Gürcüstanda yaşayan məktəbli soydalarımız arasında Azərbaycan dili üzrə I Regional Olimpiada keçiriləcək. Tədbir 14 iyun 2025-ci il tarixində Marneuli şəhərində yerləşən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində baş tutacaq.
Olimpiada VIII-XII sinif şagirdləri arasında təşkil olunacaq və soydaşlarımızın kompakt yaşadığı bölgələrdəki məktəbləri əhatə edəcək. Məqsəd gənc nəslin Azərbaycan dili biliklərinin inkişaf etdirilməsi, dilə marağın artırılması və şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılmasıdır.
Təşkilatçılar bildiriblər ki, tədbir çərçivəsində iştirakçılara dil bilikləri ilə yanaşı, yazılı və şifahi ünsiyyət bacarıqlarını nümayiş etdirmək imkanı da yaradılacaq.
Qeyd edək ki, bu cür olimpiadalar Gürcüstanda yaşayan azərbaycanlıların ana dilində təhsil almasını təşviq etməklə yanaşı, milli kimliyin qorunmasına və ictimai inteqrasiyanın gücləndirilməsinə də xidmət edir.