Texnologiyanın başgicəlləndirici sürətlə inkişaf etdiyi XXI əsr cəmiyyətləri bir tərəfdən informasiya bolluğu və qlobal inteqrasiya şəraitində müasirliyə doğru irəliləyərkən, digər tərəfdən əsrlərlə formalaşmış mənəvi dayaqların, xüsusilə də ailə institutunun ciddi təzyiqlərlə üzləşdiyinin şahidi oluruq. Bu, təkcə sosial strukturun deyil, bütövlükdə milli kimliyin və cəmiyyətin sabitliyinin zəifləməsinə yol açan təhlükəli tendensiyadır.
Bu kontekstdə Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlunun Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasında səsləndirdiyi fikirlər aktuallığı ilə diqqət çəkib.
Kiprli nazir vurğulayıb ki, sosial təcrid, ailədaxili münasibətlərin səthiləşməsi və fərdiləşmənin artması ailə institutunu zəiflədir, cəmiyyəti kökündən silkələyir: “Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə ailənin təməlinin zəiflədiyinin şahidi oluruq. Sosial təcrid, ailədaxili münasibətlərin səthiləşməsi və fərdiləşmənin artması ailə institutuna birbaşa təsir göstərir”.
Nazir vurğulayıb ki ki, xüsusilə ailə dəyərlərinə zidd düşüncələrin yayılmasının qarşısını almaq vacibdir:
“Rəqəmsallaşmanın gətirdiyi mənfi təsirləri azaltmaq, ailə münasibətlərini texnologiyanın təsirindən qorumaq üçün spesifik strategiya hazırlanır. Eyni zamanda, uşaq sahibi olmağı təşviq edən modellər üzərində işləyirik. Gənc ailələrin uşaq sahibi olmasını dəstəkləmək üçün maddi və psixososial dəstək mexanizmləri tətbiq edirik. Qadınların həm güclü iş qadını, həm də fədakar ana ola bilmələri üçün uyğun sosial siyasətlər həyata keçiririk. Onların iş həyatında irəliləmələri ilə ailə həyatında balans yaratmaları üçün dəstək proqramları mövcuddur”.
Sadık Qardiyanoğlu qeyd edib ki, bütün dünyada son 5 ildə boşanma hallarının sayının əhəmiyyətli dərəcədə artması müşahidə olunur.
“Bu artım yalnız ailə institutuna deyil, həm də cəmiyyətin iqtisadi və psixoloji dayanıqlılığına mənfi təsir göstərir. Buna görə də ailə münasibətlərinin möhkəmləndirilməsinə yönəlik preventiv və bərpaedici siyasətlər hər kəs üçün prioritet sahələrdəndir”.

Müasir dövrdə texnologiyanın sürətlə inkişafı bir tərəfdən həyat şəraitini və imkanları genişləndirsə də, digər tərəfdən ailə institutuna ciddi təsirlər göstərir.
Mövzunu şərh edən professor Əhməd Qəşəmoğlu “Sherg.az”a açıqlamasında ailədaxili münasibətlərin mənəvi və mənəviyyat yönlü inkişafına, ailənin tərbiyəvi funksiyalarına, bütövlükdə milli-mənəvi dəyərlərin qorunması və sosial-mədəni koordinasiyanın vacibliyinə toxunub. O, texnoloji inkişafın zəruriliyini inkar etmədən, bu inkişafın insan və ailə dəyərlərindən üstün tutulmasının təhlükələrini vurğulayıb:
“Rəqəmsallaşma informasiya əlçatanlığını artırsa da, ailədaxili münasibətlərdə ünsiyyətin azalması, uşaqların real ailə mühitindən çox virtual məkanda böyüməsi, fərdiləşmə və yadlaşma kimi proseslər ailənin təməlini zəiflədir. Ailə yalnız qan qohumluğu və birgəyaşayış məkanı deyil, eyni zamanda insanın şəxsiyyət kimi formalaşdığı, dəyərləri öyrəndiyi və mənəvi inkişaf keçdiyi əsas məktəbdir. Lakin bu gün gənclər və uşaqlar daha çox virtual məkanda vaxt keçirdikcə ailə daxilində qarşılıqlı münasibət zəifləyir, mənəvi ünsiyyət azalır. Bu da ailənin funksional bütövlüyünə mənfi təsir göstərir.
Real münasibətlərdə uzaqlaşma, yadlaşma və fərdiləşmə meyilləri güclənir. Texnologiyanın sosial münasibətlərə təsiri ailədaxili ünsiyyətin zəifləməsi, ailə üzvləri arasında emosional bağların solğunlaşması və fərdlər arasında təcridolma hallarının artması ilə müşayiət olunur. Rəqəmsal asılılıq və fərdiləşmə meyilləri xüsusilə yeni nəsil ailələrdə birgə vaxt keçirmə, qarşılıqlı anlayış və dəyər paylaşımı kimi əsas elementləri kölgədə qoyur. Bu da ailənin sosial institut kimi funksiyalarının zəifləməsinə gətirib çıxarır”.
Ə.Qəşəmoğlu hesab edir ki, ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi üçün təkcə texnologiyanın tənzimlənməsi deyil, ailədaxili mənəvi münasibətlərin, qarşılıqlı sevgi, hörmət və məsuliyyətin bərpası əsas şərtdir. Ailədə mənəvi tərbiyə, qarşılıqlı anlayış və dəyər paylaşımı güclü olduqda, texnologiyanın yaratdığı mənfi təsirlərin qarşısı alına bilər.
Professorun fikrincə, boşanma hallarının artması, ailə münasibətlərinin dayanıqsızlaşması və doğum səviyyəsinin aşağı düşməsi bu sosial dəyişikliklərin birbaşa nəticəsidir. Bu isə artıq təkcə ailə səviyyəsində deyil, milli və demoqrafik miqyasda ciddi təhlükələr yaradır.
Sosioloq həmçinin qeyd edib ki, ailə dəyərlərinin müasir çağırışlara uyğun yenidən formalaşdırılması, həmçinin rəqəmsal mühitin ailə həyatına inteqrasiyasının tənzimlənməsi vacibdir: “Yaranmış vəziyyətə sadəcə nostalji yanaşmalarla deyil, strateji baxışla yanaşmaq zəruridir. Ailə dəyərlərinin müasir çağırışlara uyğun şəkildə yenidən formalaşdırılması, eyni zamanda rəqəmsal texnologiyaların ailə həyatına inteqrasiyasının normativ şəkildə tənzimlənməsi aktual ehtiyacdır. Bu, nə texnologiyanı tamamilə rədd etmək, nə də ailəni modernləşdirmədən qorumağa çalışmaq deyil. Əksinə, müasir ailə modeli dəyərlərlə texnologiyanın vəhdətində qurulmalıdır.
Dövlətlərin ailə institutunu qorumaq məqsədilə psixososial dəstək, gənc ailələrə maddi yardım, qadınların sosial və ailə rollarının uzlaşdırılması üçün siyasətlərin hazırlanması son dərəcə əhəmiyyətlidir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının bu sahəyə diqqət ayırması və ortaq yanaşmalar axtarması sosioloji baxımdan müsbət tendensiyadır. Ailə siyasəti artıq yalnız sosial müdafiə müstəvisində deyil, milli təhlükəsizlik kontekstində qiymətləndirilməlidir. Dünyanın inkişaf etmiş ölkələri ailə institutunu qorumaq üçün milli proqramlar və sosial müdafiə paketləri hazırlayırlar”.