AZ

Həkim Asiman Məmmədova qanunsuz işdən çıxarıldığını deyir: məhkəməyə müraciət edib

Həkim Asiman Məmmədova qanunsuz işdən çıxarıldığını deyir: məhkəməyə müraciət edib

Həkim Asiman Məmmədova işdən çıxarılması ilə bağlı mübarizə aparır – Məhkəmə onun lehinə qərar verib

Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-cərrahı Asiman Məmmədova işdən çıxarılmasının qanunsuz olduğunu bildirərək müvafiq qurumlara və məhkəməyə müraciət edib.

Qafqazinfo-ya müraciət edən Asiman Məmmədova qeyd edir ki, o, 12 ilə yaxındır ki, institutda çalışır və işində heç bir nöqsanı olmayıb: “Vətən müharibəsində xidmətlərimə görə sertifikatlarla təltif olunmuşam. Sertifikasiya imtahanında 100 faiz nəticə toplamışam. Buna baxmayaraq, üzərimə əsassız şər-böhtan atılaraq, qanunsuz şəkildə işdən azad edildim”.

O bildirib ki, müəssisənin direktoru Rüstəm Talışinski onu hədələyərək ərizə yazmasını tələb edib. Məhkəmə isə bu iddiaların əsaslı olduğunu təsdiqləyib. Belə ki, Nəsimi Rayon Məhkəməsi 5 may 2025-ci il tarixli qərarı ilə Asiman Məmmədovanın işdən azad edilməsinə dair 22.01.2025 və 13.03.2025-ci il tarixli əmrləri ləğv edib, onun işə bərpa olunmasına və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsinə qərar verib.

Lakin Səhiyyə Nazirliyi qərarla razılaşmayaraq apellyasiya şikayəti verib və hazırda proses məhkəmə instansiyalarında davam edir.

Qarşı tərəf isə Asiman Məmmədovaya qarşı bir sıra şikayətlərin olduğunu bildirir. Səhiyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatına əsasən, Məmmədovanın bəzi xəstələrdən – o cümlədən Cavid Məmmədlidən – icbari tibbi sığorta çərçivəsində pulsuz göstərilməli olan tibbi xidmətlər üçün 1000 ABŞ dolları aldığı iddia olunur. Bu səbəbdən 2024-cü ilin oktyabrında ona yazılı xəbərdarlıq verilib.

Asiman Məmmədova isə bu iddiaları təkzib edir və bildirir ki, ona qarşı edilən təzyiqlər əsassızdır. Əmək Müfəttişliyi də araşdırmalar nəticəsində onun əmək hüquqlarının pozulduğunu və işdən çıxarılarkən xəbərdarlıq müddətinin gözlənilmədiyini təsdiqləyib.

Hazırda proses apellyasiya məhkəməsində davam edir.

Seçilən
46
afn.az

1Mənbələr