“2020-ci ildə iqtisadi dalğalanmalarla start götürən hadisələr fonunda dünya düzəni dəyişməklə paralel, yeni forma və mahiyyət alır. II Dünya müharibəsindən sonra formalaşan, 1990-cı ildə yenidən şəkillənən dünya düzəninin yeni mərhələyə keçməsi müharibə və münaqişələrlə müşayət olunur.”
Bu sözləri Moderator.az-a açıqlamasında politoloq Bakir Həsənbəyli deyib.
Onun sözlərinə görə, müharibə və münaqişəsiz yeni düzənin formalaşması mümkün deyil. Əksər dünya dövlətləri kimi ABŞ-da bu proseslərdən kənarda qalmır. D.Tramp təmsilçiliyində ABŞ yeni düzəndə qurucu obrazı yaratmağa cəhd edir:
“Bu isə təkqütblü dünyanın formalaşmasına aparan yolun başlanğıcıdır. Sözsüz ki, Çin, Meksika, Rusiya, hətta ABŞ-la yaxşı münasibətləri olan Hindistan və s. ölkələr prosesin bu istiqamətdə inkişafına qarşıdırlar. Trampın hakimiyyətə gəldiyi ilk gündən jandarma roluna sahiblənmək cəhdləri bu narahat və narazılıqları tətikləyən haldır. Tramp bu gün ABŞ-da baş verən hadisələrin əsasını seçkiöncəsi miqrantlardan danışarkən “ABŞ küçələrində on minlərlə cinayətkar sərbəst gəzir” sözləri ilə hələ təbliğat və təşviqat dönəmində qoymuşdur. Hakmiyyətə gəldikdən sonra isə bu istiqamətdə qəbul etdiyi qərarlar federal məhkəmələr tərəfindən stoplandı. Lakin xarakter etibarı ilə inadkar olan, eyni zamanda seçkiöncəsi vədlərinin demək olar ki, heç birinə əməl etmək imkanı olmayan Trampın gərgin vəziyyətdə qəbul etdiyi qərarlar onun əleyhinə yönəlməyə başlayıb”.
Politoloq ABŞ-ın bəzi şatatlarının müstəqil dövlət kimi fəaliyyətə üstünlük verdiyinə diqqət çəkib:
“Texas ştatı bu istiqamətdə daha çox iradə ortaya qoyur. Ştatlara ordunun yeridilməsi isə ABŞ-ın demokratiya və söz azadlığı prinsiplərinə zidd olacaq qərardır. Trampın “kim etiraz edirsə ABŞ-ın düşmənidir” tezisi Putinin müharibəyə etiraz edənləri vətən xaini adlandırması ilə eynilik təşkil edir. Halbuki Rusiya avtoritar, ABŞ isə demokratik ölkədir. Bu ölkədə Putin prinsipləri keçərli olmayacaq. Trampın ən böyük səhvi isə ABŞ dərin dövlətinə müharibə elan etməsidir. Məhz bu prizmadan yanaşanda da, hadisələri təsadüfi hesab etmək olmaz. Tramp addımlarını davam etdirəcəyi təqdirdə emosiyaları daha da, qızışdıracaq mərhələyə gətirə bilər. Çünki insanlar onlara seçkiöncəsi verilən sosial-iqtisadi vəziyyətin yaxşılaşacağı ilə bağlı sözlərin hələ də vəd olaraq qalmasından narazıdırlar. ABŞ cəmiyyəti realist cəmiyyətdir. Hadisələrin silahlı münaqişəyə, vətəndaş müharibəsinə çevirlməsi isə ağlabatan versiya deyil. Çünki cəmiyyət müharibəyə və ya daxili münaqişəyə meyilli cəmiyyət deyil. Lakin Tramp eyni ritorika ilə davam edərsə, hakim komanda ilə cəmiyyət arasındakı uçurumun dərinləşmə ehtimalı olduqca böyükdür. Hətta proses Trampın impiçmenti ilə də nəticələnə bilər. Bu isə Tramp müxaliflərinin əlini gücləndirəcək amildir. Düşünürəm ki, Tramp əksər qərarlarında olduğu kimi bu məsələdə də geri addım atmaq məcburiyyətində qalacaq”.
Mehin Mehmanqızı