2025-ci ilin yanvar-may ayları ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta ixrac qiyməti məlum olub. Hesablamalara görə, bu ilin ilk 5 ayı ərzində Azərbaycan neftinin orta qiyməti 73.7 ABŞ dollarına bərabər olub. 2025-ci ilin ilk 5 ayı ərzində ən yüksək göstərici, 84.78 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 63.25 ABŞ dolları səviyyəsində olub.
Xatırladaq ki, cari il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 70 ABŞ dollarından hesablanıb. 2025-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin (38 milyard 356 milyon manat) 18 milyard 773 milyon manatı neft-qaz sektorunun hesabına formalaşır. Bu vəsaitin 14 milyard 481 milyon manatı Dövlət Neft Fondundan transfertin, 3 milyard 830 milyon manatı vergi orqanlarının xətti ilə neft-qaz sektorundan daxilolmaların, 462 milyon manatı isə SOCAR üzrə dividend ödənişinin payına düşür.
Hökumətin proqnozlarına görə, baza ssenaridə neftin bir barrelinin orta illik ixrac qiyməti 2026-cı il üçün 65 ABŞ dolları və 2027-2029-cu illər üçün də eyni qalacağı proqnozlaşdırılır. Məlumata əsasən, neft və qaz hasilatı üzrə sabitləşdirmə tədbirlərinin nəticəsi olaraq 2029-cu ildə neft və qaz hasilatının artacağı proqnozlaşdırılır. 2025-ci ildə neft hasilatının azalacağına baxmayaraq qaz hasilatının artması sektorun inkişafına artırıcı təsir edəcəkdir. 2027-2029-cu illərdə neft və əmtəəlik qaz hasilatı (2029-cu il istisna olmaqla) üzrə azalmanın davam etməsi nəzərə alınaraq neft-qaz sektorunda azalma proqnozlaşdırılıb.
Yeri gəlmişkən, neftin qiyməti son iki ayın maksimumuna yüksəlib. Belə ki, neft qiymətləri çərşənbə axşamı ABŞ və Çin arasında keçirilən ticarət danışıqlarının nəticələrinə dair gözləntilərlə artım göstərib. Eyni zamanda, Səudiyyə Ərəbistanının Çinə ixrac edəcəyi xam neft həcminin azaldılması da bazara təsir edib. Brent markalı xam neftin avqust fyuçersləri 0,5 faiz və ya 34 sent bahalaşaraq bir barel üçün 67,38 dollara çatıb. ABŞ-ın WTI markalı nefti isə 33 sent artaraq 65,62 dollar olub.
Bazar ertəsi “Brent” in qiyməti 67,19 dollara qalxaraq 28 apreldən bəri ən yüksək səviyyəyə çatmışdı. Qiymət artımına ABŞ və Çin arasında mümkün ticarət razılaşması ilə bağlı nikbinlik təsir edib. Danışıqların ikinci günü Londonda davam etdirildiyi bildirilir. Ticarət sazişi qlobal iqtisadi perspektivləri dəstəkləyə və xammal, o cümlədən neftə tələbi artıra bilər. “Goldman Sachs” analitikləri bildiriblər ki, tələblə bağlı narahatlıqlar azalıb, ABŞ-da əmək bazarı üzrə müsbət hesabatlar və Kanadada meşə yanğınlarının Şimali Amerikada təchizata risk yaratması qiymətləri dəstəkləyir.
“Reuters”in məlumatına görə, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Aramco” iyulda Çinə 47 milyon barel neft göndərəcək ki, bu da iyun ayına nisbətən 1 milyon barel azdır. OPEC+ çərçivəsində iyul üçün gündəlik 411 min barel artım planlaşdırılır. Lakin Səudiyyə Ərəbistanı və BƏƏ kimi əsas istehsalçılar hələ də bu artımı tam şəkildə həyata keçirməyib. Bundan əlavə, İranın ABŞ-la nüvə sazişi üzrə qarşı təklif təqdim etməyə hazırlaşdığı bildirilir. Bu ölkəyə qarşı sanksiyaların yumşaldılması İranın neft ixracını artıra və qlobal qiymətlərə təzyiq göstərə bilər.
Qeyd edək ki, ötən il Azərbaycan xam neft və neft məhsullarının, təbii qazın ixracından təxminən 23 milyard ABŞ dolları gəlir əldə edib, ölkənin qeyri-neft ixracının dəyəri isə 3,2 milyard ABŞ dolları civarında olub. Mütəxəssislərin fikrincə, 2025-ci ilin ilk 5 ayı üçün qeydə alınan orta qiymət iqtisadiyyatda sabitlik üçün yetərlidir. Bu göstərici dövlətin fiskal siyasətinə, valyuta ehtiyatlarına və ümumi maliyyə sabitliyinə müsbət təsir göstərib. Bununla belə, uzunmüddətli perspektivdə Azərbaycan neftdən asılılığı azaltmalı və rəqabətqabiliyyətli, dayanıqlı iqtisadi sistem formalaşdırmalıdır.
Mövzu ilə bağlı Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, brent markalı neftin aşağı düşməsinin hələlik Azərbaycan üçün ciddi təhlükəsi yoxdur: "Neftin qiymətinin düşməsi aprelin 3-dən başlayıb. 2021-ci ilin aprelində 65 dollardan aşağı səviyyəyə satılırdı. Ticari əlaqələr zəiflədikdə iqtisadi artım azalır və bu zaman enerjiyə tələbat azalır. Bazarda kifayət qədər neft var. Bundan əlavə, 441 min barel gündəlik OPEC+ səviyyəsində hasilatın artırılması gözlənilir. Belə bir şəraitdə neft tacirləri əllərində olan fyuçes müqavilələri üzrə həcmləri çıxarırlar ki, müəyyən vaxt sonra nefti daha ucuz satmasınlar. Neft iyun ayına nikbin qiymətlərlə başlayıb və qiymətlər ötən aylarla müqayisədə yüksəlib. Azərbaycan üçün hələlik təhlükə yoxdur, ilin ilk 5 ayında orta qiymət büdcədə nəzərdə tutulan 70 dollardan da yuxarıdır. Bu baxımdan hər hansı həyəcana səbəb yoxdur. Büdcə formalaşdırılarkən həmişə risklər nəzərə alınır. Ancaq növbəti illər üçün neftin orta qiymətinin 60 dollara qədər ucuzlaşması proqnoz edilir".