AZ

Cərimələrə SON - Sürücülər üçün yenilik

Xəbər verdiyimiz kimi, 2 gün öncə Gənclik mall-un qarşısında taksiyə minib-düşmə üçün xüsusi ərazi təşkil olunub. Dünən isə belə yer Yusif Səfərov küçəsində təşkil edilib. Bəs, paytaxtın ən çox hansı ərazilərində belə yerlərin təşkilinə ehtiyac var?


Mövzu ilə bağlı Manset.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, avtobus zolaqlarının olduğu, nəqliyyat baxımından konflikt yaşanan bütün ərazilərdə bu tip həll yolları tətbiq olunmalıdır:

"Axşam saatlarında daha bir belə məntəqənin yaradıldığının şahidi olduq. Bu məntəqə Yusif Səfərov küçəsində, Neftçilər xəstəxanasının qarşısında yerləşir.

Həmin ərazidə yalnız taksilərə deyil, digər minik avtomobillərinə də sərnişin mindirib-düşürməyə icazə verilir. Qeyd edim ki, orada dayanma və durma tam qadağandır. Sadəcə sərnişin mindirib-düşürmək məqsədilə qısa müddətli, təxminən 3 dəqiqəyə qədər dayanmağa icazə verilir.

Belə məntəqələrə şəhərin digər hissələrində də ehtiyac var – xüsusilə 20 Yanvar dairəsi ətrafında, Ziya Bünyadov prospektində və digər əsas yollarda. Eyni zamanda avtobus zolaqlarının problem yaratdığı əsas küçələrdən biri də Neftçilər prospektidir. Bu ərazilərdə də oxşar məntəqələrin yaradılması vacibdir".

Ekspert qeyd edib ki, demək olar ki, Bakıda avtobus zolağı olan bütün ərazilərdə taksi sürücüləri və digər minik avtomobili sahibləri çətinlik çəkirlər:

"Zolağa daxil olub sərnişin götürməyə tərəddüd edirlər. Bəziləri ikinci zolaqda dayanaraq sərnişin mindirir və ya düşürür ki, bu da ciddi təhlükə yaradır. Çünki avtobus zolağına daxil olduqda sürücülər 100 manat cərimə və 2 cərimə balı ilə üzləşirlər. Digər zolaqda dayananda isə bu, 80 manat və yenə 2 bal ilə cəzalandırılır. Bu vəziyyət nə sərnişinlər, nə də sürücülər üçün uyğun deyil.

Biz bu mövzuya dəfələrlə toxunduq, aidiyyəti qurumlara təkliflərimizi verdik. Nəhayət, AYNA bu məsələni nəzərə aldı və icrasına başladı. Sevindirici haldır ki, bu proses artıq başlayıb."


Seyranə Quliyeva

Seçilən
46
2
manset.az

3Mənbələr