AZ

“Apple” “Valideyn nəzarəti” funksiyasını yenilədi - Uşaqlar icazəsiz yeni nömrəyə mesaj göndərə bilməyəcək

"Apple" şirkəti bu ilin sentyabrında istifadəyə veriləcək yeni əməliyyat sistemi versiyaları ilə birlikdə uşaqların təhlükəsizliyi üçün nəzərdə tutulan “Valideyn nəzarəti” funksiyalarını yenilədiyini açıqlayıb.

Valyuta.az xəbər verir ki, yenilənmiş funksiyalar valideynlərə uşaqların kimlərlə ünsiyyət qurduğuna daha geniş nəzarət imkanı verəcək.

iOS 26 ilə yanaşı iPadOS 26, macOS Tahoe 26, watchOS 26, visionOS 26 və tvOS 26 əməliyyat sistemlərində də tətbiq olunacaq bu yeniliklər valideynlərə uşaqların cihazlarında daha çox nəzarət mexanizmi təqdim edəcək.

Yeni nömrəyə mesaj üçün valideyn icazəsi tələb olunacaq

Yenilənmiş sistemdə uşaqlar tanımadıqları və ya cihazda qeydə alınmamış yeni nömrələrə mesaj göndərmək istədikdə, bu addım üçün valideynin təsdiqi tələb olunacaq. İcazə istəyi birbaşa "Mesajlar" tətbiqində görünəcək və valideynlər “Qəbul et” və ya “Rədd et” seçimləri ilə cavab verə biləcəklər.

Bundan əlavə, "Apple" digər tətbiq tərtibatçılarının da bu tip funksiyaları öz proqramlarına əlavə edə bilməsi üçün texniki dəstək göstərəcəyini bildirib.

Şirkət indiyə qədər 13 yaşdan kiçik istifadəçilər üçün avtomatik olaraq məzmun filtrasiyası və tətbiqlərdə məhdudiyyətlər tətbiq edirdi. Yeni yeniləmələrlə bu təhlükəsizlik tədbirləri 13-17 yaş arası istifadəçiləri də əhatə edəcək. Məsələn, FaceTime zənglərində və “Şəkillər” tətbiqində müvafiq filtrlər vasitəsilə çılpaqlıq müəyyən edilərsə, sistem bu görüntüləri avtomatik olaraq senzura edə biləcək.

Sərvanə Rəmixanova

Seçilən
16
1
valyuta.az

2Mənbələr