BAKI, 12 iyun. TELEQRAF
Qərb, eləcə də Yaxın Şərq mətbuatı İsrailin İranın nüvə obyektlərinə hücum edəcəyini proqnozlaşdırırlar. Hadisələrin gedişatı, mümkün nəticələri və beynəlxalq sistemə təsiri ilə bağlı “Teleqraf” İnformasiya Agentliyinin suallarını Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- ABŞ-nin nüfuzlu nəşrləri kəşfiyyat və siyasi mənbələrə istinadla İsrailin yaxın günlərdə İranın nüvə obyektlərinə zərbələr endirə biləcəyini yazır. Sizcə, bu ehtimal nə qədərdir?
- Bu, təzyiqdir, inanmıram ki, belə bir şey olsun. Siyasət və ya diplomatiyada belə bəyanatlar təzyiq vasitəsi kimi istifadə olunur. Çünki ABŞ və İran arasında danışıqlar gedir, heç kim bu müzakirələrdə mövzunun nə olduğunu bilmir. Əlbəttə, müzakirələr İranın nüvə proqramı ətrafındadır, amma bu danışıqlarda tərəflərin hansı arqumentlərdən istifadə etdikləri məlum deyil. Ola bilsin, danışıqlar zamanı təzyiq eləmək üçün hansısa problemli məsələlər çıxsın. İndi bu fonda KİV-də belə materiallar və bəyanatlar çap olunur ki, “vurmağa hazırıq”, “bu addımı ata bilərik” və sair. Mən məsələni belə qiymətləndirirəm.
- İsrail İranın nüvə obyektlərini vursa, bu, Yaxın Şərqdə hansı gəlişmələrə yol aça bilər?
- ABŞ yox, amma İsrail hansısa addımı ata bilər. Əlbəttə, belə bir addım regionda böyük gərginlik yaradacaq.
Hazırda bizim bölgədə (Cənubi Qafqaz) vəziyyət sabitdir, Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad elədi. Bununla Cənubi Qafqazda gərginlik aradan qalxdı.
Yaxın Şərqdəki vəziyyətə gəlincə, orada gərginlik davam edir, İranın da özünü müdafiə etmək üçün gücü var. Amma inanmıram ki, ABŞ Trampın vaxtında İrana qarşı hansısa addımı (nüvə obyektlərinin vurulması kimi – red.) atacaq. Amma İsrailin bunu etməsi mümkündür.
- İsrail bəyan edib ki, İran nüvə silahı əldə etməyə yaxındır. Siz bu barədə nə düşünürsünüz?
- Yəqin ki, bəli. Çünki İran uranın zənginləşdirilməsi prosesini genişləndirir, yəni proqramı saxlamayıblar. İran danışıqların getdiyi müddətdə öz proqramını davam etdirir. İndi də, bundan əvvəlki danışıqlarda da belə olub.
- ABŞ Prezidenti Donald Tramp İranla müharibə istəmədiyini açıqlayıb. Amma İran hökuməti və Silahlı Qüvvələri bəyan edib ki, Tehranın nüvə obyektləri hansısa şəkildə vurulsa, Amerikanın Yaxın Şərq ölkələrindəki hərbi bazalarına zərbələr endiriləcək. Tehran belə bir addıma qarşı bu reaksiyanı verə bilərmi?
- Söhbət hərbi bazalardan gedir, bunlar pioner düşərgələri deyil. Bu bazaların güclü müdafiə qüvvə və vasitələri var. Elə də asan məsələ deyil ki, burdan ora bombardman edilsin və ya vurulsun. Siz ritorikaya baxmayın. Hansısa çıxışlar ola bilər. İndi biri bir söz deyir, o biri də ona başqa söz. Belə davam edir.
- Davam edən ABŞ-İran danışıqları barədə proqnozunuz necədir, müzakirələr hansı nəticələrlə yekunlaşa bilər?
- Danışıqların tezliklə hansısa nəticələrlə yekunlaşacağını düşünmürəm, müzakirələr davam edəcək. Bu, birmənalıdır, heç kim bu danışıqları dayandırmayacaq. Amma inanmıram ki, tərəflər bu danışıqlar nəticəsində bu yaxınlarda hansısa nəticəyə gələcəklər.
- ABŞ Prezidenti deyir ki, İranın nüvə silahı olmayacaq və o, nüvə proqramından imtina etməlidir. İran Amerikanın bu tələbini qəbul edəcəkmi?
- Buna inanmıram. Çünki İran uzun illərdir buna görə beynəlxalq təzyiq və sanksiya altındadır. İran hakimiyyəti belə bir qərara gəlib ki, əllərində nüvə silahı olsa, rejimə təhlükə az olacaq.