AZ

Məşhur maşın alverçisindən ŞOK DƏLƏDUZLUQ - 250 min manatdan çox... - VİDEO, FOTO

Tanınmış avto-bloger Elvin Hüseynov barəsində dələduzluq iddiaları – Onlarla şəxs aldadıldığını bildirir

Avtomobil alqı-satqısı ilə məşğul olan, sosial şəbəkələrdə tanınan avto-bloger və “Avtobazar MMC” şirkətinin rəhbəri Elvin Hüseynov barəsində ciddi iddialar irəli sürülüb. Onlarla vətəndaş blogeri dələduzluqda ittiham edir.

Musavat.com-a danışan zərərçəkmişlərdən biri olan Fuad Nəcəfov bildirib ki, Elvin Hüseynov ondan avtomobil gətirmək adı ilə pul alıb, lakin nə avtomobil gətirilib, nə də vəsait geri qaytarılıb:

“Elvin Hüseynovu sosial şəbəkələrdən tanıyırdım. Xaricdən maşın gətirməklə məşğuldur, “Avtobazar MMC” adlı şirkəti var. Biz də bu məqsədlə ona müraciət etdik. O, Dubayda olduğunu, Bakıda təmsilçisinin – İlkin Əzimovun bizimlə görüşəcəyini dedi. Ofisdə görüşdük, müqavilə bağladıq. Martın 22-də şirkətə 6900 dollar köçürdük, əvvəlcədən də 250 manat beh ödəmişdim. Bütün bu dediklərimin yazılı, fotolu və videolu sübutu var. Bizə dedilər ki, 2-3 həftəyə maşın gətiriləcək.

Ancaq aylar keçdi, nə avtomobil gəldi, nə də pulumuz qaytarıldı. Müqaviləyə əsasən, maşın vaxtında çatdırılmasa, ödəniş geri qaytarılmalı idi. Amma bu da icra olunmadı. Dəyən zərərim 12 min manatdır. Ümumilikdə 20-dən çox şəxsə 300-400 min manat ziyan dəyib. Hazırda Xətai rayon 37-ci Polis Bölməsində cinayət işi açılıb, araşdırma aparılır”.

Zərərçəkmişlər deyir ki, eyni avtomobil bir neçə alıcıya göstərilərək, vaxt qazanmağa çalışılıb. Eyni zamanda, sosial şəbəkələrdə köhnə videolar yeni kimi paylaşılaraq reklam fəaliyyəti davam etdirilir.

Məsələ ilə bağlı Elvin Hüseynovla əlaqə yaratmaq istəsək də, bloger zənglərimizi cavabsız qoydu. O, ittihamlara sosial şəbəkə üzərindən münasibət bildirib və yayılan məlumatların məqsədli kampaniyanın tərkib hissəsi olduğunu deyib:

“12 ildir Azərbaycan xalqına ucuz avtomobillərlə xidmət edən Elvin Hüseynov bu dəfə monopolistlərin hədəfindədir. Mənim arzum hər zaman xalqımızın münasib qiymətə sağlam avtomobil sürməsi olub. Bu yolda çox adamla düşmən olmuşam. Dəfələrlə avtomobil satan avtosalonlar və rəsmi dilerlər məni hədələyiblər. Avtosalonlar hər maşında 10-20 min manat gəlir əldə edirlər. Mən bu sistemin qarşısında durmuşam. Bu da bəzilərinin maraqlarına toxunub”.

Gecikmiş sifarişlərlə bağlı yayılan xəbərlərə də münasibət bildirən Hüseynov prosesin onun nəzarətindən kənar baş verdiyini bildirib:

“Bütün bunlar planlı təxribatdır. Aldığım avtomobillər bəzi xarici ölkələrdə əsassız olaraq saxlanılıb. Bu məsələ ilə bağlı adı çəkilən ölkələrdə rəsmi şəkildə şikayət olunub və cinayət işinin açılmasına nail olmuşam.

Hazırda qeyd olunan məsələ ilə bağlı 14 aprel tarixində şirkətimizin rəsmi hesabında video şəklində məlumat paylaşmışıq. Maraqlanan şəxslər daxil olub baxa bilər. İran ərazisində bir çox avtomobillər saxlanılıb və 7 avtomobil ümumiyyətlə ölkəyə buraxılmayıb. Biz bu barədə hər kəsdən əvvəl rəsmi açıqlama vermişik”.

O, bu kimi fors-major halların digər şirkətlərin də başına gəldiyini qeyd edib:

“Oxşar fəaliyyət göstərən istənilən şirkətdə belə hallar ola bilər. Misal üçün, Sənan Əsədzadəyə məxsus şirkətdə 200-dən çox avtomobil Dağıstan sərhədində qalmış və bu proses 6 ay çəkmişdi. Bu zaman ya avtomobil, ya da sığorta məbləği müştəriyə qaytarılır. Biz də eyni qaydada prosesi idarə edirik”.

Elvin Hüseynov iddia edir ki, ona qarşı məqsədli qarayaxma kampaniyası aparılır və bu kampaniya arxasında bəzi rəqib şirkətlər dayanır:

“Şirkətimizə qarşı böhtan xarakterli kampaniyanı yayanlar barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət ediləcək. Hazırda şirkətimizə qarşı hər hansı məhkəmə qərarı yoxdur, sadəcə araşdırma gedir və bu, tamamilə normal prosedurdur.

Müştərilər öz sübutlarını təqdim etdiyi kimi, biz də şirkət olaraq sənədlərimizi təqdim etmişik. Ən əsası odur ki, bu vəziyyətdən bəzi rəqib şirkətlər və onların trolları istifadə edərək sosial şəbəkələrdə qarayaxma aparır. Bəzi şəxslər məsələni bilmədən paylaşımlar edirlər. Bütün böhtan xarakterli yazıların ekran görüntülərini saxlayırıq. Bu şəxslər vahid bir mərkəzdən idarə olunur. Azərbaycanda bizim bazarda olmamızı istəməyən dairələr var”.

O, haqqında yayılan xəbərlərin sifarişli olduğunu və bəzi media qurumlarının pulla onun əleyhinə yazılar yaydığını bildirib:

“Bu gün hər hansı bir xəbər saytına və ya “Facebook” blogerinə 1000 manat versələr, bir ay gecə-gündüz məni qaralayarlar. Qoy qaralasınlar – xalqın gözü tərəzidir”.

Elvin Hüseynov ona qarşı təxribat olduğunu desə də, redaksiyamıza təqdim edilən videoda bloger başqa məsələlərdən danışır.

O, müqavilə bağladığı, amma maşınını təhvil vermədiyi şəxsə bildirir ki, problem Dubayda onunla çalışan iş ortaqlarına görə yaranıb. Orada yaranan anlaşmazlıq, daha çox pul tələb etmə məsələlərinə görə maşınların ölkəyə gəlişi gecikir. Amma şikayətçilərə onların maşınlarının sənədini, görüntüsünü təqdim edə bilməyib. Bəzi şikayətçilərə isə pullarını çox kiçik hissələrlə qaytaracağına söz verib.

Qeyd edək ki, hüquq-mühafizə orqanları məsələni araşdırır. Zərərçəkmişlərin iddiaları hüquqi müstəvidə qiymətləndiriləcək. Hadisənin nəticələri və hüquqi məsuliyyətin kimlərin üzərinə düşəcəyi isə istintaqın gedişindən sonra məlum olacaq.

Məhəmməd Türkmən
Musavat.com

Seçilən
7
3
musavat.com

4Mənbələr