BAKI, TurkicWorld
İyunun 13-14-də Marriott Boulevard Hotel Baku-da türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan “Türk Dövlətləri Birliyinin Onkologiya Konqresi” keçiriləcək.
TurkicWorld xəbər verir ki, konqres türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlığı gücləndirmək və xərçəng xəstəliyinə qarşı mübarizədə birgə strategiyalar formalaşdırmaq məqsədi daşıyır.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan 500-ə yaxın mütəxəssis, onkoloq, akademik və səhiyyə nümayəndəsinin iştirak edəcəyi tədbirdə xərçəngin erkən diaqnostikası, skrininq proqramları, yeni nəsil müalicə yanaşmaları və regional əməkdaşlıq modelləri müzakirə olunacaq. Avrasiya Onkologiya Assosiasiyasının dəstəyi ilə Türkiyədən 100-ə yaxın akademik şəxs konqresə qatılacaq.
Elmi sessiyalarla yanaşı, birgə layihələrin təməlini qoyacaq protokol görüşləri və mədəni əlaqələri gücləndirəcək sosial tədbirlər də proqramda yer alır. Konqres türk dünyasında onkoloji sahədə davamlı əməkdaşlıq və bilik paylaşımı üçün mühüm platforma rolunu oynayacaq.
Qeyd edək ki, bu konqres türk dövlətlərinin səhiyyə sahəsində inteqrasiyasını təşviq edən ilk beynəlxalq tədbirdir və xərçənglə mübarizədə ortaq yanaşma və təcrübə mübadiləsinin əsasını qoyacaq.