AZ

"Sərhəd məsələsində yalnız rəsmi məlumatlara əsaslanmaq lazımdır" – Mübariz Göyüşlü- ÖZƏL

Ermənistan mətbuatında yenidən sərhəd məsələsi gündəmə daşınıb. "Hraparak" nəşri iddia edir ki, yaxın vaxtlarda Yerevan hökuməti Azərbaycana 180 kvadrat kilometrə yaxın ərazini təhvil verməyə hazırlaşır. Əvəzində isə Ermənistanın əldə edəcəyi sahə cəmi 25 kvadrat kilometr olacaq. 
Maraqlıdır bu cür sızıntılarla Ermənistanın daxili və xarici siyasi dairələri hansı mesajı verməyə çalışırlar?

Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:

" Bu məsələlər Ermənistan mətbuatının iddialarına əsaslanır və onların nə dərəcədə doğru olduğunu yalnız rəsmi məlumatlar açıqlanandan sonra dəqiq bilə bilərik. Sərhəd demarkasiyası olduqca həssas və strateji əhəmiyyət daşıyan bir prosesdir. Ona görə də bu tip məlumatlara ehtiyatla yanaşmaq vacibdir.
Qeyd edilməlidir ki, Ermənistanda mətbuatın müəyyən bir qismi baş nazir Nikol Paşinyanın siyasi kursuna qarşı mövqe tutur. Bu qüvvələr zaman-zaman Ermənistan-Azərbaycan münasibətlərini əhatə edən mövzulardan istifadə edərək, hökuməti ictimaiyyət qarşısında zəiflətməyə çalışırlar. Bəzən yayılan xəbərlər ya məqsədli şəkildə şişirdilir, ya da tamamilə dezinformasiya xarakteri daşıyır. Belə iddialarla Paşinyanın siyasi fəaliyyətinə təzyiq göstərmək, onun legitimliyini sual altına almaq və daxili narazılığı artırmaq hədəflənir.
Ona görə də, istər Azərbaycan, istərsə də Ermənistan ictimaiyyəti üçün əsas meyar rəsmi və təsdiqlənmiş mənbələr olmalıdır. Yalnız hökumətlərarası razılaşmalar və rəsmi qurumların verdiyi məlumatlar üzərindən dəqiq nəticələr çıxarmaq mümkündür".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
48
olaylar.az

1Mənbələr