AZ

Dövlət bağçalarında kamera nəzarəti: Valideynlər bu hallarda...

Məktəbəqədər təhsil müəssisələri uşaqların ilk sosiallaşma mühitləridir. Burada təhlükəsizlik, şəffaflıq və valideynin məlumatlandırılması prinsipləri hər şeydən önə çıxmalıdır. Lakin təəssüf ki, bu sahədə xüsusilə dövlət bağçalarında ciddi çatışmazlıqlar var. Kamera nəzarətinin olmaması narahatlıq doğurur.

 

Bəs bu yanaşma nə dərəcədə şəffaf və qəbulolunandır? Dövlət və ya özəl olması fərq etmədən, hər bir bağçanın əsas funksiyası uşağa keyfiyyətli təlim-tərbiyə vermək və onu güvənli mühitdə qorumaqdır. Elə isə valideyn niyə övladını izləyə bilməsin?

 

AzEdu.az-a açıqlama verən təhsil jurnalisti Məzahir Məmmədli bu məsələdə özəl bağçaların dövlət məktəbəqədər təhsil müəssisələrindən xeyli irəlidə olduğunu bildirib:

 

"Demək olar ki, özəl bağçalar bu məsələdə tam təminat yaradıblar. Artıq elə bir özəl bağça yoxdur ki, orada valideyn istədiyi vaxt övladını izləyə bilməsin. Dövlət bağçalarında da kamera qurğuları mövcuddur. Lakin orada kameralara yalnız hansısa mübahisə, problem baş verdiyi halda baxılır. Əgər hansısa neqativ hal yaşanıbsa, o zaman həmin görüntülər yoxlanılır və məsələnin araşdırılması mümkün olur. Mən şəxsən bu cür halların şahidi olmuşam.

 

Valideynlərə həmin kameralara birbaşa çıxış verilməməsi isə, məncə, əsaslı deyil. Bu, sadəcə bəhanədir. Valideynə kameradan istifadə imkanı verməmək heç bir məntiqə sığmır. Düzdür, bu məsələ hazırda qanunvericiliklə birbaşa tənzimlənmir. Amma məktəbəqədər təhsil mərhələsi çox həssas dövrdür. Bəzən valideyn övladını izlədikcə, onun davranışından müəyyən ehtiyacları anlayıb bağçaya zəng edərək tərbiyəçiyə istiqamət verə bilər, məsələn uşağın qidalanması, yuxusu, hər hansı kaprizi ilə bağlı".

 

Bunun zəruri və çox vacib bir məsələ olduğunu bildirən ekspert məktəbəqədər təhsil müəssisələrində valideynlərin də istənilən vaxt övladını izləyə biləcəyi müşahidə kameralarının olmasının tərəfdarıdır:

 

“Qeyd etdiyim kimi, bu sistem bəzən təkcə izləmək üçün deyil, eyni zamanda vacib mesajları tərbiyəçiyə çatdırmaq və daha düzgün yanaşma formalaşdırmaq baxımından da faydalıdır”.

Seçilən
31
azedu.az

1Mənbələr