdə “turizm məsləhət mərkəzləri” açılaraq sahibkarlara məlumat, təlim və sənəd yardımı verə bilərlər, banklar üçün “turizm kredit reytinqi” modeli tətbiq edilə – turizm biznesının fəaliyyət göstərdiyi region, xidmət keyfiyyəti və dövriyyə üzrə daha doğru qiymətləndirmə aparıla bilər, yerli və xarici investorlar üçün vergi-torpaq güzəştləri genişləndirilə bilər. Dövlətin yay turizmi üzrə sahibkarlara dəstək mexanizmləri inkişaf edir, lakin tətbiq effektivliyi və regionlara çıxış səviyyəsi hələ tam adekvat deyil. İrəliləyiş üçün bölgə əsaslı fərdiləşmiş maliyyə mexanizmləri, geniş maarifləndirmə və bankların daha çevik kredit strategiyaları vacibdir”.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycana 979 963 nəfər turist gəlib. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 % çoxdur. Təkcə mayda isə ölkəyə 264 079 nəfər səyahətçi gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 % artım deməkdir.
Ötən ay ən çox turist Rusiyadan (62 809 nəfər, -10%), Türkiyədən (41 299 nəfər, +10%), Hindistandan (23 326 nəfər, - 21 %), İrandan (17 787 nəfər, - 8%) və Səudiyyə Ərəbistanından (10 090 nəfər, + 54 %) qəbul edilib.