Bildiyimiz kimi yeni qaydalara əsasən, Bakıda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır. Bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir.
Yeni qayda sərnişin və sürücülərə necə təsir edəcək?
Bəs bu yerlərin avtobus zolaqlarında təşkil olunması avtobusların hərəkətinə mane törədə bilərmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Operativ Media-ya açıqlama verib:
“Minib-düşmə məntəqələri həm sürücülərin, həm də sərnişinlərin rahatlığı üçün həyata keçirilib. Bilirik ki, bu gün bizdə, ölkədə olan taksi sistemi bu cür yanaşmanı tələb edir. Və biz görürük ki, belə məntəqələrin yaradılması effektivdir. Lakin həm sürücülər həm də sərnişinlər bilməlidirlər ki, bu məntəqələr gözləmə məntəqəsi deyil. Sürücü orada maşını saxlayıb sərnişini gözləməməlidir. Sərnişin əvvəlcədən orada olmalı və taksini sifariş etməlidir. Və yaxud da enmək üçün sərnişin taksi ilə gəlib orada enə bilər.
Bu qayda bütün avtobus zolaqlarına şamil edilmir. Məsələn Yusif Səfərov küçəsində xəstəxanalar var. Xəstəxalara yaxın ərazidə təşkil olunub ki, gəlib-gedən vətəndaşlar orada taksi sifariş edə bilsinlər.
Bura minib-enmə məntəqəsidir. Dayanacaq deyil. Ona görədə avtomobillərin uzun müddət dayanmayacağına görə düşünmürəm ki, avtobuslara mane olsun.
Bu layihələr şəhər mobilliyi, mobilliyin transformasiyası layihəsi çərçivəsində həyata keçirilir. Və əsas məqsəd şəhər mühitində hər kəs üçün hərəkətin sərbəst olmasını təmin etməkdir”.