Əli Oruclu: “Qərb Paşinyanı Bakıdan ayıraraq xilas etməyə çalışır”
“Ermənistan Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməyibsə, sərhəd necə açılsın?”
Ermənistan parlament sədrinin müavini, İrəvanın Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb. Görüşdə regional hadisələr kontekstində Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında gedən proseslər müzakirə edilib. R.Rubinyan və A.Berse arasındakı müzakirələrdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə də toxunulub.

Politoloq Əli Oruclu "Sherg.az"a açıqlamasında bildirib ki, həm Ermənistan, həm də Qərb institutları çalışırlar ki, İrəvan-Ankara münasibətlərinin normallaşdırılmasını Bakıdan ayırsınlar. Ekspertin sözlərinə görə, bu cür təşəbbüs hələ torpaqlarımız işğal altında olarkən edilmişdi:
"Cenevrədə də Türkiyə-Ermənistan baş diplomatları gizli görüşlər keçirərək ilkin razılıqlar əldə etmişdi. Ardınca "futbol" diplomatiyası işə salındı. Ancaq Bakının ciddi etirazlarından sonra bu cəhdlər fiaskoya uğradı. Qərb və Ermənistan Azərbaycanla sülh sazişini yubadır, Paşinyan iqtidarına daxili və Rusiya tərəfindən basqılar artır. Gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri indiki hakimiyyətin mövcudluğunu sual altına qoyacaq. Odur ki, Qərb Ermənistanı və Paşinyanı xilas etməyə çalışır. Məsələnin məğzi ondan ibarətdir ki, Qərbə inteqrasiya xətti götürən Ermənistan hakimiyyətinə Türkiyə üzərindən nəfəslik və pəncərə lazımdır. Əgər Ermənistan Rusiya bazarlarını və təhlükəsizlik çətirini itirsə, alternativ təminatlar qazana bilməsə, dövlət kimi mövcudluğu mümkün olmaz. Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması və sülh sazişinin mətni tam razılaşdırılsa da, iki vacib şərt yubandığına görə, sənədi imzalamaq mümkün deyil. Yaxın perspektivdə də ehtimal azdır".
Siyasi şərhçi vurğulayıb ki, İrəvan Türkiyəyə qarşı da ərazi iddiasındadır:
"Türkiyənin bir sıra əyalətlərini ermənilər Qərbi Ermənistan hesab edirlər. Konstitusiyalarında da bu öz əksini tapıb. Ermənistanın dövlət gerbində ermənilərin "Ararat dağı" adlandırdığı Ağrı dağının təsviri var. Demək, Ankara ilə İrəvanın münasibətlərinin normallaşması və sərhədlərin açılması üçün yenə də Ermənistan Konstitusiyasının dəyişdirilməsinə və həmin halların aradan qaldırılmasına zərurət var. İndiki ictimai-siyasi gərgin atmosferdə Paşinyan hakimiyyəti buna getməyə risk etmir. Odur ki, xarici partnyorlar vasitəsilə, yəni asan yolla Bakısız Ankara ilə əlaqələrini qurmağa üstünlük verir. Ancaq hesab edirəm ki, bu, absurddur və belə taktiki gediş baş tutan deyil".