BAKI, TurkicWorld
Rusiya Xarici İşlər naziri Sergey Lavrov iyun ayının sonunda Türkmənistana rəsmi səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə açıqlamanı Rusiyanın Aşqabaddakı səfiri İvan Volınkin, Rusiya Günü münasibətilə keçirilən rəsmi qəbul mərasimində verib.
Volınkin bildirib ki, hazırda Rusiya Xarici İşlər Nazirliyinin başçısının Aşqabada səfərinə hazırlıq işləri aktiv şəkildə davam etdirilir.
Diplomat həmçinin vurğulayıb ki, iki ölkə arasında mütəmadi aparılan danışıqlar və yüksək səviyyəli təmaslar Rusiya–Türkmənistan münasibətlərinin bütün sahələr üzrə inkişafına ciddi təkan verir.
Qeyd edək ki, Aşqabadda Rusiya Günü münasibətilə rəsmi qəbul mərasimi keçirilib. Tədbir Rusiya Federasiyasının Türkmənistandakı səfirliyi tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən Rusiya səfiri İvan Volınkin Rusiya Gününün ölkənin əsas dövlət bayramı olduğunu və xalqın birliyini simvolizə etdiyini bildirib. O, Rusiya ilə Türkmənistan arasında strateji tərəfdaşlığın davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.
Volınkinin sözlərinə görə, iki ölkə arasında əlaqələr iqtisadi, mədəni və humanitar əməkdaşlıq sahələrində ardıcıl inkişaf edir.
Tədbirdə Türkmənistan hökuməti adından çıxış edən Nazirlər Kabineti sədrinin müavini Hojamırat Geldimıradov isə bildirib ki, iki ölkə arasında müstəqillik illərində ümumi ticarət dövriyyəsi 60 milyard dollardan artıq olub.
Onun sözlərinə görə, 2025-ci ilin ilk altı ayı ərzində ticarət həcmi 58 faiz artıb. Rusiya hazırda Türkmənistanın əsas ticarət tərəfdaşlarından biridir və illik ticarət dövriyyəsi 1,6 milyard dollardan artıqdır.
Tərəfdaşlıq iqtisadiyyat, mədəniyyət, elm və siyasət sahələrini əhatə edir. Energetika, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahələrində geniş əməkdaşlıq imkanları mövcuddur. Təhsil sahəsində də ikitərəfli əməkdaşlıq uğurla inkişaf edir.