Bakı, 12 iyun, AZƏRTAC
Zəngəzur qədim Azərbaycan torpağıdır. Çar Rusiyası tərəfindən işğal ərəfəsində Zəngəzurun əhatə etdiyi ərazilər Pənahəli xan tərəfindən Qarabağ xanlığının tərkibinə daxil olunmuşdu. A.Bakıxanov yazırdı ki, Pənahəli xan Qarabağ vilayətindən Mehrini və Güneyi, Naxçıvandan Tatevi və Sisyanı, İrəvandan Tərtər-Kolanı və Təbrizdən Zəngəzur və Qafanı birləşdirdi, tarixi Zəngəzur yaradıldı.
Sovet hakimiyyətinin ilk illərində isə bəzi Azərbaycan əraziləri, o cümlədən Zəngəzur mahalı ədalətsiz şəkildə Ermənistana verildi. Bunun nəticəsində Naxçıvanla Azərbaycan arasında coğrafi bağlantı kəsildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Şəlalə Həsənova “Zəngəzur Azərbaycandır: arxiv sənədlərinin dili ilə” adlı layihə çərçivəsində apardıqları tədqiqat işlərindən bəhs edərkən söyləyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında iqtisadi rayonların yenidən bölgüsü haqqında” sənəd imzalanıb. Həmin Fərmana əsasən, işğaldan azad olunmuş Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər və Zəngilan rayonlarını əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Sənəddə vurğulanır ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər uzanan ərazi vahid tarixi və coğrafi məkandır. Bu ərazilərin uzun illər Zəngəzur qəzasının tərkibində olması, onların sosial-iqtisadi və mədəni bağlılıqları həmin rayonların birgə iqtisadi rayonda birləşdirilməsini zəruri edir.
Şəlalə Həsənova qeyd edib ki, bu proseslər xalqımızın yeni tarixinin şanlı səhifələri olmaqla yanaşı, həm də Zəngəzur məsələsində arxiv sənədləri əsasında haqqın və tarixi ədalətin bərpa olunmasını gündəmə gətirir.
“Bütün bu hadisələr bizi əzəli coğrafi torpağımızın haqqını arxiv sənədlərinin əsasında tələb etməyə, tarixini araşdırmağa sövq etdi. Biz Zəngəzurun tarixi gerçəklərini, Azərbaycan xalqının bu torpaqlardakı əzəli və qanuni varlığını sübuta yetirmək məqsədilə geniş arxiv tədqiqatına başladıq. Məqsədimiz arxiv sənədləri vasitəsilə bir daha sübut etməkdir ki, ermənilər Zəngəzurun köklü sakinləri deyil, burada süni şəkildə yerləşdirilmiş, digər yerlərdən köçürülmüş etnosdur. Bu missiyanı biz faktlara əsaslanaraq həyata keçirdik”, – deyə layihə rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, tədqiqat zamanı həm Ermənistan Dövlət Tarix Arxivindən, həm Rusiya Xarici Siyasət Arxivindən, həm də Azərbaycan Respublikası Tarix Arxivindən əldə edilən sənədlərdə ağlasığmaz təhriflər üzə çıxarılıb və elmi əsaslarla sistemləşdirilib.
“1828-ci ildən başlayaraq aparılan siyahılaşdırmalarda çar məmurları statistik məlumatlara bilərəkdən təhriflər daxil ediblər. Məsələn, azərbaycanlıların sayı hesablanarkən yalnız kişilər qeydə alınıb, qadınlar isə statistikadan kənarda saxlanılıb. Əvəzində isə ermənilərin həm kişi, həm də qadınları qeyd olunub. Bu, erməni əhalisinin sayını süni yolla şişirtmək məqsədi daşıyırdı.
Rusiya imperiyası dövründə, xüsusilə 1916-cı ilin əvvəllərində aparılan statistik hesabatlarda Azərbaycanın Zəngəzur bölgəsində yaşayan azərbaycanlıların sayı 119 min 480 nəfər olub ki, bu da ümumi əhalinin 53,3 faizini təşkil edib. Ermənilərin sayı isə 99 min 331 nəfər və ya ümumi əhalinin 44,3 faizi qədər olub. Halbuki XIX əsrin əvvəllərində bu bölgədə azərbaycanlılar say etibarilə ermənilərdən dəfələrlə çox olublar. Bunları apardığımız tədqiqatlar əsasında hesablayıb sistemləşdirmişik.
Bundan başqa, XIX əsrin ortalarından başlayaraq torpaq mülkiyyət sənədlərində ermənilər hiyləgərlikləri və çar Rusiyasının dəstəyi ilə azərbaycanlıların əzəli torpaqlarını mənimsəyib, bəzi iri kəndlərə zorla köçürülərək mübahisəli mülkiyyət vəziyyəti yaradılıb. Hətta Ermənistanın dövlət arxivində saxlanan sənədlərdə də bu faktlar öz təsdiqini tapır. Belə ki, azərbaycanlı bəylərə və zadəganlara məxsus kəndlərdə yerləşdirilən ermənilər uzun illər onlara vergi ödəyiblər”, - deyə Şəlalə Həsənova bildirib.
Şəlalə Həsənova bildirib ki, aparılan tədqiqatlar “Архивные документы свидетельствуют: Зангезур — это Азербайджан” (“Arxiv sənədləri şahidlik edir: Zəngəzur - bu, Azərbaycandır”) adlı nəşrdə və layihə çərçivəsində hazırlanmış zangazur.info portalında ardıcıl və elmi formada oxuculara təqdim olunub.
“Bu kitabda, həmçinin Zəngəzurda yaşamış azərbaycanlı yarımköçəri və oturaq tayfaların tarixi, coğrafi yayılma sahələri barədə məlumatlar da ilk dəfə olaraq geniş şəkildə təqdim edilib. Müxtəlif illərdə toplanmış statistik məlumatlar müqayisəli şəkildə təhlil olunub və faktlara əsasən ictimaiyyətə təqdim edilib”, – deyə layihə rəhbəri diqqətə çatdırıb.