AZ

27-ci yaşın qutlu olsun Qəhrəman

İbrahim kimi vətənpərvər olmaq öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə hazır olmaq deməkdir. Vətənə bağlılıq hissi hər bir fərdi hərbi xidmət zamanı daha da mübariz və mətin əsgərə çevirir. Əyninə hərbi mundir geyinən hər kəs, Vətəni göz bəbəyi kimi qoruyacağının və bu yolda canını və qanını əsirgəməyəcəyinin andını içir.

İbrahim Səməd oğlu Vəlizadə ömrünün bu yaşına kimi  dəyərli, mənalı örnək ola biləcək bir həyat yaşamağı seçdi.

Bu fikirlər 44 günlük Vətən müharibəsində itgin düşmüş Vəlizadə İbrahim Səməd oğlunun ad günü münasibətilə keçirilən növbəti tədbirdə deyildi.

Şərur şəhər Şəhidlər Xiyabanında ucaldılmış büstü qarşısında keçirilən tədbirdə Naxçıvan Əlahiddə Ümumqoşun ordunun rəhbərliyi, əsgər, zabit heyəti, daxili işlər nazirliyinin, rayon İcra hakimiyyətinin, idarə və təşkilat rəhbərləri, eləcə də muxtar respublikanın dördbir tərəfindən gəlmiş şəhid ailələri və qazilər, ictimayət nümayəndələri iştirak edib.

Tədbir başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni oxundu. İbrahimin büstü önünə tər çiçəklər, əklillər düzüldü. 

Tədbir iştirakçılarına İbrahimin həyatı və vətənə xidmətindən söhbət açıldı. Çıxış edən qonaqlar qəhrəmanın ailəsinə səbr diləyərək vətənpərvər bir övlad yetişdirdikləri üçün minnətdarlıq etdilər.

Tədbirin sonunda cəsur döyüşçünün atası Səməd Vəlizadə çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, muxtar respublika rəhbərliyinə, ordu komandanlığına və ictimaiyyət nümayəndələrinə ailə adından təşəkkürünü bildirdi.

Qeyd edək ki, Vəlizadə İbrahim Səməd oğlu 1998-ci il iyunun 11-də Şərur rayonunun Vərməziyar kəndində anadan olub. İlk təhsilini Vərməziyar kənd tam orta məktəbində alan İbrahim 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. İbrahim həmyaşıdlarından seçilən bir gənc olduğundan o, 2018-ci ildə Türkiyədə hərbi təhsil alıb. 2014-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsilə yiyələnib. Azərbaycan Ordusunun leytenantı olan Vəlizadə İbrahim 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə itkin düşüb.

Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən 2022-ci ilin noyabr ayında İbrahim Vəlizadəyə "şəhid" statusu verilib.

Leytenant İbrahim Vəlizadə sağlığında Silahlı Qüvvələrin yaranmasının 100 illik yubileyi münasibətilə "100 illik" medalı, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə  "Kəlbəcərin azad olunmasına görə", “Vətən uğrunda” medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

Vətənin igid oğlunun xatirəsi əbədiləşdirilərək yaşadığı evin qarşısında xatirə lövhəsi asılıb. Şərur şəhər Şəhidlər Xiyabanında büstü ucaldılıb, eyni zamanda Vərməziyar kənd şəhidlərinin və itkin şəhid İbrahim Vəlizadənin xatirəsinə bulaq da istifadəyə verilib.

5 ilə yaxındır hələ də xəbər alınmayan qəhrəmanımızın sağ-salamat olmasına ümidlərimiz böyükdür. "Oğlum sağdır, hiss edirəm" - deyir Xurşud xanım.  Anaların hissiyatı güclüdür. Onlar yaxşı və ya pis bir şey hiss edərlərsə, həyata keçir.

Ümid edirik ki, tezliklə qəhrəman anasına onun həsrətinə son qoyacaq, gözünü yollardan çəkəcək bir xəbər gələr. Ailəyə Allahdan səbr diləyirik.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi



Seçilən
26
herbiand.az

1Mənbələr