Bakı, 12 iyun, AZƏRTAC
Türk dövlətləri olaraq bizi birləşdirən dərin mənəvi köklər, ortaq tarix və ailə dəyərləri bu gün də fəaliyyətimizin əsasını təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclik və Ailə İşləri Komitəsinin sədri Kayrat Kambarov Türk Dövlətləri Təşkilatının (TDT) Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən nazirlərin görüşündə deyib.
O qeyd edib ki, qadınlara hər sahədə dəstək vermək cəmiyyətin sağlam inkişafının ayrılmaz hissəsidir. Qadınlar yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin 51 faizini təşkil edirlər. Onların sosial, iqtisadi və siyasi həyatda fəal iştirakı gələcəyimiz üçün son dərəcə vacibdir.
“Qazaxıstanda ailə institutunun möhkəmləndirilməsi məqsədilə 2028-ci ilədək icra olunacaq yeni layihə artıq hazırlanıb və icraya başlanılıb. Bu yolla həm ailə institutunu möhkəmləndirmək, həm də qadınların və gənclərin rifahını təmin etmək hədəflənir. Əminəm ki, Türk Dövlətləri Təşkilatının bu istiqamətdə atdığı addımlar ortaq gələcəyimizə xidmət edəcək və xalqlarımız arasında həmrəyliyi daha da möhkəmləndirəcək”, - deyən Kayrat Kambarov sonda Türk dünyasının ortaq dəyərlərini yaşadan və bu tədbirə ev sahibliyi edən Azərbaycana təşəkkür edib.