BAKI, 12 iyun. TELEQRAF
Bakının Binəqədi rayonunda bacısını boğaraq öldürməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Təbriz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.
Daha sonra hakim cinayət işində olan sənədləri açıqlayıb. Sənədlərdən məlum olub ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olmayıb. O, əvvəllər şirkətlərdən birində fəhlə işləyib.
Həmçinin cinayət işində olan ekspertiza rəyləri elan edilib.
Hakimlər Təhminə Qasımovanın meyitini müayinə edən ekspertlərin dindirilməsi barədə qərar qəbul ediblər.
Növbəti proses iyulun 10-da davam edəcək.
Xatırladaq ki, hadisə ötən il iyulun 1-də Bakının Binəqədi rayonu ərazisində qeydə alınıb. Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qətlə yetirilən 20 yaşlı Təhminə Qasımova məişət əşyaları satılan mağazada satıcı vəzifəsində çalışıb.
Onu gecə saat 2 radələrində qardaşı işdən çıxan zaman qarşılayıb və birlikdə evə gediblər. Hadisə səhərə yaxın qeydə alınıb. Hadisədən sonra Təbriz Qasımov könüllü olaraq polisə təslim olub.
Qətl hadisəsi qısqanclıq zəminində baş verib. Qardaşı bacısını qeyri-etik hərəkətlər etdiyi üçün qətlə yetirildiyini etiraf edib.
İlkin istintaq hərəkətləri zamanı məlum olub ki, Təbriz anasını da ölümlə təhdid edib.
Təbriz Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan olunub.