Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında “Air India” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
Əhmədabad şəhərindən İngiltərənin paytaxtı Londonun Qatvik hava limanına getmək üçün havaya qalxan təyyarədə 232-si sərnişin, 12-si ekipaj üzvü olmaqla ümumilikdə 244 nəfər olub.
Təyyarə havaya qalxdıqdan az sonra Meqaninaqar rayonunda yaşayış massivinə düşüb. Şahidlərin sözlərinə görə, hazırda qəza yerindən qatı tüstü qalxır. Ölənlər və xəsarət alanlar barədə məlumat yoxdur.
Flightradar, təyyarənin modelinin Boeing 787-8 Dreamliner olduğunu açıqlayıb.
Xilasetmə işlərini həyata keçirmək üçün qəza yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib.
TAHİR