ABŞ-nin Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının Azərbaycana qarşı səsləndirdiyi iddiaların arxasında hansı geopolitik maraqlar dayanır? Belə əsassız ittihamlar Azərbaycan-ABŞ münasibətlərinə və regiondakı vəziyyətə necə təsir göstərə bilər?
"Beynəlxalq Din Azadlıqları üzrə Komissiyanın Azərbaycanda ermənilərə qarşı guya dini təqiblər və hərbi cinayətlər törədildiyinə dair iddiaları qərəzli, əsassız və cəfəngdir. Lakin bu cür iddiaların müəyyən təsir gücü var. Belə çıxır ki, dünyada ictimai rəyə təsir edilməklə Azərbaycanda ermənilərə qarşı hansısa dini təzyiqlərin olduğu görüntüsü yaradılır. Halbuki, məlumdur ki, hazırda Azərbaycanda ermənilər demək olar ki, yaşamırlar və onlara qarşı hər hansı dini təqibdən danışmaq kökündən yanlışdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi qeyd edib ki, ermənilərin dini təqibə məruz qaldığı iddiaları əsassızdır və bu cür yanaşmalar bölgədə sülhə deyil, qarşıdurmaya xidmət edir:
"Ermənilərin bu əraziləri tərk etməsinin səbəbi də bəllidir - onlar öz iradələri ilə getməyə qərar veriblər. Çünki Azərbaycan torpaqlarında törətdikləri qanunsuz əməllər, cinayətlər və vandallıqlar nəticəsində legitim Azərbaycan hakimiyyəti bu ərazilərdə bərpa olunanda, məsuliyyətə cəlb olunacaqlarını anlayıblar və buna görə də könüllü şəkildə ərazidən çıxıblar. Bu səbəbdən onların hansısa dini təqibə məruz qaldıqlarını iddia etmək absurddur. Əksinə, Azərbaycanın dini icmaları, tarixi-dini abidələri Ermənistan tərəfindən ciddi şəkildə dağıdılıb, təhqir olunub. Ermənilərin işğal dövründə işğal altındakı ərazilərdəki abidələri tamamilə məhv etmələri, dini dəyərləri təhqir etmələri sənədlərlə sübut olunub. Əgər doğrudan da ABŞ-dəki bu komissiya normal, obyektiv və adının daşıdığı funksiyalara uyğun fəaliyyət göstərirsə, bu faktları araşdırmalı və ermənilərə qarşı ciddi qınaq tədbirləri görməlidir. Niyə Azərbaycanın 20%-ə yaxın ərazisindəki dini abidələr bu vəziyyətə salınıb? Bu sual cavablandırılmalıdır.
Təəssüf ki, bu gün bu cür iddialar azərbaycanlılara qarşı səsləndirilir. Bu isə açıq-aşkar ədalətsiz, qeyri-obyektiv və qərəzli yanaşmadır. Bütün bu iddiaların arxasında erməni lobbisinin təsirinin dayanması ehtimalı güclüdür. ABŞ, bəlkə də, Cənubi Qafqazda erməniləri yenidən himayə altına almaq və Rusiyaya yaxınlaşmalarının qarşısını almaq məqsədilə belə bir addım atır. Ola bilsin, bu komissiyanın ümumiyyətlə obyektivlik kimi bir məqsədi yoxdur və sadəcə olaraq, xristian dəyərlərini müdafiə etmək adı ilə birtərəfli yanaşma sərgiləyir.
Bu iddiaların heç bir əsası yoxdur. Lakin onların səsləndirilməsi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmağa başladığı bir vaxtda bu münasibətlərə zərbə vurur, qarşılıqlı etimad mühitini zəiflədir. ABŞ bu məsələnin nəticələrini düşünməlidir. Əgər bu qurum süni gündəm yaratmaqla bölgəyə müdaxilə etməyə çalışırsa, bu yanaşma ABŞ-nin öz maraqlarına da ziddir. Belə ədalətsiz yanaşma bölgədə digər aktorların, xüsusilə də Rusiyanın mövqeyini gücləndirə bilər".
Siyasi şərhçinin sözlərinə görə, bu cür qərəzli və əsassız iddialar ABŞ-nin regiondakı nüfuzuna zərər vurur.
"Biz daim ermənilərdən ədalətli mövqe tələb etmişik. ABŞ və onun qurumları da eyni yanaşmanı göstərməlidir. Bu cür qərəzli mövqelər ABŞ-nin regiondakı nüfuzuna da ciddi zərər vura bilər. Bu təşkilatın hansı məqsədlə fəaliyyət göstərməsi, kimlər tərəfindən yönləndirilməsi və bu açıqlamanın arxasında duran motivlər araşdırılmalıdır. Azərbaycan dövləti bu məsələni rəsmi şəkildə təqib etməlidir. Zərurət yarandıqda nota verməli, açıqlama yaymalı və ABŞ rəsmilərindən məsələni araşdırmağı tələb etməlidir. Bu kimi yalan iddialar, ABŞ-Azərbaycan münasibətlərini də kölgə altına salır. Ümumilikdə isə regiondakı proseslərin təhrif olunmuş şəkildə təqdim edilməsi, xüsusilə də ABŞ auditoriyasına yanlış informasiya ötürülməsi yolverilməzdir. Cənubi Qafqaz olduqca həssas bölgədir və burada belə təhrif olunmuş yanaşmalar ABŞ-nin da regional nüfuzuna zərər gətirə bilər".
Səidə Ramazanova