AZ

Marko Rubio: ABŞ rusların daha parlaq gələcəyə olan ümidlərini dəstəkləyir

Bakı, 12 iyun, AZƏRTAC

ABŞ rusların daha parlaq gələcəyə olan ümidlərini dəstəkləyir. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu fikri ifadə edən Birləşmiş Ştatların dövlət katibi Marko Rubio, həmçinin “Rusiya Günü” münasibətilə Ukrayna ilə müharibədə sülhün əldə edilməsi səylərində Vaşinqtonun konstruktiv iştirak etmək istəyini təsdiqləyib.

Rubio ABŞ Dövlət Departamentinin saytında verdiyi açıqlamada deyib: “Birləşmiş Ştatlar daha parlaq gələcəyə olan ümidlər üzərində quruculuğa davam edən Rusiya xalqını dəstəkləməyə sadiqdir. Biz, həmçinin Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə edilməsi üçün ABŞ-ın Rusiya Federasiyası ilə konstruktiv əlaqə qurmaq istəyini bir daha təsdiqləmək kontekstində bu fürsətdən istifadə edirik. Ümidvarıq ki, sülhün bərqərar olması ölkələrimiz arasında daha çox qarşılıqlı faydalı əlaqələr yaradacaq”.

İyunun 11-də Rusiya xəbər agentlikləri xəbər yayıb ki, Moskvanın ABŞ-dakı yeni səfiri Aleksandr Darçiyev etimadnaməsini Prezident Donald Trampa rəsmi təqdim edərkən Vaşinqtonla əlaqələrin tam bərpası üçün çalışacağına söz verib. Moskva ilə Vaşinqton arasında əlaqələr Trampın vəzifəyə başlamasından sonra yaxşılaşıb və tərəflər Ukrayna münaqişəsinin mümkün həlli yollarını müzakirə edirlər.

Seçilən
9
azertag.az

1Mənbələr