ain.az bildirir, 525.az saytına əsaslanaraq.
Misir MƏRDANOV AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
Hərdən fikirləşirəm ki, mən Bəxtiyar Vahabzadəni niyə belə sevirəm? Milli düşüncənin, ictimai vicdanın, vətəndaş mövqeyinin qüdrətinə görəmi? Dövrünün mənəvi tribunası, xalqın duyğularının və düşüncələrinin sözə çevrilmiş möhtəşəm abidəsi olduğuna görəmi? Bəlkə insanın daxili dünyasına, onun mənəvi axtarışlarına işıq salan bədii bir xəzinə yaratdığına görə? Ən sərt ideoloji məhdudiyyətlərin mövcud olduğu illərdə xalqın dərdini, dilini, kimliyini qoruyub saxlamaq uğrunda apardığı mübarizəyə, "Gülüstan", "Latın dili", "Vətən", "Ana dili" kimi əsərlər yazdığına görəmi? Bəlkə bütün ömrünü Azərbaycan dilinə, ədəbiyyatına həsr etdiyinə, yaradıcılığının kökündə azadlıq, vətən sevgisi, haqsızlığa qarşı etiraz və milli birlik ideyaları dayandığına görə? Ədəbiyyat tariximizə milli dəyərləri ən çox tərənnüm edən, xalqın ruhunu, dilini, tarixini və azadlıq ideallarını poeziyasında yaşadan böyük sənətkar kimi düşmüş Səməd Vurğun yaradıcılığını geniş tədqiq etdiyinə, həm namizədlik, həm də doktorluq dissertasiyalarını bu nəhəng dühaya həsr etdiyinə görəmi? Ən çıxılmaz anlarda xalqın xilas yolunu düzgün müəyyənləşdirməyi bacardığına, 1993-cü ildə ölkədəki siyasi qeyri-sabitlik və Qarabağ münaqişəsinin gərginliyi fonunda Azərbaycan parlamentində Heydər Əliyevi təcrübəli və güclü lider kimi ölkəni bu çətinliklərdən çıxara biləcək yeganə şəxsiyyət kimi dəyərləndirdiyinə görəmi? Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin onun yaradıcılığını təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün türk dünyasının ortaq sərvəti kimi səciyyələndirdiyinə görəmi? Türk və bütün müsəlman dünyasının şəksiz və şəriksiz lideri Prezident Rəcəb Tayyib Ərdoğanın onun şeirlərindən tez-tez sitatlar gətirdiyinə, 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradında dediyi:
İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?, - misralarına görəmi?
Yox, əlbəttə, yox! Ayrı-ayrılıqda bu keyfiyyətlərin hər biri hər hansı bir şəxsiyyəti tarixiləşdirmək üçün kifayət etsə də, bunların hamısının, hətta sadalaya bilmədiyim onlarla digər xüsusiyyətlərin cəmləşdiyi Bəxtiyar Vahabzadəni sevməmək, onu lazımi qədər dəyərləndirməmək mümkün deyil. Mənə bu işdə həm də onu yaxından tanımağım, bir müddət davam edən səmimi münasibətlərimiz çox kömək etmişdir.
Əlbəttə, mən də 60-cı illərin digər gəncləri kimi, Bəxtiyar Vahabzadəni milli məfkurəmizin memarlarından biri olaraq tələbəlik illərindən tanıyırdım. 1958-ci ildə Şəki rayonunun "İpəkçi" qəzetində çap olunmuş "Gülüstan" poeması 60-cı illərdə, xüsusən də onun müəllifi universitetdəki pedaqoji fəaliyyətindən uzaqlaşdırıldıqdan sonra tələbələr arasında çox məşhurlaşmışdı. Poemanın əlyazması uşaqlar arasında surətlə yayılırdı və mən də bu poemanın mövzusu, müəllifi ilə çox maraqlanmışdım. Sonralar BDU-da müəllimlik fəaliyyətinə başlayanda məni ən çox qürurlandıran amillərdən biri də bu idi ki, Bəxtiyar Vahabzadə kimi böyük şəxsiyyətlərin çalışdığı bir ali məktəbdə işləyəcəyəm...
Filologiya fakültəsi də daxil olmaqla humanitar fakültələr İstiqlaliyyət küçəsində, indiki UNEC-in binasında yerləşdiyi üçün oradakı müəllimlərlə əlaqəmiz zəif idi deyə, mən onunla şəxsən tanış ola bilməmişdim. Əslində buna heç özümü hazır da hesab etmirdim, o bütün xalqın tanıdığı və pərəstiş etdiyi böyük bir şəxsiyyət, mən isə adi riyaziyyat müəllimi idim. İlk dəfə tanış olduğumuz 1986-cı ildə də aramızda xeyli "məsafə" mövcud idi, mənim 40, onun 61 yaşı var idi, o, şöhrətinə bir az da əlavə edə bilmişdi, Dövlət mükafatı da almışdı, ancaq mənim həyatımda elə də ciddi dəyişikliklər yox idi. Görüşməyimiz və tanış olmağımız təsadüfi bir hadisə ilə bağlı oldu.
1986-cı ildə BDU-nun Qəbul komissiyasının Məsul katibi vəzifəsində işləyirdim. Qəbul komissiyası bir növ indiki Dövlət İmtahan Mərkəzinin funksiyalarını yerinə yetirir, universitetə qəbul prosesini təşkil edirdi. Ancaq fərq burasında idi ki, biz ölkənin müvafiq qurumları ilə bərabər, mərkəzi hökumətə, yəni SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinə də tabe idik və onların göstərişlərini müzakirəsiz icra edirdik. O dövrdə qayda belə idi ki, qəbul imtahanlarının keçirilməsinə üç-dörd ay qalmış Moskvadan - SSRİ Ali və Orta İxtisas Təhsili nazirliyindən imtahanların təşkili və keçirilməsi ilə bağlı qaydalar məcmuəsi, təlimat məktubu göndərilərdi. Bu təlimatda sənədlərin qəbulundan imtahanların təşkilinə, müsabiqənin aparılmasına qədər bütün proseslərin necə keçirilməsi haqqında göstərişlər olardı. Yaxşı xatırlayıram ki, orada bəzi abituriyentlərə nəzərdə tutulan güzəştlər, hərbi xidməti başa vurub qayıdan gənclərə verilən üstünlüklər, orta məktəbi medalla bitirən uşaqların hansı fəndən imtahan verməsi və digər onlarla bu kimi hallar barədə geniş izahat verilərdi. Doğrusunu desək, təlimat hər il göndərilsə də, əslində ötən illərdəki ilə eyni olardı, demək olar ki, heç bir əsaslı dəyişiklik edilməzdi.
Ancaq 1986-cı ildə həmin təlimata yeni bir bənd əlavə edilmişdi - Azərbaycan bölməsinə sənəd verən bütün abituriyentlər ixtisasından asılı olmayaraq verdikləri əsas imtahanlarla (bunların sayı, adətən, dörd olurdu) yanaşı rus dilindən yazılı (imla) imtahan da verməli idilər. Bu, doğrudan da absurd bir qərar idi. Əvvəla, imtahanlara cəmi üç-dörd ay qalırdı, rus dili fənnindən heç bir hazırlıq mərhələsi keçməyən abituriyentlər üçün bu imtahanı vermək çox çətin olacaqdı. Digər tərəfdən, rayon məktəblərində rus dili bir qədər zəif tədris edilirdi, bu fakt heç kəsə sirr deyildi. Deməli, riyaziyyatçı, yaxud həkim olmaq istəyən ən istedadlı kənd uşağı rus dilindən kəsilib geri dönə bilərdi. Məni Məsul katib kimi ən çox düşündürən məsələ isə həmin imtahanların təşkili idi, qısa müddətdə bu qədər abituriyent üçün yazı vərəqlərinin çap edilməsindən "bu imlanı kim diktə edəcəkdi?", "kim yoxlayacaqdı?" kimi texniki məsələləri götür-qoy edirdim. Çünki Moskvadan gələn təlimatlar bizim üçün konstitusiya kimi birmənalı qanun idi, onu dəyişmək, milli təəssübkeşlik baxımından "rus dilindən imtahan vermək bizim nəyimizə lazımdır?" deyərək etiraz etmək heç ağlımıza da gəlməzdi - dövrün tələbləri belə diktə edirdi.
Demə, bizim hələ yaxşı tanımadığımız, sözdə yox, əməldə vətənpərvər olan qeyrətli, necə deyərlər, papaq altda oğullarımız var imiş. Bu təlimat bizim o vaxtkı Ali və Orta İxtisas Təhsili Nazirliyinə göndərilmiş, oradan da dilimizə tərcümə edilib ali məktəblərə paylanmışdı. Hansı vasitə ilə isə (indiki texniki imkanlar - sosial şəbəkələr, votsap, kseroks və s. o zaman yox idi) bu xəbər (rus dilindən imtahanın məcburi olması) bütün ölkəyə yayılmışdı. Həmin günlərdə Şüvəlan qəsəbəsində Yazıçıların yaradıcılıq evində ölkə başçısı Kamran Bağırovla şair və yazıçıların görüşü keçirilirmiş. Təbii ki, rus dilində keçirilən həmin görüşdə Kamran Bağırov yenidənqurmanın yazıçılar qarşısında qoyduğu vəzifələr haqqında bir saatlıq məruzə etdikdən sonra soruşub ki, kimin nə dərdi, sualı var, imkan daxilində kömək edəcəyik. Bəxtiyar Vahabzadə əlini qaldırıb, ona məxsus pafos və məntiqlə odlu-alovlu bir çıxış edib ki, bu nə biabırçılıqdır, mənim xalqımın övladı niyə rus dilindən məcburi imtahan verməlidir? Nəsirəddin Tusi, Füzuli, Nəsimi rus dilini bilməyib alim, şair olmayıb? Mənim kənddə oxuyan balalarım rus dilini heç keçmirlər, yaxşı da eləyirlər keçmirlər, ona doğma dili lazımdır, rus dili yox, deməli, bu uşaq gəlib ali təhsil ala bilməyəcək? Eynşteyn rus dilini bilməyib, Nobel mükafatı almayıb? Bu uşaq da öz dilində fizikanı öyrənib fizik olmaq istəyir, rus dilini zorla niyə sırıyırsınız mənim xalqıma? Birdəfəlik universitetləri bağlayın, rus dilində eləyin, biz də bilək ki, dilimizdə ali təhsil almaq qadağandır... və s.
Kamran Bağırov öyrəşdiyi - ev almaq, əmək haqqını qaldırmaq, şəxsi problemlər kimi sosial məsələlərin həlli ilə bağlı müraciətlərin əvəzinə belə ritorik sualları olan çıxışı eşidəndə çaş-baş qalıb və iclası yarımçıq saxlayıb otaqdan çıxıb. Səhəri günü rektor Faiq Bağırzadə işə gələndə partkom (Partiya Komitəsinin katibi) Qurban Bayramovu, prorektor Teymur Vəliyevi və məni (Məsul katib kimi) təcili otağına çağırtdırdı: "Bilirsiniz, nə biabırçılıq olub? Dünən o Bəxtiyar yenə cızığından çıxıb, şairliyi tutub, Kamran Mamedoviçə (qardaşına belə deyirdi) ağzından çıxanı deyib ki, niyə rus dilindən qəbul imtahanı salmısınız? Guya bunu o eləyib, ya mən eləmişəm?! Niçeqo ne ponimayet (yəni heç nə başa düşmür). Nə isə, bizi Mərkəzi Komitəyə çağırıblar, saat 11-də orada olmalıyıq, gedin hazırlaşın. Görək başımıza nə oyun açacaqlar?"
Saat on birin yarısında universitetin qarşısında idik. O vaxtlar əsas korpusun önündən keçən Patris Lumumba (indiki Zahid Xəlilov) küçəsi maşın yolu idi, Faiq Bağırzadənin qara rəngli, Qurban müəllimin isə ağ rəngli QAZ-24 markalı xidməti maşınları dayanıb bizi gözləyirdi.
...Faiq müəllim aşağı düşəndən sonra Teymur Vəliyevi öz maşınına mindirdi, mən də Qurban Bayramovun xidməti avtomobilinə əyləşib indiki Nazirlər Kabinetinin binasında yerləşən Mərkəzi Komitəyə yola düşdük. Faiq müəllimgil bizdən bir az əvvəl çatıb binaya daxil olmuşdular, biz çatanda gördük ki, qabağımızdakı maşından Bəxtiyar Vahabzadə düşdü və surətlə binaya tərəf getdi. "Partkomumuz" onu görüb mənə göz vurdu, "buna bax, gör necə qaçdı, yəqin məni görüb qorxusundan belə elədi", - dedi. Biz də onun arxasınca binaya daxil olduq. Həmin binanın liftləri çox kiçik - ikinəfərlik və "astagəl" olduğuna görə Faiq müəllimgili yuxarı aparan lift hələ qayıtmamışdı, Bəxtiyar Vahabzadə onun qarşısında dayanıb gözləyirdi. İri cüssəli Qurban müəllim arıq və nə üçünsə büzüşmüş şairə yaxınlaşıb bayaq dediyi sözlərin havası ilə hücuma keçmək istədi:
- Ay Bəxtiyar müəllim, o nə sözlərdir dünən demisən? Sənin nəyinə lazımdır kim imtahan verir, nədən verir, niyə verir, adamın var, gəl de, kömək eləyək də...
Cılız bədənli, bayaqdan büzüşmüş şairə elə bil haradansa sehrli qüvvə gəldi, bir anın içində nağıllarda ağzından od püskürən əjdahalara döndü. Səsinin tonu, sözləri elə idi ki, bayaqdan "gur-gur guruldayan" Qurban müəllim özünü əməlli-başlı itirdi. Bu zaman qarşılarında lift dayandı və qapıları açıldı. Qurban müəllim tez özünü liftə salıb canını qurtarmaq istədi. Ancaq Bəxtiyar müəllim də, mən də onunla birlikdə balaca kabinəyə daxil olduq. Yuxarı qalxana kimi şairin gurultulu səsi və ittihamları davam edirdi:
- Vicdanınız yoxdur sizin, milli qeyrətiniz yoxdur, rus desə ki, o biri imtahanları da rus dilində keçirin, ləbbeyk deyəcəksiniz. Puldan başqa heç nə bilmirsiniz. Buna bax, mənə deyir, adamın var, de, keçirdim. Bunun mənə nəsihət verməyinə bax... Məndən soruşur ki, niyə belə demisən, niyə elə demisən. Mən danışanda gəlib səndən icazə almalıyam? Adamda milli qeyrət olmalıdır... və s.
Bu qışqırıqlarla lift yuxarıya qədər getdi, yuxarıda da Bəxtiyar müəllimin səsi bütün binanı başına götürdü. Səs-küyə dəhlizə çıxanlar şairin səsindən, hökmündən vəziyyətin mürəkkəbliyini görüb hərə öz kabinetinə getdi. Bu məsələ ilə bağlı Mərkəzi Komitənin (indiki Prezident Administrasiyası) Birinci katibi də olmaqla bütün rəhbərliyinin iştirak etdiyi iclas başladı və həmin iclasda da Bəxtiyar Vahabzadə heç kəsə danışmağa aman vermədi.
Əslində, dövr çox mürəkkəb idi, şairi oradaca dövlət məmurlarını təhqir etmək adı ilə həbs edib apara bilərdilər, üzünə duranlar, şahidlik edənlər də, şübhəsiz tapılardı. Münasibətlərimiz istiləşəndən sonra özü də vaxtilə belə vəziyyəti yaşamış bir insan kimi hər şeyi gözlədiyini etiraf etdi, ancaq həmin anlarda gözünə heç nə görünmürdü, milli qeyrət, vətəndaşlıq mövqeyi, dildə yox, əməldə xalqın, dilin təəssübkeşi olmaq ona qeyri-adi cəsarət vermişdi.
Vəziyyəti belə görən Birinci katib Kamran Bağırov təcili Moskvaya, bu sahəni kurasiya edən Heydər Əliyevə məlumat verir. Ulu öndər də SSRİ Ali və Orta İxtisas Təhsili nazirinə zəng edib xalqın o məsələyə ciddi etiraz etdiyini bildirib və tapşırıb ki, o təlimata yenidən baxın və dəyişdirin. Nazir də söz verib ki, növbəti Kollegiya iclasında bu məsələni müzakirə edib müsbət qərar qəbul edərik.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Bir neçə gündən sonra Moskvadan rus dili imtahanının ləğv edilməsi ilə bağlı yeni təlimat məktubu gəldi. Bəxtiyar Vahabzadənin cəsarəti, "qəhrəmanlığı" sayəsində bu imtahanı təkcə bizim ölkəmizdə yox, bütün müttəfiq respublikalarda ləğv etmişdilər. Latviyada, Estoniyada, Gürcüstanda, Tacikistanda və digər ölkələrdə çoxu bilməmişdi ki, SSRİ-nin ən nüfuzlu nazirlərindən biri nə üçün imzaladığı əmri 15-20 gün sonra geri oxumuşdu, bunun səbəbkarı kimdir?
Mənim də canım yeni blanklar çap etdirməkdən və imtahanları təşkil etməkdən qurtardı...
1989-cu ildə siyasi vəziyyət bir az da mürəkkəbləşəndə Bəxtiyar Vahabzadə ilə daha yaxından ünsiyyətdə ola bildim. Vəziyyət haqda bir qədər ətraflı yazım ki, gənclər yaşadığımız illəri yaxşı təsəvvür edə bilsinlər. Biz hələ müstəqilliyimizi əldə etməmişdik, bu möhtəşəm hadisəyə iki il qalırdı, Moskva bütün aparıcı nöqtələrdə "öz adamını" - milliyyətcə rus olan bir nəfər əyləşdirmişdi. Doğrudur, 20-ci, 30-cu illər deyildi, nazirlər, İdarə rəisləri milli kadrlar idi, ancaq müavinlər mütləq rus olmalı, lazım bildikləri məlumatları "yuxarıya" çatdırmalı idilər. Həmin dövrdə nazir Rafiq Feyzullayevin birinci müavini Mirabbas Qasımovdan savayı, 3 müavini var idi - Əlimirzə Əhmədov, Mahirə Fərəcova və milliyyətcə rus olan Krotkov Yuri İvanoviç. Mənim Ali Təhsil şöbəsinin (bir az sonra Ali Təhsil İdarəsinin) müdiri vəzifəsində də bir nəzarətçim var idi - müavinim Muxin Anatoli Pavloviç.
Adını beynəlmiləlçilik qoyub bizi aldatmaq istəyirdilər, ancaq hamıya hər şey aydın idi. Təəssüf ki, əlimizdən heç nə gəlmirdi, onu nə dəyişə, nə də başqa vəzifəyə keçirə bilirdik. İşi də elə qurmuşdular ki, istər bizim şöbədən olsun, istərsə də nazirlikdən, müavinlərin imzası olmadan bir sənəd də xaricə çıxa bilməzdi. Deməli, müavin olsalar da, əslində biz onlardan asılı vəziyyətdə idik. Bircə təsəllimiz bu idi ki, əyləşdiyimiz Hökumət evinin önündə - Azadlıq meydanında çox mühüm hadisələr cərəyan edirdi, böyük ümidlər yaradan mitinqlər, müxtəlif toplanışlar baş tutur, çox ciddi bəyanatlar eşidilirdi. İnanmaq çətin olsa da, milli mənafelərlə bağlı səslənən şüarlar, bizim kabinetlərə qədər gəlib çıxan söz-söhbətlər, şayiələr, ümumiyyətlə gedən proseslər belə bir təəssürat yaradırdı ki, yaxınlarda bu müavinlərdən canımız qurtaracaq, respublikamız milli və müstəqil dövlət olacaq.
Buna inanmaq ona görə çətin idi ki, nazirliyin bütün sənədləri, yazışmaları, nazirin, onun müavinlərinin, rektorların, hətta orta məktəb direktorlarının yazdıqları dərkənarlar rus dilində olurdu. Bunların hamısı birdən necə dəyişə bilərdi?
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, 1990-cı ilin yanvarında baş verən hadisələrdən sonra bu proses daha da gücləndi, Azadlıq meydanından Leninin, dağüstü parkdan (indiki Şəhidlər xiyabanından) Kirovun heykəllərinin götürülməsi, əhalinin kütləvi şəkildə Kommunist partiyası biletindən imtina etməsi və bu biletlərin nümayişkaranə şəkildə yandırılması milli hisslərin bir qədər də alovlanmasına rəvac verdi.
Yaxşı xatırlayıram, həmin dövrdə idarə və müəssisələrin kargüzarlıq sənədlərinin Azərbaycan dilinə keçidini təmin etmək məqsədilə bir Dövlət Komissiyası yaradılmışdı. Komissiyanın sədri Xalq şairi Bəxtiyar Vahabzadə, müavini isə şair Qasım Qasımzadə idi. Onlar bütün nazirlikləri, digər dövlət qurumlarını gəzir, sənədləşmənin milli dildə aparılmasının vəziyyətini yoxlayır, bu prosesin sürətlənməsini inadla tələb edirdilər.
Dərd burasında idi ki, hələ çar dövründən, yəni Azərbaycan Rusiyaya ilhaq edildiyi tarixdən ölkəmizin idarə və müəssisələrində bütün rəsmi sənədlər, kargüzarlıq işləri rus dilində tərtib edilirdi. Bura adi arayışdan ən yüksək dövlət qurumlarında yazılan sənədlərə kimi hər şey daxil idi. 1918-ci ildə Xalq Cümhuriyyəti qurulduqdan sonra sənədləşmənin doğma dildə aparılması ilə bağlı qərar qəbul edilsə də, 23 aylıq müddətdə mütəxəssislərin yoxluğundan milli əlifba ilə şriftləri olmayan nəşriyyatlarda doğma dildə blankların çap edilməsinə kimi yüzlərlə problemin mövcudluğu buna imkan verməmişdi. Sonra isə məlum hadisələr baş vermiş, yenidən "böyük qardaşların" hakimiyyəti ələ alması həmin arzunu ürəklərdə qoymuşdu. Nəticə isə bu idi ki, rus dilində kargüzarlıq sənədlərinin ən azı 150 illik kökləri olduğu halda, bunun Azərbaycan dilində heç rüşeymləri də yox idi. Əlbəttə, 1989-cu ildə vəziyyət başqa idi, Azərbaycan dilində heç bir sənəd olmasa da, milli və qeyrətli kadrlarımız var idi...
...Əsas nazirliklərdən biri olduğuna görə rəhmətlik Bəxtiyar müəllim tez-tez bizim təşkilata gəlir, nazirlə görüşür, özü bu prosesin necə getdiyini şəxsən yoxlayırdı. O dövrdə təbii ki, bütün şöbələrdə sənədləşmə, yazışmalar rus dilində aparılırdı, vəziyyətdən çıxmaq üçün nazir Rafiq Feyzullayev Bəxtiyar müəllimi mənim yanıma göndərirdi. Mən o zamanlar Ali məktəblər İdarəsinin rəisi işlədiyimə görə ali məktəblərin potensial imkanlarından və kadrlarından istifadə edərək xeyli sənədi Azərbaycan dilinə tərcümə etdirmiş, milli dildə yenilərini hazırlatdırmışdım. Kağızın tapılmadığı, nəşriyyatların çox məhdud sayda və imkanda olduğu bir zamanda böyük çətinliklərlə məktubları, blankları, digər xeyli sənədi Azərbaycan dilinə tərcümə etdirib, dəfələrlə yoxladıqdan sonra çap etdirmişdim. Doğrusunu deyim ki, Bəxtiyar müəllimin rəhbərlik etdiyi o komissiyanın da xofu var idi, ancaq özümüz də bir vətəndaş olaraq sənədlərin milli dildə olmasında çox maraqlı idik. Təsəvvür edin ki, ali məktəblərdə jurnallardan başlamış kafedralarda tədris yükü, metodik təlimatlara, dekanlıqlarda verilən arayışlara, tələbələrin şəxsi işlərinə, diplomlara kimi bütün sənədlər rus dilində idi. Bizim şöbədə də vətəndaşların qeydiyyatından təlimat məktublarına kimi yüzlərlə sənəd rus dilində idi. Bu qədər sənədi, blankı, jurnalı, məktubu Azərbaycan dilinə tərcümə etmək üçün əməkdaşlarla birgə bəzən gecə yarısına kimi işdə qalmalı olurduq...
Bəxtiyar müəllim hiss ediləcək qədər qürurla bu sənədləri diqqətlə oxuyur, işin belə sürətlə getdiyini görüb çox sevinir, mənə səmimi razılığını bildirirdi. Ancaq tez-tez də deyirdi ki, nə məsələdirsə, gələn kimi bu nazir bizi Sizin şöbəyə göndərir, məgər başqa şöbə yoxdur? Nə qədər dərin təfəkkürlü şəxsiyyət, geniş düşüncəli şair olsa da, həm də çox saf və dürüst insan olduğuna görə nazirin onu aldatdığını, digər şöbələrdə bu məsələ ilə bağlı heç bir işin getmədiyinə görə onu daim bizim idarəyə yönəltdiyinin səbəbini hiss etmirdi. Ancaq müntəzəm görüşlərimiz bu fövqəladə keyfiyyətlərə malik böyük insanı daha yaxından tanımağımla və onu bir qədər də çox sevməyimlə nəticələndi...
...Etiraf etmək lazımdır ki, 90-cı illərin sonlarına doğru ölkədə siyasi durum mürəkkəb olaraq qalırdı. Bu gün vəziyyət xeyli aydınlaşmış, o illərlə müqayisə edəndə tərəddüdlər, ikibaşlı oyunlar, məkrli niyyətlər xeyli azalmışdır. Zaman öz işini görmüş, bir çox həqiqətlər üzə çıxmış, kimin kim olduğu bilinmiş, necə deyərlər, "maskalar açılmışdır". Bu gün biz "5-ci Kolon" sözünü cəsarətlə deyib bu adın altında gizlənənləri ifşa edə bilirik. Ancaq 90-cı illərdə Rusiyanın agenti olub içəridən bizi "yeyən" "5-ci Kolon" nümayəndələrinə güldən ağır söz demək mümkün deyildi, onlar da "bəlkə də qaytardılar" ümidi ilə ruslaşdırma siyasətini həm eninə, həm də uzununa davam etdirirdilər. Bu, bir həqiqətdir, niyə gizlədək?! İndi özünü qəhrəman, "millət fədaisi" kimi qələmə vermək üçün maskasını dəyişib "Avropa", yaxud "Türk" qılafına girənlərdən fərqli olaraq o çətin illərdə də Rusiyanın "assimilyasiya siyasətinə" qarşı həqiqi mübarizə aparan oğullar var idi. Bunlardan biri də Bəxtiyar Vahabzadə idi ...
Buna görə də nazir təyin edildiyim ilk günlərdə - 1998-ci il aprelin əvvəllərində Bəxtiyar Vahabzadə ilə görüşmək, onunla milli məsələ ilə bağlı məsləhətləşmək qərarına gəldim. Hesab edirdim ki, Bəxtiyar müəllim milli konsepsiyamızın ən qüdrətli nümayəndələrindən biridir və onun məsləhətləri mənə nazirlik fəaliyyətimdə çox kömək edə bilər. Həqiqətən belə də oldu. Bəxtiyar müəllimlə iki saata yaxın söhbət etdik, qərara aldıq ki, nazirliyin kollegiyasının genişləndirilmiş iclasını onun iştirakı ilə mayın əvvəllərində BDU-da keçirək və əsas məruzəçi də elə o olsun. Görüş zamanı şair mənə məsləhət bildi ki, XIX əsrin ortalarında yaşamış tanınmış rus pedaqoqu Dmitri Uşinskinin məşhur "Ana dili" məqaləsinin tərcüməsini "Azərbaycan müəllimi" qəzetində çap etdirək. XIX əsrdə Rusiyada fransız və alman dillərinin rus dilini sıxışdırdığı bir zamanda Uşinski bu məqalədə xalq ruhunu mənimsəmək üçün ana dilinin böyük əhəmiyyəti olduğunu göstərmiş və dil məsələsinə xüsusi diqqət yetirmişdi: "Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz". Bu fikirlər Bəxtiyar müəllimin ruhuna, o illərin milli siyasətinə çox yaxın olduğuna görə həmin məqalənin çap edilməsi cəmiyyət tərəfindən böyük maraqla qarşılanmışdı.
Onu da yaxşı xatırlayıram ki, 1998-ci il mayın 1-də Bakı Dövlət Universitetində Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası üzvlərinin iştirakı ilə nazirliyin genişləndirilmiş kollegiya iclasını keçirdik. İclasda təhsil sahəsində islahatların strateji istiqamətləri kimi iki əsas məsələ - müəllim nüfuzunun bərpası və təhsilin milliləşdirilməsi geniş müzakirə edildi. Burada əsas məsələ olan təhsilin milliləşdirilməsi ilə bağlı mən bir neçə dəqiqə çıxış edərək dedim ki, bu gün müstəqil dövlətdə yaşasaq da, təhsilimizin vəziyyəti Rusiyanın vilayətlərində olduğu kimidir - hələ də Kiril qrafikalı əlifba ilə yazırıq, dərsliklərimizin əksəriyyəti sovet dönəmindən qalmadır, rus dili 1-ci sinifdən 11-ci sinfə kimi məcburi fənn kimi tədris edilir, mərkəzi şəhərlərdə - Bakıda, Gəncədə, Sumqayıtda və bəzi digər regionlarda təlim rus dilində olan məktəblərin sayı Azərbaycan məktəblərinin sayına ya bərabərdir, ya da rus bölmələri artıqdır. Bundan sonra xalqımızın böyük vətənpərvər şairi Bəxtiyar Vahabzadə ölkəmizdə ana dilindən istifadənin vəziyyətilə bağlı danışdı və ümumtəhsil müəssisələrində Azərbaycan dilinin tədrisinə dair dəyərli təkliflərini verdi. Çıxışının sonunda isə indiyə qədər unutmadığım şeirindən bir parçanı oxudu:
Siz ey doğma dilində danışmağı ar bilən
fasonlu ədabazlar,
Ruhunuzu oxşamır qoşmalar,
telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi sizlərə qənim olsun.
Bu çıxışlar, həmin kiçik şeir parçası və şairin odlu-alovlu, həm də ürək yanğısı ilə dediyi sözlər iclasa tamam başqa əhval-ruhiyyə gətirdi. Hər zaman dil məsələsinə özünəməxsus yanaşması olan Bəxtiyar müəllimin ziyalı mövqeyi, həqiqətən, hamı üçün örnək idi.
Bu tədbirdən sonra dil məsələsi ilə bağlı həm təhsil sistemində, həm də deyərdim ki, bütün ölkədə ciddi dəyişikliklər oldu. O vaxta qədər məcburi fənn kimi tədris olunan rus dilinə xarici dil statusu verildi, o da ingilis, fransız dilləri kimi şagirdlərin arzusu ilə seçmə fənn oldu, yalnız müəyyən siniflərdə keçirildi, rus bölmələrinin sayı surətlə azalmağa başladı. Belə ki, əgər 1988/89-cu tədris ilində ölkədə təlim yalnız rus dilində olan məktəblərin sayı 163 idisə, 2010/11-ci tədris ilində onların sayı 18-ə düşdü. Şagirdlərin sayı isə müvafiq olaraq 117 min nəfərdən 5800 nəfərə qədər azaldı. Əlbəttə, milli-azadlıq hərəkatı günlərində dediyi sözlərə görə heç bir məsuliyyət daşımadan, həmin vədləri yerinə yetirmək mexanizmini təsəvvür belə etmədən odlu-odlu danışmaq, "milli dili bütün tədris müəssisələrində birmənalı şəkildə tətbiq etmək lazımdır" tipli çağırışlar etmək ayrı bir məsələ idi, ancaq onu reallaşdırmaq tamam ayrı bir məsələ. Müəyyən çətinliklərlə rastlaşsam da, həmin çıxılmaz vəziyyətlərdə böyük şairin milli məsələlərdə aydın və birmənalı mövqeyi, həmçinin sarsılmaz cəsarəti mənə "ikinci nəfəs" verirdi.
(Ardı var)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.