“Repetitorluğa öz fəaliyyətsizliyi ilə dəstək verən nazirliyin rəhbərliyindən soruşmaq istəyirəm: "Təhsil Qanunu"nda da rəsmın qeyd edilən distant təhsilə qeyri-rəsmi qadağa qoyduğunuz halda, kölgə təhsili olan, ölkə təhsilini iflic edən repetitorluğu müdafiə etməyə Sizi hansı maraqlar vadar edir?..”
Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzindən mediaya 2007-ci ildən bu günə qədər ölkə üzrə 700 bal toplayan 116 nəfərin siyahısı təqdim olunub. Bəs görəsən, reallıqda həmin 116 nəfərin imtahanlarda ən yüksək bal toplamasında orta məktəblərimizin nə qədər rolu olub?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında tanınmış təhsil eksperti İlham Əhmədov aşağıdakıları söyləyib:
“700 bal toplayan şagirdlər orta məktəb təhsili hesabına deyil, repetitor hesabına buna nail olublar. Son 18 ildə 116 nəfər bu göstəriciyə nail olub. Ən çox sayda abituriyent isə 2018-ci ildə 700 ball toplayıb. Həmən ili 29 nəfər belə abituriyentimiz olub. Sonrakı 6 ildə cəmi 3 nəfər 700 ball yığıb. Belə kəskin fərq yaranmasının əsas səbəbi məktəblərdə yeni kurikulumun tətbiqinin nəticəsidir...
Son 25 ildə təhsil islahatları tariximizdə çox uğursuzluqlar olmuşdur, əslində uğurlu heç nə olmayıb təhsildə… 700 ball toplayan 116 abituriyentin arasında 1-2 nəfəri ola bilər ki, repetitor xidmətindən istifadə etməyib, onlar da yəqin ki, müəllim ailəsindən olublar…
Repetitorluq təhsilimizin bəlasıdır. Elm və Təhsil Nazirliyi(ETN) repetitorluğu 30 ildir ki, himayə edir. Sual olunur: bu dövlət qurumu hansı marağa görə "kölgə təhsili" olan repetitorluğu müdafiə edir?..
Bu gün Azərbaycan təhsilinin ən böyük bəlalarından biri də kütləvi hal almış repetitorluq bəlasıdır. Bunu dərk etmək çətin iş deyil. Təəssüf ki, ETN rəhbərliyi bu bəlaya qarşı mübarizə aparmaq əvəzinə, bunu daim müdafiə edir: "repetitorluq dünyanın çox ölkələrində var" kimi təhsil nazirinə yaraşmayan bəhanələr gətirir.
Distant təhsil də dünyanın çox ölkəsində var, bəs bizdə niyə yoxdur? Süni intellekt dövründə distant təhsil texnologiyasının ölkəmizdə qadağan edilməsi absurdluqdur...
Repetitorluğa öz fəaliyyətsizliyi ilə dəstək verən nazirliyin rəhbərliyindən soruşmaq istəyirəm:
"Təhsil Qanunu"nda da rəsmın qeyd edilən distant təhsilə qeyri-rəsmi qadağa qoyduğunuz halda, kölgə təhsili olan, ölkə təhsilini iflic edən repetitorluğu müdafiə etməyə Sizi hansı maraqlar vadar edir? Hər halda bu, milli maraq deyil...
İndi ETN məktəbləri publik hüquqi şəxs etmək istəyir, məktəblər pul qazansınlar. Bu isə dolayısı ilə repetitorluğun rəsmiləşməsi, daha da kütləviləşməsinə səbəb olacaqdır...”
Təqdim etdi: Sultan Laçın