BAKI, TurkicWorld
Kosovo ABŞ-dan deportasiya edilən 50 miqrantı qəbul edəcək.
TurkicWorld xəbər verir ki, Kosovonun istefa vermiş baş naziri Albin Kurti ölkəsinin ABŞ-dan deportasiya ediləcək 50 üçüncü ölkə vətəndaşını qəbul etməyə razılaşdığını bildirib.
Kurti bu barədə öz Facebook hesabında paylaşım edərək, razılaşmanın bir il müddətinə qüvvədə olacağını və ABŞ tərəfindən təqdim edilən siyahı əsasında həyata keçiriləcəyini vurğulayıb.
Kurti Kosovonun Vaşinqtonla əməkdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndirdiyini qeyd edərək, bu addımın ABŞ-a dəstək niyyəti daşıdığını bildirib.
Razılaşma ABŞ-da, xüsusilə Kaliforniyada prezident Donald Trampın sərt immiqrasiya siyasətinə qarşı etirazların davam etdiyi bir dövrdə açıqlanıb.
Qeyd edək ki, bir müddət əvvəl Kosovo və Danimarka da Balkan ölkələrindəki məhkumların qəbulu ilə bağlı müqavilə imzalamışdı. 2008-ci ildə müstəqilliyini elan etmiş Kosovo bu kimi təşəbbüsləri keçmiş Serbiya idarəçiliyinə qarşı mübarizədə ABŞ-ın verdiyi dəstəyə minnətdarlıq jesti kimi təqdim edir.
Kosovo sakinləri ölkələrində ABŞ-ın təsirini açıq şəkildə hiss etdiklərini və ABŞ-ı böyük simpatiya ilə qarşıladıqlarını bildirirlər. Priştinanın əsas küçələrindən biri keçmiş prezident Corc Buşun adını daşıyır, şəhərdə Bill Klintonun heykəli və adına küçə də mövcuddur.