AZ

Nazir müavini: Statistika göstərir ki, ən çox karbon emissiyası yaradan sahə məhsul və qida zənciri üzrə istehsaldır

Bakı, 12 iyun, AZƏRTAC

Son 50 ilin statistikası göstərir ki, 2024-cü il üçün hazırlanan “Global Resources Outlook” adlı hesabatda resurslardan istifadənin 3 dəfə, təbii ehtiyatlardan asılılığın və istehsalın isə 4 dəfə artdığı qeyd olunur. Bu da qlobal karbon emissiyalarında 60 faizdən çox artıma səbəb olub. Bu göstəricilər “dairəvi iqtisadiyyat” anlayışının nə qədər vacib olduğunu bir daha təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (ISCEMR-2025) deyib.

O bildirib ki, dairəvi iqtisadiyyata keçid olduqca əhəmiyyətlidir: “Qlobal iqlim danışıqlarında enerji transformasiyası ilə bağlı müzakirələr zamanı bəzən yanlış təsəvvür formalaşır və bu da bəzi ölkələri, xüsusilə mədən sənayesi ilə məşğul olan dövlətləri hədəfə çevirir. Amma statistika göstərir ki, ən çox karbon emissiyası yaradan sahə məhsul və qida zənciri üzrə istehsaldır, bu da təxminən 45 faizə yaxındır.

Burada təkrar istehsal və tullantıların düzgün idarə olunması böyük əhəmiyyət daşıyır. Bunu isə texnologiyasız etmək mümkün deyil. Blokçeyn, süni intellekt və digər müasir texnologiyalar bu sahədə əhəmiyyətli rol oynaya bilər”.

Yalçın Rəfiyev qeyd edib ki, COP29-a ev sahibi ölkə olaraq və ümumi iştirakçı kimi əldə etdiyimiz təcrübələr iqlim dəyişikliyinin kifayət qədər ziddiyyətli bir mövzu olduğunu göstərib: “Xüsusilə də maliyyə məsələlərinə gəldikdə bu ziddiyyətlər artır. Amma burada elmi yanaşma, statistika və sübut əsaslı qərarlar bizə danışıqlarda həmişə çıxış yolu göstərir və ümumi razılıq xətti tapmağa kömək edir.

Burada mən xüsusilə iki vacib prinsipi qeyd etmək istərdim. Birincisi tarixi məsuliyyət prinsipidir. Belə ki, bəzi dövlətlər, xüsusilə də sənayeləşməyə digərlərindən daha erkən başlamış ölkələr qlobal emissiyaların yaranmasında daha çox pay sahibidirlər. Buna görə də onlar müəyyən qədər tarixi məsuliyyət daşıyırlar.

İkinci prinsip isə ümumi, lakin fərqləndirilmiş məsuliyyət prinsipidir. Bu prinsipə əsasən, bütün dövlətlər dərk edir ki, iqlim dəyişikliklərinə qarşı mübarizə ümumi bir məsuliyyətdir. Lakin hər bir dövlətin bu məsələyə başlama nöqtəsi, maliyyə imkanları və məsuliyyət səviyyəsi fərqlidir. Bu fərqlər nəzərə alınaraq ədalətli keçid təmin olunmalıdır”.

 

Seçilən
36
azertag.az

1Mənbələr