Mərkəzi Asiya hazırda dünya güclərinin – Rusiya, Çin və Qərbin – maraqlarının toqquşduğu strateji bir regiona çevrilib. Bu fondda Ukrayna Prezidenti Volodimir Zelenskinin “Rusiyanın növbəti hədəfi Qazaxıstan ola bilər” açıqlaması geniş rezonansa səbəb olub. Bəs bu açıqlama real təhlükəyə əsaslanır, yoxsa siyasi təzyiq vasitəsidir? Hazırkı şəraitdə Qazaxıstanın hədəfə çevrilməsinin səbəbləri nədən ibarətdir və ölkədə etnik toqquşmalar baş verə bilərmi?
Moderator.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, Mərkəzi Asiya uzun illərdir ki, böyük güclərin geosiyasi maraq dairəsində yer alır.
Onun sözlərinə görə, hələ XIX əsrdə bu bölgədə Böyük Britaniya və Rusiya arasında gedən mübarizə “Böyük oyun” adlandırılmışdı:
“ XX əsrdə regionda zəngin neft və qaz yataqlarının aşkarlanması isə onun strateji əhəmiyyətini daha da artırdı. Bununla yanaşı, Mərkəzi Asiyanın həm Rusiya, həm də Çinlə sərhəd bölgədə yerləşməsi bu rəqabəti daha da gücləndirən əsas faktorlardan biridir. Rusiyanın Qazaxıstana qarşı hər hansı tədbir görməsi ehtimalı da istisna edilmir. Tarixə nəzər salsaq, Kreml tərəfindən Qazaxıstana müxtəlif təzyiqlərin tətbiq edildiyini müşahidə edə bilərik. Məsələn, Qazaxıstanın enerji resurslarının Avropaya nəql edildiyi əsas marşrutlardan biri – Xəzər Boru Kəməri Konsorsiumu (Caspian Pipeline Consortium – CPC) – Rusiya ərazisindən keçir. 2022-ci ildə bu kəmərin Rusiyadan keçən hissəsində baş verən qəza təsadüfi yox, təzyiq vasitəsi kimi dəyərləndirilmişdi. Eyni zamanda, həmin il Qazaxıstanda baş verən iğtişaşlar zamanı Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xətti ilə bölgəyə hərbi kontingent göndərdi. Bu da göstərdi ki, Moskvanın regionda təsir imkanları hələ də mövcuddur. Bütün bu məqamlar onu göstərir ki, Rusiya üçün Qazaxıstan strateji əhəmiyyətə malik dövlətdir. İki ölkə arasında uzun və geniş bir sərhəd mövcuddur. Belə bir vəziyyətdə Rusiya çalışacaq ki, Qazaxıstanı öz nüfuz dairəsində saxlamağa davam etsin və bu ölkəni Qərbə yaxınlaşdıracaq addımları minimuma endirsin..”.
Politoloq qeyd edib ki, Qazaxıstanın neft və qaz ehtiyatları, eləcə də strateji yerləşməsi Rusiyanın maraqları baxımından həyati əhəmiyyət daşıyır:
“Buna görə də Rusiya heç bir halda Qazaxıstanı itirmək istəməz. Lakin son zamanlar bu ölkədə fərqli siyasi xəttin formalaşdığının şahidi oluruq. Aydın görünür ki, Qazaxıstan müstəqil dövlətdir və öz milli maraqlarına uyğun siyasət yürüdür. Qazaxıstanın Qərblə münasibətləri inkişaf etdirmək yönündə atdığı addımlar, xüsusilə Avropa İttifaqı ilə yaxınlaşma cəhdləri və bir neçə gün öncə Böyük Britaniya ilə hərbi planlaşdırma sahəsində imzalanan əməkdaşlıq sazişi, şübhəsiz ki, Rusiyanın bəyənmədiyi məqamlardandır. Bu kimi proseslər Rusiya üçün Qazaxıstana qarşı müxtəlif təzyiq alətlərindən yenidən istifadə etmək imkanı yarada bilər. O ki qaldı ölkədə etnik toqquşmaların baş verməsi ehtimalına, bu mərhələdə belə bir ssenarinin reallaşacağı inandırıcı görünmür. Hazırda Qazaxıstanda nisbi sabitlik mövcuddur, ölkə daxilində inkişaf müşahidə olunur. Buna görə də yaxın perspektivdə etnik zəminli qarşıdurmaların baş verəcəyi real görünmür. Lakin gələcəkdə xarici qüvvələrin təsiri ilə istənilən ssenari mümkündür. Bu baxımdan, Qazaxıstan milli maraqları çərçivəsində bütün ehtimalları nəzərə almalı, mümkün təhlükələri əvvəlcədən müəyyənləşdirib zərərsizləşdirməlidir. Bu günə qədər Qazaxıstanın bu istiqamətdə düzgün addımlar atdığı müşahidə olunur”.
Mehin Mehmanqızı