Xəbər verdiyimiz kimi, Hindistanın Əhmədabad şəhərində "Air İndia" aviaşirkətinə məxsus sərnişin təyyarəsi yaşayış məntəqəsinə düşüb. Qəzaya uğrayan “Boeing 787 Dreamliner” təyyarəsində 230 sərnişin və 12 ekipaj üzvü olub. Bu barədə Hindistanın Mülki Aviasiya İdarəsinin baş direktoru Faiz Əhməd Kidvai bildirib.
MÖVZU İLƏ BAĞLI:
Qəzaya uğrayan təyyarədəki sərnişinlər bu ölkələrin vətəndaşlarıdır – SİYAHI/VİDEO
Bizim.Media xəbər verir ki, 787 Dreamliner geniş gövdəli, iki mühərrikli təyyarədir. Aviasiya Təhlükəsizliyi Şəbəkəsinin (Aviation Safety Network) məlumat bazasına əsasən, bu, belə bir təyyarənin iştirak etdiyi ilk qəzadır.
İlk uzun məsafəli “Boeing 787 Dreamliner” kommersiya uçuşlarına 2011-ci ildə başlayıb. Bu gün qəzaya uğrayan təyyarə 2013-cü ildən istismarda olub. Bu təyyarələrin zəif nöqtəsi öz-özünə yanmağa meyilli akkumulyatorları hesab olunur. Bu problem 2013-cü ildə uçuşların müvəqqəti dayandırılmasına səbəb olub.
Qeyd edək ki, təyyarə Hindistanın ən böyük şəhərlərindən biri olan Əhmədabadın yaşayış massivində havaya qalxdıqdan 5 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarə Londonun ikinci ən böyük hava limanı olan Qatvikə uçurdu. Qəzanın səbəbləri araşdırılır. Əhmədabad hava limanı hazırda müvəqqəti bağlıdır.
Təyyarənin qəzaya uğramasının dəqiq səbəbləri araşdırma nəticəsində müəyyən ediləcək.
Bizim.Media