Qlobal ödəniş proqram təminatı şirkəti olan Payrails, ödəniş əməliyyatlarını tam nəzarətdə saxlamaq istəyən müəssisələrə dəstək olmaq məqsədilə 32 milyon dollar dəyərində A Seriyası investisiya raundunu uğurla başa vurduğunu elan edib.
FED.az xəbər verir ki, bu yeni maliyyə vəsaiti məhsul innovasiyalarını sürətləndirmək, məhsul xəritəsini genişləndirmək və Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionlarında artan müəssisə tələbatını ödəmək üçün istifadə ediləcək.
İnvestisiya raunduna HV Capital rəhbərlik edib və əvvəlki investorlar olan EQT Ventures, General Catalyst və Andreessen Horowitz də iştirak ediblər. Beləliklə, Payrails indiyədək ümumilikdə 52.8 milyon dollardan çox maliyyə cəlb etmiş olur.
Fintech liderlərinin qurduğu güclü komanda
Payrails, Delivery Hero şirkətinin keçmiş fintech rəhbərləri tərəfindən təsis edilib. Startapı Orxan Abdullayev, Emre Talay və Nikolas Thouzeaudan təsis ediblər. Komanda beynəlxalq səviyyədə miqyaslana bilən maliyyə infrastrukturlarının qurulmasında geniş təcrübəyə sahibdir. Yeni investisiyalar sayəsində Payrails özünü iri müəssisələr üçün ödəniş sahəsində lider platforma kimi möhkəmləndirir.
Sürətli böyümə və artan tələbat
Bu il Avropada fintech sahəsində ən böyük A seriyası investisiya raundlarından biri olan bu maliyyələşmə, Payrails-in sürətlə böyüdüyü bir dövrə təsadüf edir. Şirkət 2024-cü ildə hər gün 1 milyondan çox ödəniş əməliyyatını idarə edib, Avropa və MENA bölgəsində 30 yeni bazara daxil olub və mobilite, e-ticarət, səyahət, maliyyə xidmətləri və abunə platformaları da daxil olmaqla bir çox sektordan iri müəssisə müştərilər cəlb edib.
Puma, Vinted, Flix, InDrive, Just Eat Takeaway və Careem kimi qlobal brendlər Payrails platformasına etibar edir.
Payrails-in CEO-su Orxan Abdullayev deyir:
“Müştərilərimizin və investorlarımızın bizə göstərdiyi etimada görə minnətdarıq. Onların dəstəyi sayəsində müəssisələrə ödəniş əməliyyatlarını mərkəzləşdirilmiş şəkildə idarə etmək və bu sahədə innovasiya yaratmaq imkanı veririk. Yeni maliyyələşmə ilə məhsul inkişafına daha çox diqqət yetirəcəyik və bütün ödəniş dövrünü əhatə edən çoxfunksiyalı platformamızı genişləndirəcəyik.”
Müəssisələr üçün kompleks problemlərin həlli
İri müəssisələrdə ödəniş sistemlərinin idarəsi getdikcə daha çətinləşir – fərqli bazarlarda yerli ödəniş üsullarını dəstəkləmək, çoxsaylı xidmət təminatçılarını birləşdirmək, daxili sistemlərlə sinxronlaşmaq və eyni zamanda müştəri təcrübəsini yüksək səviyyədə saxlamaq tələb olunur. Payrails bu problemləri özünün modul memarlığa malik ödəniş əməliyyat sistemi ilə həll edir.
Payrails 100-dən çox inteqrasiyaya sahibdir və Stripe, Adyen, Forter, SAP, Salesforce, Snowflake kimi aparıcı texnoloji həllərlə uyğun şəkildə işləyir.
Payrails haqqında
2021-ci ildə Berlində təsis olunan Payrails, iri müəssisələrin ödəniş əməliyyatlarını idarə etməsinə və performansını artırmasına kömək edən qlobal ödəniş proqram təminatı şirkətidir. Platforma ödənişlərin bütün dövrünü əhatə edən modul struktura malikdir və irimiqyaslı müştərilər üçün çeviklik, şəffaflıq və nəzarət imkanı yaradır. (tech.az)