"Samsung Electronics" və "Nvidia" robototexnika sahəsində fəaliyyətini genişləndirmək məqsədilə ABŞ-da yerləşən “Skild AI” startapına sərmayə yatıracaq.
Valyuta.az xəbər verir ki, "Samsung" 10 milyon, "Nvidia" isə 25 milyon ABŞ dolları həcmində investisiya ayıracaq. Bu vəsaitlər startapın 4,5 milyard dollar dəyərləndirilən “B” mərhələli maliyyələşdirmə raundu çərçivəsində yönləndirilir. İnvestisiya raunduna isə 100 milyon dollarla "SoftBank Group" rəhbərlik edir.
Məlumatda deyilir ki, "Samsung" bu addımı həm sahədəki digər Koreya şirkətləri – "LG", "Hanwha" və "Mirae Asset"lə rəqabətdə mövqeyini qorumaq, həm də “Skild AI”nin potensialını yaxından izləmək məqsədilə atır.
“Nvidia” isə “fiziki süni intellekt” (robotlar və avtonom texnologiyalar) sahəsini gələcək gəlir mənbəyi kimi görür və bu istiqamətdə çip, proqram təminatı və xidmətlər təklif edir.
Hazırda "Samsung" robot tozsoranlar istehsal etsə də, humanoid robotlar və ağıllı cihazlar üzrə planlar qurur.
Sərvanə Rəmixanova