BAKI, 5 iyun. TELEQRAF
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi və Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim etməsi birmənalı qarşılanmadı. Bunun ardınca Kreml rəsmiləri bu mövqeni təkzib edəcək açıqlamalar verməli oldu. Daha sonra isə Rusiyada hakimiyyətə yaxın medianın dili ilə Ukraynadakı separatçı rejimlərin Bakı tərəfindən tanınması məsələsi gündəmə gətirildi. Sizcə, rəsmi Moskva bu üç fərqli yanaşma ilə hansı mesajı verməyə çalışır?
- Əslində Medinskinin müsahibəsində toxunduğu məsələlər heç də Azərbaycana aid deyildi. Çünki o, həm də Rusiya-Ukrayna arasında danışıqlar üzrə nümayəndə heyətinin rəhbəridir. Ona görə də verilən mesajlar Ukraynaya aid idi. Rusiya tərəfi hazırda davam edən Ukrayna müharibəsi fonunda atəşkəsə məhz bu istiqamətdə əldə ediləcək razılaşmalarla getmək istəyir. Kreml işğal edilmiş Ukrayna ərazilərinin bir hissəsini birtərəfli olaraq özünün tərkib hissəsi elan edib. Tələbləri də odur ki, rəsmi Kiyev həmin ərazilərin Rusiyanın tərkibində qalmasını tanısın. İddia edirlər ki, ancaq bundan sonra hərbi əməliyyatların dayandırılmasından söhbət gedə bilər. Rusların danışıqlardakı mövqeyi məhz bunun üzərində qurulub. Digər tərəfdən Rusiya Prezidenti Vladimir Putinin bu mövzulara aid açıqlaması var. O qeyd edib ki, keçmiş SSRİ-yə daxil olan ölkələr hansı ərazilərə daxil olublarsa, o prinsiplərlə də buradan ayrıla bilər. Çünki keçmiş SSRİ dövründə müxtəlif qərarlar qəbul edilmişdi və ərazilər dəyişmişdi. Əslində Putin Krıma dair olan ərazi iddiasına işarə edirdi. Medinskinin də açıqlaması onu göstərir ki, Rusiya 1991-ci ildə qəbul edilmiş Almatı razılaşmasından imtina edib. Vaxtilə Rusiya və Ukrayna Almatı razılaşmasının şərtlərini qəbul etmişdi. Bununla da demək olar qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyü qəbul olunmuşdu. İndi isə onların mövqeləri dəyişib. Bunu da açıq bəyan ediblər.
- Sizcə, açıq şəkildə ərazi iddialarını bəyan etmək üçün beynəlxalq müstəvidə yaranan əsaslar nədən ibarət oldu?
- ABŞ Prezidenti Donald Trampın Kanada, Panama, Qrenlandiya və digər ərazilərə dair məlum bəyanatlarından sonra Rusiya da bu mövzuda açıq danışmağa başladı. Elə Medinskinin də bəyanatının məzmunu bundan ibarət idi.
- Rusiya rəsmisi tərəfindən faktiki olaraq Qarabağın mübahisəli ərazi kimi qeyd edilməsi hansı məntiqlə izah oluna bilər?
- Elə bizi qane etməyən məsələ də məhz bundan ibarət idi. Azərbaycanın bu məsələdəki narahatlığını Rusiya tərəfi də anladı və geri addım atmağa məcbur oldular. Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova Medinskinin məlum açıqlamasının əksinə olan bəyanat verdi. O qeyd etdi ki, “bu, Rusiyanın rəsmi mövqeyidir”.
- Kreml davamlı olaraq Bakıya verdiyi mesajlarla hansı cavab almağa çalışır? Onlar hansı sözü eşitmək istəyirlər?
- Rusiyada hakimiyyətə yaxın olan mediada da bu mövzuya aid yazılar dərc edilmişdi. Onlar demək istəyirlər ki, Azərbaycanla Rusiyanın strateji tərəfdaşlıq səviyyəsində münasibətləri varsa, rəsmi Bakı da Ukraynaya aid öz mövqeyini dəyişməlidir. İddia edirlər ki, Azərbaycan tərəfindən Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi heç də tərəfdaşlığa uyğun yanaşma deyil. Bizə demək istəyirlər ki, “sən də mövqeyini dəyişməlisən”. ABŞ-də artıq bir çox siyasətçilər deyirlər ki, Ukraynanın ərazi bütövlüyü danışıqlar yolu ilə dəyişdirilə bilər. Hətta ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Evdəki məlum görüşündə ona demişdi ki, “sən elə bir vəziyyətdə deyilsən ki, gəlib burada nəsə, şərtlər irəli sürəsən”. Yəni bu o deməkdir ki, həmin mesajların altında hansısa proseslər gedir. Bizə də deyirlər ki, siz də mövqeyini dəyişə bilərsiniz.
- Rəsmi Moskva bunu nə ilə əsaslandırmağa çalışır?
- Kreml iddia edir ki, onların Qarabağa aid mövqeyi müttəfiqlik prinsiplərinə uyğun idi.
- Bu baş verməsə nələr olacaq?
- Əgər onlar bizə belə bir çağırış edirlərsə, vaxtilə Batumidə Aleksandropol (1920) sazişləri imzalanıb. Burada Türkiyə (Osmanlı), Ermənistan (Ararat) və RSFSR (Rusiya Sovet Federativ Sosialist Respublikası) iştirak edib. Bu müqavilə ilə Ermənistanın ərazisinin 9 min kv km-dən bir qədər artıq olduğu təsdiq edilib. Ermənilər də öz imzaları ilə bunu qəbul ediblər. Sonradan isə Ermənistan ərazisi 29 min kv km-dən artıq olub. Çünki onlar bu sazişləri pozaraq Azərbaycana məxsus əraziləri qanunsuz olaraq Ermənistana veriblər. Onlar müttəfiq kimi məhz o dövrün prinsiplərini qəbul edirlərsə, o zaman etiraf etsinlər ki, Zəngəzur və Göyçə mahalı bolşeviklər tərəfindən Azərbaycandan qopardılaraq Ermənistana birləşdirilib. İndi də bəyan etsinlər ki, o torpaqların hamısı Azərbaycana qayıtmalıdır. "SSRİ-yə hansı ərazi ilə daxil olmusunuzsa, o ərazi ilə də çıxa bilərsiniz" deyə söyləyirsinizsə, o zaman buyurun, Azərbaycanın torpaqlarının geri qaytarılmasını da qeyd edin. Beləliklə, mübahisəli bölgələr Zəngəzur və Göyçə mahalının Azərbaycanın ərazisi olduğu təsbit edilməlidir. Bu ərazilər beynəlxalq sənədlərə uyğun olmayaraq bolşeviklər tərəfindən ermənilərə verilib.