İngiltərədə aparılan genişmiqyaslı tədqiqat, orta yaş dövründə velosiped sürməyin demans riskini ciddi şəkildə azaltdığını ortaya qoyub.
Təxminən 500 min iştirakçının məlumatları əsasında aparılan araşdırma göstərib ki, gündəlik nəqliyyatda velosipedə üstünlük verənlərdə demansa tutulma riski digər nəqliyyat vasitələrindən istifadə edənlərlə müqayisədə 19% daha azdır.
Sherg.az xəbər verir ki, xüsusilə aktiv velosiped sürənlərdə 65 yaşdan əvvəl başlayan erkən demansa tutulma riski 40% daha aşağıdır.
Çinin Uhan şəhərindəki Huazhong Elmi və Texnologiya Universitetinin alimlərinə görə, velosiped sürmək beynin sağlamlığını bir neçə yolla dəstəkləyir: fiziki hərəkətlilik qan dövranını artırır, beyin iltihabını azaldır və demansla əlaqələndirilən piylənmə kimi problemlərə qarşı mübarizədə rol oynayır.

Eyni zamanda, sürərkən marşrutu yadda saxlamaq və təhlükələri dəyərləndirmək kimi zehni fəaliyyətlər də bryinin funksiyaları gücləndirir. Velosiped sürən şəxslərdə yaddaş və öyrənmə üçün mühüm olan hipokampus bölgəsinin daha böyük olduğu da müəyyən edilib.
Genetik riskə baxmayaraq fayda var
Tədqiqat "JAMA Network Open" jurnalında dərc olunub. Mütəxəssislər bildiriblər ki, genetik olaraq Alzheimer riskini daşıyan – məsələn, APOE-e4 geninə sahib – şəxslər belə velosiped sürmənin qoruyucu təsirindən faydalana bilər. Bu gen, xəstəliyin riskini 10 qat artırsa da, fiziki aktivlik hələ də pozitiv təsir göstərir.
Tədqiqatda yaş ortalaması 56 olan 500 minə yaxın britaniyalının 13 il ərzində sağlamlıq vəziyyəti izlənilib. Bu müddətdə 9 min nəfərə demans, 4 min nəfərə isə Alzheimer diaqnozu qoyulub.

Erkən demans artmaqdadır
İngiltərədə gənc yaşda başlayan demans hallarında son 10 ildə nəzərəçarpacaq artım müşahidə olunur. Hazırda ölkədə təxminən 71 min nəfər erkən demansla yaşayır və bu, ümumi demans hallarının 7,5%-ni təşkil edir.
Bu yeni araşdırma, ötən ay dərc olunan və uzun müddət oturaq həyat tərzinin Alzheimer riskini artırdığını göstərən nəticələri dəstəkləyir.
Demansın ilkin əlamətləri arasında yaddaş itkisi, düşünmə və qərarvermə çətinlikləri, eləcə də danışıq problemləri yer alır – bu simptomlar zamanla pisləşərək gündəlik həyatı çətinləşdirə bilər.