Ali təhsil müəssisələrində yataqxana təminatı tələbələrin sosial rifahı və təhsil keyfiyyətinə birbaşa təsir göstərən əsas amillərdən biridir. Regionlardan və uzaq ərazilərdən ali məktəblərə qəbul olan minlərlə tələbə üçün yataqxana yerləşdirilməsi həm maddi yükün azalması, həm də təhlükəsiz və sabit mühitdə yaşamaq baxımından olduqca vacibdir.
Bəs görəsən, universitetlərin yataqxana yerləri neçə faiz tələbəni əhatə edir?
Mövzu ilə bağlı AzEdu.az universitetlərə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev bildirib ki, zamanında universitetimiz ölkədə ən böyük yataqxana kompleksinə sahib ali məktəblərdən biri olubdur:
“Kompleksimiz 5 binadan və 5 korpusdan ibarət olubdur. Təəssüflər olsun ki, 1990-cı illərin əvvəllərində Ermənistanın ölkəmizə hücumu nəticəsində öz doğma ata yurdndan didərgin düşən keçmiş məcburi köçkünlərimiz yataqxanalarda və bu kimi tikililərdə məskunlaşanda bir hissəsi də bizim yataqxanada məskunlaşıblar. Kompleksin binalarından yalnız 1-i tələbələrin ixtiyarında qalıb.
Son illərdə əsaslı təmir olunaraq tələbələrin ixtiyarına verilib. Həmin yataqxanada cəmi 450 tələbəni yerləşdirə bilirik. Həm qız, həm də oğlan, həmçinin xarici tələbələrimiz binada yerləşdirilir.
AzMİU-nun əsas hədəflərindən biri yataqxana kompleksinin tam gücüylə fəaliyyət göstərib tələbələrin ixtiyarına verilməsidir. Bununla bağlı universitetimiz Elm və Təhsil Nazirliyi ilə birgə maliyyə arayışındadır. Çalışır ki, özəl sektor vasitəsilə və yaxud dövlət proqramı vasitəsilə bu yataqxana probleminin həllini tapsın.
Təbii ki, bu çox maliyyə tələb edən bir sahədir. Buna görə də universitetin təkbaşına bu prosesi sona çatdırmaq gücü yoxdur”.
Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın sözlərinə görə, LDU-da 6216 tələbə təhsil alır:
“Oğlanlar üçün 250, qızlar üçün 160 yerlik yataqxana binası var. BU, tələbələrin 6, 60% ni əhatə edir. Nəzərə alanda ki, tələbələrin əksəriyyəti Lənkərandan və yaxın rayonlardandır, deməli hələlik əlavə yataqxana binasına kəskin ehtiyac hiss olunmur. Bildirim ki, yaxın illərdə tələbə kontigentinin artması ilə əlaqədar yeni yataqxana binaları inşa oluna bilər, zərurət yaranarsa”.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, UNEC-in Bakı şəhərində 5, Zaqatala rayonunda isə 1 tələbə yataqxanası mövcuddur:
"Bakıdakı yataqxanalarda hazırda qaçqın və məcburi köçkünlər məskunlaşdığından, onlar tələbələr üçün fəaliyyət göstərmir. UNEC-in Zaqatala filialının yataqxanası isə əsaslı təmir və yenidənqurma işlərindən sonra müasir standartlara uyğunlaşdırılıb.
Tutumu 73 nəfərdən 155 tələbəyə qədər artırılan bu yataqxana tələbələrin rahat yaşayışı üçün zəruri şəraitlə təmin edilib”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki, ADPU-nun Bakı şəhərində 5 yataqxanası var:
“Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşmışdır. ADPU-nun Akad. Həsən Əliyev küçəsi, 104 ünvanında yerləşən 5 nömrəli yataqxanası isə Universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunur. Bütün otaqlar tam təmirlidir”.
Bakı Slavyan Universitetindən (BSU) verilən məlumata əsasən, hazırda Bakı Slavyan Universitetinin balansında ümumilikdə 4 yataqxana binası mövcuddur:
“Onlardan 3-ü, eləcə də 1 yataqxananın bir hissəsi tam şəkildə məcburi köçkünlərin məskunlaşması üçün istifadə olunur. Yalnız bir yataqxana binasının iki mərtəbəsində universitetin tələbələri yerləşdirilib”.
Xəzər Universitetinin Media üzrə rəhbəri Əlövsət Əmirbəyli söyləyib ki, universitetin yataqxanası 100 yerlikdir.
Azərbaycan Dillər Universitetindən (ADU) verilən məlumata görə, universitetin qızlar yataqxanasında 205 tələbə var:
“Həmçinin kitabxana da fəaliyyət göstərir. Tələbələrin yaşaması üçün bütün zəruri ehtiyaclar təmin olunub”.
Bakı Mühəndislik Universitetindən verilən məlumata görə, universitetdə tələbələrin yataqxana ilə təminatı ən müasir tələblərə cavab verir:
“Oğlan və qızlar üçün 342 nəfərlik iki yataqxana fəaliyyət göstərir. Bütün mərtəbələrdə istirahət və idman guşəsi, dərs çalışma otaqları var. Hazırda BMU-da ümumilikdə 6 minə yaxın tələbə təhsil alır.
Amma bu o demək deyil ki, bu tələbələrin hamısı yataqxanada qalmaq üçün müraciət edir. İndiki halda mövcud yerlər edilən müraciətlərə adekvatdır. Ehtiyac yarandığı təqdirdə gələcəkdə yataqxana ilə təminat məsələsinin genişləndirilməsinə baxıla bilər”.
Bakı Dövlət Universitetindən (BDU) qeyd edilib ki, BDU-nun tələbə Evi 220 nəfərlikdir:
"Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir".
Azərbaycan Tibb Universitetinin (ATU) İcitmaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib ki, universitetin yataqxanası bütün tələbələrin yerləşməsini əhatə edir.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mətbuat katibi Sədaqət Turabova söyləyib ki, universitetimizin özünə məxsus olan yataqxanası yoxdur:
"Müraciət əsasında tələbələr əməkdaşlıq etdiyimiz yataqxanalara yönləndirilir".