AZ

Fundamental tədqiqatlar müəllifi İqtisad elmləri doktoru, professor Nazim İmanovun 70 illiyinə

525.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan iqtisadiyyatının sahələrində, əsasən də bazar münasibətlərinə keçid, sonrakı inkişaf mərhələlərində, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın sahələrinin infrastrukturlarına dəymiş zərərlərin müəyyən edilməsi, qiymətləndirilməsi sahəsində əsaslı tədqiqatlar müəllifi, iqtisad elmləri doktoru, professor Nazim İmanovun (Müzəffərli) hazırladığı müvafiq metodika, alınmış nəticə və təkliflər mütəxəssis hazırlığının müxtəlif pillələri üçün tədris-metodik işlərinin işlənilməsində, iqtisad üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramı çərçivəsində yerinə yetirilən dissertasiya işlərinin mövzularının müəyyənləşdirilməsi və tədqiqatın aparılmasında aktual istiqamətlər olaraq geniş tətbiq olunur və xüsusi əhəmiyyətə malikdir.

70 illik həyat yolunda professor Nazim İmanov elm-təhsil sahəsində araşdırmalar aparıb, pedaqoji fəaliyyət göstərib, Azərbaycanda və xarici ölkələrdə keçirilən beynəlxalq forumlarda müstəqil dövlətimizin milli iqtisadi proqramlarının və inkişaf prioritetlərinin işlənilməsində, müzakirəsi və həyata keçirilməsi prosesində iqtisadçı alim kimi daimi innovativ təkliflərlə fəal iştirak edib.

Nazim İmanov elmi araşdırmaları ilə yanaşı, eyni zamanda Azərbaycanın müstəqillik dövründə iqtisadi islahatların nəzəri əsaslarının işlənilməsi prosesinin formalaşmasının ictimai-siyasi proseslərdə nəzərdən keçirilməsinə, müzakirəsinin təşkil olunmasına hərtərəfli dəstək verən iqtisadçı alim və Milli Məclisin fəal deputatı olub. 1990-cı illərin mürəkkəb və ziddiyyətli ictimai-siyasi mühitində onun irəli sürdüyü elmi yanaşmalar yalnız akademik dairələrdə deyil, dövlət idarəçiliyində və siyasi debatlarda da ciddi maraq doğurub. Alimin elmi araşdırmalarının və ictimai fəaliyyətinin əsasını elm-təhsil sahəsində milli inkişaf konsepsiyası və strategiyasında nəzərdə tutulan strateji hədəflərə dair konseptual yol xəritəsi təşkil edir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznes iqtisadiyyatı və menecment kafedrasının müdiri kimi mən uzun illərdən bəri bir çox intellektual müzakirələrdə Nazim müəllimlə daimi təmasda olmuşam. Şübhəsizdir ki, bu yazı da mənim həmkarım, iqtisadçı alim haqqında təəssüratlarımın və müşahidələrimin ümumiləşdirilmiş formasını əks etdirir.

Qeyd etmək lazımdır ki, alim və ziyalı obrazını yalnız elmi titullar və ictimai vəzifələr deyil, həm də şəxsin vətəndaş mövqeyi və fəaliyyət istiqamətləri müəyyənləşdirir. Nazim İmanov həm intellektual şəxsiyyət, həm milli təəssübkeş, həm də cəmiyyətin yetişdirdiyi yüksək potensiallı elm-təhsil mütəxəssisi olaraq dəyərləndirilir.

Nazim İmanovun anadan olduğu 1955-ci il Azərbaycan SSR tarixində yalnız siyasi sabitlik deyil, həm də elmi və təhsil sisteminin keyfiyyətcə yeni bir mərhələsi kimi xarakterizə olunur. 1970-ci illərdə Azərbaycanda milli kadrların formalaşdırılması Ümummilli lider Heydər Əliyevin əsas prioritetlərdən biri kimi ölkənin intellektual potensialını artırmaq, iqtisadiyyat və digər sahələr üçün yüksək ixtisaslı milli mütəxəssislər yetişdirmək məqsədilə mühüm tədbirlər həyata keçirməsi ilə səciyyələnir. Bu tədbirlərin nəticəsində ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələri ixtisaslı mütəxəssislərlə təmin edildi. Bu dövrdə təhsil alan Nazim İmanov kimi gənclər sonradan ölkənin iqtisadi və elmi inkişafında aparıcı mütəxəssislər kimi yetişdilər və müstəqillik dövründə milli kadrlar olaraq elm-təhsil-istehsalat sahəsində səmərəli fəaliyyət göstərdilər.

Gənc nazim İmanov 1972-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olur və iqtisadiyyat ixtisası üzrə təhsil almağa başlayır. Bu illərdə təhsil sahəsində əldə etdiyi yüksək göstəricilərə görə Karl Marks adına xüsusi təqaüdlə mükafatlandırılır. 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib elmlə ciddi şəkildə məşğul olmağa başlayır. 1976-cı ildə Şərqi Avropa ölkələrinin iqtisadçı tələbələri arasında Bratislava şəhərində keçirilən beynəlxalq elmi müsabiqədə onun elmi məruzəsi birinci yerə layiq görülür, elmi araşdırması beynəlxalq tədbirdə yüksək qiymətləndirilir. Bu nailiyyət gənc tədqiqatçını sonrakı elmi araşdırmalara həvəsləndirir. Elmə yanaşması və həvəsi gənc tədqiqatçının Azərbaycan SSR Dövlət Plan Komitəsi nəzdindəki İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində fəaliyyətə başlamasına səbəb olur. Bu institut o dövrdə ölkənin iqtisadi planlaşdırma siyasətinin nəzəri bazasının formalaşdırılmasında mühüm rol oynayan bir elmi mərkəz idi. Gənc tədqiqatçı bu institutda ölkədə planlaşdırma iqtisadiyyatından keçid iqtisadiyyatına qədər geniş bir elmi araşdırma aparıb, tədqiqat aparmaq təcrübəsinə nail olub.

Nazim İmanov 1983-cü ildə AMEA İqtisadiyyat İnstitutunda namizədlik və 1990-cı ildə Moskva şəhərində İctimai Elmlər Akademiyasında doktorluq dissertasiya işlərini müdafiə edib, Azərbaycan və region miqyasında aparıcı iqtisadçı alim kimi ölkə iqtisadiyyatının prioritet istiqamətləri üzrə daha geniş və şaxələndirilmiş araşdırmalar aparmağa başlayib. Onun erkən təhsil və elmi formalaşma dövrü həm nəzəri iqtisadiyyat sahəsində möhkəm zəmin yaradıb, həm də gələcəkdə Azərbaycanın iqtisadi mühitində fundamental dəyişikliklərə nəzəri töhfələr verəcək bir alim, vətəndaş kimi yetişməsində mühüm amil olub.

1980-ci illərin sonlarından başlayaraq Nazim İmanov iqtisadi nəzəriyyədə araşdırmaları ilə diqqəti cəlb etməyə başlayıb. 1988-ci ildə onun hazırladığı "Təbiətdən istifadə ilə bağlı iqtisadi münasibətlər" monoqrafiyası Azərbaycan komsomolunun mükafatına layiq görülüb. Qeyd etmək lazımdır ki, monoqrafiya o dövrdə iqtisad elmində kifayət qədər yenilikçi iqtisadi yanaşmanı - resursların idarə olunmasında səmərə və məsuliyyət balansını - təhlil edən ilk tədqiqatlardan biri kimi dəyərləndirilirdi.

1990-cı illərin əvvəllərində - Azərbaycan müstəqilliyini bərpa etdiyi mərhələdə siyasi və iqtisadi transformasiyalar N.İmanovun elmi araşdırmalarında yeni yanaşma və istiqamətlərin əsaslarını formalaşdırdı. Bu mürəkkəb proseslərdə Nazim İmanov yalnız tədqiqatçı iqtisadçı alim deyil, həm də ölkədə aparılan islahatların elmi əsaslarını hazırlayan mütəxəssis kimi bu proseslərdə fəal iştirak etməyə başladı. Onun rəhbərliyi ilə hazırlanan "Azərbaycan Respublikasının bazar iqtisadiyyatına və tam iqtisadi müstəqilliyə keçidi Proqramının Konsepsiyası" müstəqillik dövrünün zəruri strateji istiqaməti kimi 1992-ci ildə H.Z.Tağıyev adına milli mükafata layiq görüldü, elmi və dövlət strukturları tərəfindən yüksək qiymətləndirildi. Onun müəllifi olduğu "İqtisadiyyatın sosialyönlüyü sağçı və solçu sistemlərdə" adlı monoqrafiya da mühüm nəzəri irəliləyiş kimi dəyərləndirilir. Burada müəllif iqtisadiyyatın dövlət tərəfindən tənzimlənmə səviyyəsinin ölçülməsi üçün yeni metodologiya irəli sürüb. Müəllifin təklif etdiyi İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksi əsasında, AMEA İqtisadiyyat İnstitutunda 2015-ci ildən başlayaraq "Dövlətin iqtisadiyyatı tənzimləməsi səviyyəsinin qiymətləndirilməsi" adlı illik hesabatlar hazırlanır və bu metodologiya ölkənin elmi mühitində ilk dəfə olaraq dövlətin iqtisadiyyatda iştirak səviyyəsini kvantlaşdırılmış, müqayisəli göstəricilər əsasında təhlil etməyə imkan verir.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Professor Nazim İmanovun apardığı elmi araşdırmalar Azərbaycanda və beynəlxalq elmi strukturlarda xüsusi maraq yaradıb. "Azərbaycanın post-konflikt ərazilərinin bərpası" adlı monoqrafiyası Bakı, London, Brüssel, Vaşinqton və Moskvanın müvafiq elm və innovativ mərkəzlərində təqdim olunub, mütəxəssislər, alimlər, siyasətçilər və ekspertlər tərəfindən müzakirə edilərək yüksək dəyərləndirilib.

Alim apardığı araşdırmalar nəticəsində yeddi monoqrafiya, yüzdən artıq elmi məqalə nəşr etdirib. O, eyni zamanda iqtisadi fəlsəfə, dövlətin tənzimləyici rolu, bazar münasibətlərinin sosial ölçüləri mövzuları istiqamətində Elm, Təhsil və İstehsalatın koordinasiyasının prioritetləri üzrə tədqiqatlar aparır. Bu tədqiqatlar iqtisadiyyatın bütün sahələrində olduğu kimi, təhsilin bütün səviyyələrində mütəxəssis hazırlığında da mühüm əhəmiyyətə malikdir. Eyni zamanda onun elmi araşdırmaları və yanaşmaları, xüsusilə də iqtisadiyyatın sosial yönümlü modelinə dair fikirləri müasir mərhələdə prioritet istiqamət olub gənc araşdırmaçılar üçün aktual tədqiqat istiqamətləridir. Nazim İmanov AMEA İqtisadiyyat İnstitutunun direktoru, "Elmi əsərlər" jurnalının baş redaktoru kimi iqtisad elminin aktual problemlərinə, gənclərin elmi tədqiqatlara cəlb olunmasına, elmi araşdırmalar aparmasına və elmi əsərlərinin nəşrinə daim dəstək verir. Onun təşəbbüsü və dəstəyi ilə Elm və Təhsil müəssisələrində, eyni zamanda istehsalatda fəaliyyət göstərən mütəxəssislərin iştirakı ilə müasir iqtisadiyyatın problemlərinə həsr olunmuş respublika və beynəlxalq elmi-praktik konfranslar, elmi seminarlar təşkil edilir, məruzələrin nəşri təmin olunur. Bu isə Azərbaycan iqtisad elminin qlobal səviyyədə tanıdılmasında, beynəlxalq bazalarda yerləşdirilməsində və dəyərləndirilməsində mühüm əhəmiyyətə malikdir. Bu fəaliyyət istiqamətləri professor Nazim İmanovu iqtisadi elmin milli və beynəlxalq səviyyədə inkişafına həm nəzəri, həm də tətbiqi səviyyədə mühüm töhfələr verən aparıcı iqtisadçı alim kimi elm və təhsil ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilməsinə səbəb olub.

Professor İmanovun Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna rəhbərliyi dövründə institut yalnız akademik elmi mərkəz kimi deyil, həm də ölkə üçün əhəmiyyətli olan iqtisadi konsepsiyaların, diaqnostik yanaşmaların və tədris-metodik işlərin hazırlanmasında fəal iştirak edən intellektual mərkəz olaraq fəaliyyət göstərir. Bu dövrdə diqqəti cəlb edən istiqamətlərdən biri də institutun fəaliyyətində elmi tədqiqatların sistemləşdirilməsi, prioritet sahələrin dəqiq müəyyənləşdirilməsi və onların praktiki nəticələrinin olmasıdır. Xüsusilə onun müəllifi olduğu "Dövlətin iqtisadiyyatı tənzimləmə səviyyəsinin qiymətləndirilməsi" adlı illik hesabatlar seriyası institutun fəaliyyətində dönüş nöqtəsi sayıla bilər. Bu hesabatlar təkcə Azərbaycanın daxili iqtisadi mühitində deyil, region səviyyəsində də dövlətin iqtisadi proseslərə təsirinin ölçülməsi və müqayisəli təhlili baxımından yeni metodoloji bazanın formalaşmasına, əslində, elmi məktəb səviyyəsinə yüksəlməsinə səbəb olub. Hal-hazırda bu metodologiya əsasında bir neçə doktorluq və 10-dan artıq fəlsəfə doktoru proqramı çərçivəsində dissertasiya işləri yerinə yetirilir. Beləliklə, professor Nazim İmanov yalnız tədqiqatçı alim və institut rəhbəri kimi deyil, həm də elmi mentor və yeni gənc tədqiqatçıların yetişdirilməsində mühüm fəaliyyət göstərməkdədir.

Onu da qeyd etmək lazımdır ki, Nazim İmanovun rəhbərliyi ilə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun beynəlxalq əlaqələri daha da genişlənib. Onun Çin Xalq Respublikasının "Elm və Ali Təhsil Sahəsində Beynəlxalq Konsultativ Komitə"sində baş məsləhətçi kimi fəaliyyəti institutun beynəlxalq elmi nüfuza malik olduğunu göstərir. Bu status həm də institutun qlobal elmi proseslərə inteqrasiyası baxımından mühüm addımdır. Digər tərəfdən, Nazim müəllim beynəlxalq elmi konfranslarda, o cümlədən Avropa Parlamenti, Con Hopkins Universiteti, Böyük Britaniya Lordlar Palatası kimi nüfuzlu məkanlarda institutun adından çıxış edərək onun elmi platformalarda tanınmasına xidmət göstərir.

İnstitutun elmi nəşrləri də Nazim İmanovun rəhbərliyi dövründə keyfiyyətcə yüksəlmişdir. "Elmi əsərlər" jurnalının baş redaktoru kimi o, həm məqalələrin elmi dəyərinə, həm də tədqiqatların aktual problemlərə həsr edilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda o, AMEA-nın "Xəbərləri (İqtisadiyyat seriyası)" və Dövlət Statistika Komitəsinin nəşr etdiyi "Statistika xəbərləri" jurnallarının redaksiya heyətinin üzvü kimi də səmərəli və yaradıcı fəaliyyət göstərir.

Professor Nazim İmanovun nəzəri irsi Azərbaycan iqtisadi elminin müasir mərhələsində fərqləndirici və istiqamətverici rol oynayır. Onun tədqiqatlarında yalnız klassik iqtisadi doktrinaların tətbiqi deyil, həm də bu doktrinaların milli iqtisadi kontekstdə interpretasiyası və təkmilləşdirilməsi müşahidə olunur. Məhz bu yanaşma onun elmi irsini tipik akademik yanaşmadan fərqləndirərək, yeni iqtisadi düşüncəyə malik olduğunu göstərir.

Alimin ən dəyərli cəhətlərindən biri də onun gənc tədqiqatçılar ilə mütəmadi birgə elmi araşdırmalar aparmasıdır. O, yalnız kitab və məqalələri ilə deyil, həm də institut daxilindəki elmi seminarlar, metodoloji müzakirələr və elmi rəhbərlik fəaliyyəti ilə gənc alimlərə yol göstərir. Bu gün onun elmi rəhbərliyi altında bir neçə doktorluq və ondan artıq fəlsəfə doktorluğu dissertasiya işi yerinə yetirilir. Onun yanaşması tələbələrə və gənc alimlərə yalnız faktların öyrədilməsi ilə kifayətlənməyib, onları analitik düşünməyə, fərqli modellər qurmağa və yeni metodoloji yanaşmalar etməyə yönəltməkdən ibarətdir.

Professor İmanovun elmi və ictimai fəaliyyəti Azərbaycan iqtisadiyyat elminin inkişafında mühüm mərhələ təşkil edir. Onun elmi nailiyyətləri və ictimai fəaliyyəti bir-birini tamamlayaraq ölkənin müasir iqtisadi sisteminin formalaşmasına, iqtisadi siyasətin düzgün istiqamətə yönəlməsinə xidmət göstərir. Mübaliğəsiz qeyd etsək, Nazim İmanovun elmi irsini nəzəri əsərlərlə yanaşı, həm də praktiki iqtisadi siyasətin əsaslarının formalaşmasına və milli iqtisadiyyatın metodoloji istiqamətlərinin müəyyənləşdirilməsinə yönəldilmiş bir məktəb kimi dəyərləndirmək olar.

Məhəbbət MƏMMƏDOV

Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, iqtisad elmlər doktoru, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
525.az

1Mənbələr