Amerikalı biznesmen Con Tekstor "Kristal Pelas"dakı payını satmağa hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Tekstor klubdakı 43 faizlik payını digər həmsahiblər Coş Harris və Deyvid Blitserə 175 milyon funt sterlinq qarşılığında təklif edib.
Tekstor eyni zamanda Avropa Liqasının daha bir iştirakçısı olan Fransanın "Lion" klubunun da nəzarətçi səhmdarıdır. UEFA-nın qaydalarına əsasən, bir investor eyni vaxtda avrokuboklarda iştirak edən iki və ya daha çox klub üzərində nəzarəti əlində saxlaya bilməz.
"Kristal Pelas" UEFA-ya Avropa Liqasında iştiraka dair yekun mövqeyini 24 iyuna qədər təqdim etməlidir. Qurumun bu məsələ ilə bağlı son qərarı 30 iyuna qədər açıqlanacaq.