Bakıda Azad Mirzəcanzadə İnkişaf Proqramının ikinci dalğasının Orientasiya Günü keçirilib.
“Report” xəbər verir ki, çıxış edən proqramın direktoru Leyla Seyidzadə ikinci dalğa iştirakçılarının iyun ayının sonuna qədər layihə ideyalarını yekunlaşdırmalı olduğunu və daha sonra üç ay ərzində onların reallaşdırılması üzərində işləyəcəklərini bildirib.
Direktorun sözlərinə görə, bu müddət ərzində onlar mentor və ekspert dəstəyi ilə təmin olunacaqlar.
Çıxışın ardınca Azad Mirzəcanzadə İnkişaf Proqramının məqsəd və imkanlarının təqdimatı ilə yanaşı, tanışlıq sessiyaları və komanda məşğələləri keçirilib.
Həmçinin iştirakçılar, mentorlar və ekspertlər arasında davamlı əlaqə yaradacaq “Notion” əsaslı rəqəmsal platforma təqdim olunub.
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Xarici Tələbələrlə İş Mərkəzinin rəhbəri Səbinə Əliyeva “Azad Mirzəcanzadənin irsi: dəyərlər və elmdə qoyduğu izlər”, “Uğur Yolu” Etik Liderlik İnkişaf Mərkəzinin təsisçisi Vüqar Sadıq isə “Fərdi sosial məsuliyyət, ümumi rifah və etika” mövzusunda təqdimatla çıxış ediblər.
Günün ikinci yarısında isə “Şəxsi brendinq və şəxsi məsuliyyət” mövzusunda təşkil edilən panel müzakirəsi baş tutub. Müzakirədə Azad Mirzəcanzadənin yetirmələri və öz sahəsində uğur qazanmış peşəkar mütəxəssislər təcrübələrini bölüşüblər.
Paneldə şəxsi məsuliyyət, liderlik potensialının inkişafı, brendinq və şüurlu karyera quruculuğu barədə fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildirək ki, Azad Mirzəcanzadə İnkişaf Proqramı gənclərin liderlik bacarıqları, komanda işi və layihə düşüncə tərzini inkişaf etdirmək məqsədilə həyata keçirilir.
Proqram iştirakçılara müasir dövrün real çağırışlarına cavab verən möhkəm şəxsi və peşəkar baza formalaşdırmağa, fərdi sosial məsuliyyətini artırmağa və cəmiyyətin müsbət dəyişikliklərinə fəal şəkildə qatılmağa kömək edir.
Proqramda ölkənin müxtəlif bölgələrindən gənclər təmsil olunur. Belə ki iştirakçıların 40%-i Bakını əhatə etməyən regionlardan olub. Onların sırasında Lənkəran, Qazax, Naxçıvan, Gəncə, Füzuli və digər şəhərlər yer alır.