AZ

Ukrayna məsələsi G7 ölkələrini parçalayıb

İyunun 15-dən 17-dək Kanadada keçiriləcək sammitdən sonra G7 ölkələri birgə kommünikedən imtina edəcəklər. Buna səbəb ABŞ və qrupun digər ölkələrinin Ukrayna, iqlim dəyişikliyi və digər məsələlərlə bağlı fikir ayrılığı olacaq.

Editor.az xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb. Nəşrin həmsöhbətlərinin fikrincə, G7 ölkələrinin liderləri böyük ehtimalla vahid sənəd əvəzinə liderlərin müxtəlif mövzularda ayrı-ayrı birgə bəyanatlarını dərc edəcəklər.

Mənbələr əlavə edib ki, bu yanaşmaya Kanada nümayəndələri üstünlük verirlər. Belə ki, baş nazir Mark Karni ABŞ prezidenti ilə münasibətlərdəki gərginliyi azaltmağa və ticarət və təhlükəsizlik üzrə danışıqları irəli aparmağa çalışır.
Yekun kommunikenin razılaşdırılması adətən sammit liderləri üçün bir ritualdır. Sənədin hüquqi qüvvəsi yoxdur, lakin o, prinsipləri ifadə edir və qlobal əhəmiyyətli məsələlərdə iştirakçıların birliyini nümayiş etdirir. Ötən ilki sammitin kommünikesində Ukraynaya dəstək, iqlim dəyişikliyi ilə mübarizə və gender bərabərliyinin təşviqi ilə bağlı vədlər yer alırdı.

Xatırladaq ki, 2018-ci ildə Donald Tramp ABŞ-ın 45-ci prezidenti olaraq G-7 sammitindən sonra imzalanan birgə kommünikeni imzalandıqdan bir neçə saat sonra ləğv etmişdi. Ləğvin səbəbi Trampın Kanadanın o vaxtkı baş naziri Castin Trüdonun jurnalistlərə verdiyi şərhləri bəyənməməsi olmuşdu.

//Samir Qurbanov, Editor.az

Seçilən
68
editor.az

1Mənbələr