AZ

Yeni reallığa uyğunlaşma: Taksi xidməti və şəhər nəqliyyatında çağırışlar - ARAŞDIRMA

Hazırda paytaxtda taksi fəaliyyəti ilə bağlı həm bu sahə ilə məşğul olan sürücülər, həm də sərnişinlər müxtəlif problemlərlə üzləşir. Bu gün taksi xidməti həyata keçirən sürücülər sərnişinləri düşürüb-mindirmə ilə bağlı çətinliklər yaşayır. Onlar əsasən Bakıda taksilər üçün duracaqların azlığından və minib-düşmə üçün imkanların yaradılmamasından şikayətlənirlər. Xüsusilə sıx hərəkətli küçə və prospektlərdə bu proses həm nəqliyyat axınına mane olur, həm də taksi sürücülərini cərimə riski ilə üz-üzə qoyur.

“Report” paytaxtda taksi xidməti həyata keçirən sürücülər üçün taksi duracaqları, taksi sürücülərinin sərnişinləri düşürüb-mindirməsi və bu sahədə problemlər ilə bağlı mövzunu araşdırıb.

Yeni taksi məntəqələri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Report”a bildirilib ki, Bakının bir sıra küçə və prospektlərində 134 taksi duracağı mövcuddur: “Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də AYNA məsələyə kompleks yanaşma tətbiq edərək, bəzi maneə yaradan məntəqələri ləğv edib, yeni cəlbetmə məntəqələrinin müəyyən edilməsi istiqamətində iş aparır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkili nəzərdə tutulur. Bu çərçivədə 10 yeni taksi məntəqəsi təşkil edilib, 9 məntəqə isə aidiyyəti qurumlarla razılaşdırılaraq mərhələli şəkildə quraşdırılacaq”.

Qeyd edilib ki, sakinlərin də müraciətləri nəzərə alınaraq paytaxtın Tbilisi prospektində, A.M.Şərifzadə küçəsində, metronun “Ulduz” stansiyası ətrafında, “Gənclik Mall"un yaxınlığında taksi minik avtomobilləri üçün duracaq, həmçinin minib-düşmə yerləri (drop off) təşkil edilib: “Layihənin paytaxtın digər ərazilərində də həyata keçirilməsi üçün təhlillər aparılır”.

Məlumata əsasən, avtobusla sərnişin daşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir: “Avtobus üstünlüyünün təmin edilməsi məhz sıxlıq olan küçələrdə lazımdır. Xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır. Paytaxt küçələrində xüsusi hərəkət zolaqlarının yaradılmasında məqsəd sərnişinlərin vaxt itkisinə məruz qalmadan daşınmasını təmin etməkdir. Nəticədə avtobusların bu zolaqlarda orta sürəti artıb, marşrut üzrə hərəkət vaxtı isə 22 dəqiqəyə kimi azalıb. Əksər marşrutlarda interval qısalıb, sərnişinlərin sayı və onların ictimai nəqliyyata etibarı artıb. Hazırda paytaxtın 40-a yaxın küçə və prospektində ümumi uzunluğu 112 km xüsusi hərəkət zolağı təşkil edilib. Bu zolaqlarla gün ərzində 900 minə yaxın sərnişin daşınır. Avtobus zolaqlarının 160 km-ə çatdırılması nəzərdə tutulur”.

Reallığa uyğunlaşmaq

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev “Report”a açıqlamasında bildirib ki, paytaxt Bakıda ciddi transformasiya baş verir və yeni reallığa uyğun olaraq taksilər üçün minib-düşmə nöqtələri təyin olunmalıdır: “Düşünürəm ki, bu baxımdan təhlillər aparılır, müvafiq olaraq münasib yerlər seçilir və buna uyğun təkliflər formalaşdırılır. Bununla taksilərin rahat şəkildə yeni reallığa uyğun olaraq sərnişinləri mindirib düşürməsi üçün imkanlar yaranacaq. Digər məsələ odur ki, şəhərimizdə dəyişiklik baş verirsə, bu dəyişikliyə uyğun artıq hərəkət etməliyik. Dünən əgər bir hərəkətlik var idisə, bu gün avtobus, mikromobillik zolaqları formalaşdırılıb. Bu zolaqlarda hərəkət edən nəqliyyat vasitələri üçün fərqli hərəkət üçün imkanlar yaradılıbsa, taksi fəaliyyəti də buna uyğun uyğunlaşdırılmalıdır”.

O əlavə edib ki, taksidən istifadə edən sərnişinlər, taksi sürücüləri də bunu anlayışla qəbul etməlidirlər: “Hazırda adı çəkilən zolaqlara daxil olan taksi sürücüləri cərimələnirlər. Amma minib-düşmə nöqtələrinin təşkili ilə artıq bu növ risklər aradan qalxacaq. İnsanlar konkret olaraq avtobusu müəyyən dayanacaqlarda gözləyirlərsə, taksini də müəyyən minib-düşmə nöqtələrində sifariş etməlidir. Taksini, məsələn, avtobus və mikromobillik zonaqlarının olmadığı ara küçələrdə sifariş etmək lazımdır. Bununla taksi sürücüləri əlavə cərimə riski ilə qarşılaşmayacaqlar. Bu baxımdan həmçinin 2025-2030-cü illər üçün nəzərdə tutulmuş piyada infrastrukturunun da təkmilləşdirilməsi, baryerlərin aradan qaldırılması, pandusların qurulması, abadlaşdırılması kimi işlər də vacibdir. İnsanların qısa məsafəni piyada gəzmək imkanı olmalıdır. Yəni onların taksilərin sərnişinlərini mindirib-düşürmə nöqtələrinə rahat çıxışı təmin olmalıdır”.

İctimai nəqliyyat və mobilliklə bağlı problem

Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov “Report”a açıqlamasında qeyd edib ki, Azərbaycan cəmiyyətində taksi mövzusu çox müzakirə olunur: “Bunun əsas səbəbi odur ki, bizdə ictimai nəqliyyatda hər şey qaydasında deyil və ictimai nəqliyyatla bağlı çox sayda problem var. Buna görə də insanlar hər zaman taksiyə çox ciddi ehtiyac duyurlar. Hazırda Azərbaycanda taksi faktiki olaraq ictimai nəqliyyatın üzərinə düşən işi görür. Hətta o dərəcədə ki, müəyyən istiqamətlər, marşrutlar üzrə konkret olaraq taksilər işləyir. Hər kəs bunu bilir. Bu taksilər xüsusən də şəhər və şəhərətrafı fəaliyyətlə məşğul olurlar. İctimai nəqliyyat nə qədər ki, mükəmməlləşməyib və nə qədər ki, problemlər qalır, taksi məsələsi də kökündən həll oluna bilməyəcək. Nəticədə taksi fəaliyyəti ilə bağlı müəyyən suallar ortaya çıxacaq. Yəni məsələnin həlli təkcə taksi ilə deyil, həm də Abşeron yarımadasında ictimai nəqliyyat və mobillik probleminin köklü həlli ilə bağlıdır. Bakıda, ümumiyyətlə Abşeron yarımadasında mobillik ilə bağlı məsələlər köklü surətdə həll olunmağa başlasa və bu istiqamətdə radikal dəyişiklər olsa, xüsusən də ictimai nəqliyyatının inkişafında dayanıqlı tərəqqi müşahidə edilsə, taksi fəaliyyəti ilə bağlı ictimai rəyin müsbətə doğru dəyişdiyini görə bilərik”.

O qeyd edib ki, taksi xidməti ilə məşğul olanların dayanmaq, sərnişinləri mindirib-düşürmə ilə bağlı ciddi problemləri var: “Bununla bağlı problem bir neçə istiqamətdədir. Bu problem yenə də ictimai nəqliyyatla bağlıdır. İctimai nəqliyyatla bağlı vəziyyət yaxşı olarsa, bu qədər taksi fəaliyyətinə ehtiyac olmayacaq. Məsələn, Bakı-Binə, Bakı-Hövsan, Bakı-Masazır, Bakı-Sumqayıt istiqamətlərində işləyən taksilər var və ən çox problemlər həmin marşrut üzrə yaranır. Bu istiqamətlərdə müəyyən addımlar atıla bilər. Paytaxtın bəzi kritik nöqtələrinin – taksilərin dayanmasının mümkün olmadığı – infrastrukturunu yenidən nəzərdən keçirmək olar. Beynəlxalq təcrübədən nümunə göstərmək istərdim. Bəzi ölkələrdə avtobus zolaqlarında 2-3 avtomobillik yerlər hazırlanıb. Avtomobillər bu yerlərdən yalnız sərnişinləri minib-düşmə üçün istifadə edirlər. Sərnişinlər arasında da maarifləndirmə aparılmalıdır ki, taksi sərnişini dəqiqələlərlə gözləməməlidir”.

Ekspert vurğulayıb ki, şəhərdə çox sayda parklanma yeri var: “Həmin parklanma yerləri çox vaxt dolu olur. Odur ki, həmin parklanmalarda bir neçə avtomobil üçün yer saxlanıla bilər. Paytaxtda, məsələn, “dayanmaq qadağandır” nişanları var. Şəhərin bəzi hissələrində bu nişanı “durmaq qadağandır” nişanı ilə əvəz etmək lazımdır. Fərq odur ki, bu zaman taksi sürücüləri sərnişinləri düşürüb mindirə biləcəklər”.

Seçilən
33
2
report.az

3Mənbələr