2021-ci il 15 iyun tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini təsdiq edən tarixi sənəd kimi qiymətləndirilir. Bu Bəyannamə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq, təkcə ikitərəfli münasibətlərin deyil, eyni zamanda türk dünyasının birliyinin siyasi təməlini möhkəmləndirdi. Şuşa Bəyannaməsi regionda yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsinin formalaşdırılmasına xidmət edən strateji sənəddir. Bəyannamənin əsas məzmunu iki ölkə arasında müdafiə və təhlükəsizlik, nəqliyyat və enerji, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur. Xüsusilə qeyd edilməlidir ki, sənəddə hərbi əməkdaşlıqla bağlı müddəalar, iki ölkənin bir-birinin təhlükəsizliyinə təhdid olan hallarda qarşılıqlı dəstək verəcəyini açıq şəkildə ifadə edir. Bu, Azərbaycanla Türkiyənin artıq yalnız dost və qardaş deyil, eyni zamanda strateji müttəfiq olduğunu göstərir. Bəyannamə Zəngəzur dəhlizinin açılması və Orta Dəhliz üzərindən türk dövlətlərini birləşdirəcək nəqliyyat bağlantılarının yaradılmasına da xüsusi diqqət yetirir.
Şuşa Bəyannaməsinin imzalanmasından sonra hər il 15 iyun tarixində Şuşada ənənəvi şəkildə “Azərbaycan-Türkiyə Müttəfiqliyi Konfransı” təşkil olunur. İlk dəfə 2022-ci ildə keçirilmiş bu tədbir, artıq hər il regionda strateji tərəfdaşlıq və yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi mühüm bir platformaya çevrilmişdir. Konfranslarda iki ölkənin dövlət və hökumət nümayəndələri, parlament üzvləri, beynəlxalq münasibətlər üzrə ekspertlər, media və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edirlər. Müzakirələrdə əsas diqqət müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyaya, Zəngəzur dəhlizi və Qarabağın yenidən qurulması məsələlərinə yönəldilir. Konfrans çərçivəsində həmçinin Şuşanın bərpa prosesi ilə tanışlıq, mədəni tədbirlər və ictimai diplomatiya təşəbbüsləri də həyata keçirilir.
Şuşanın bu prosesdə xüsusi yeri vardır. Qarabağın incisi olan bu şəhər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın qəhrəmanlığı nəticəsində işğaldan azad olunmuş, milli ruhun dirçəlişinin simvoluna çevrilmişdir. Şuşada imzalanmış Bəyannamə, Azərbaycanın zəfəri ilə möhürlənmiş azadlıq tarixini Türkiyə ilə ortaq strateji gələcəyə bağlayan siyasi bir nişanədir. Bu səbəbdən, 15 iyun artıq təkcə Milli Qurtuluş Günü kimi deyil, həm də Azərbaycan-Türkiyə müttəfiqliyinin təntənəsi olaraq qəbul olunur. Bəyannamə yalnız ikitərəfli münasibətlərin gələcək inkişafına yönəlməyib, həm də regionda sülh, təhlükəsizlik və əməkdaşlığın davamlılığını təmin etmək baxımından əhəmiyyətlidir. Bu sənəd Türk dünyasının birliyi və ortaq dəyərlərinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır. Şuşa Bəyannaməsi sübut etdi ki, Azərbaycan və Türkiyə təkcə tarixdə yox, bu gün də eyni ideallarla birgə irəliləyir. Bəyannamə ilə rəsmi xarakter alan bu müttəfiqlik modeli, digər türk dövlətləri üçün də ilhamverici bir nümunədir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan və hər il eyni gündə təşkil edilən konfranslarla yaşadılan bu tarixi sənəd, XXI əsrin siyasi xəritəsində iki qardaş dövlətin birliyi ilə yeni istiqamət açır. Bu birliyin təməlində isə tarix, dil, mədəniyyət və ortaq gələcək inamı dayanır.
Vasif Səfiyarov,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi