Bakı, 12 iyun, AZƏRTAC
KXDR Koreya Respublikası ilə sərhəd bölgəsində səsgücləndiricilər vasitəsilə təbliğat yayımını dayandırıb.
AZƏRTAC xəbər verir ki, Yonhap agentliyi bu barədə cənubi koreyalı hərbçilərə istinadla məlumat yayıb.
“Şimali Koreyanın sərhəddə səsgücləndiricilər vasitəsilə təbliğatı dayandırması iki ölkə arasında qarşılıqlı etimadı bərpa etmək üçün vacib fürsətdir”, - deyə Koreya Respublikasının Birləşmə Nazirliyi bildirib.
Agentliyin bir gün öncə yaydığı məlumata görə, Cənubi Koreya hakimiyyəti ikitərəfli münasibətləri yaxşılaşdırmaq məqsədilə KXDR-lə sərhəddə Pxenyanı tənqid edən proqramların yayımını dayandırıb.
Qeyd edək ki, iyunun əvvəlində Cənubi Koreyanın yeni Prezidenti Li Çje Men Koreya yarımadasında davamlı sülhün bərqərar olması üçün KXDR-lə rabitə kanallarını açmaq, dialoq və əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib. O, eyni zamanda, ABŞ və Yaponiya ilə güclü hərbi ittifaqa əsaslanan “çəkindirici güc” vasitəsilə Şimali Koreyadan gələn potensial təhlükəyə qarşı mübarizə aparacağını vurğulayıb.