LƏNKƏRAN. 12 iyun. TELEQRAF
“Düşünürəm ki, bu zaldan həm Azərbaycan çempionu, həm də ölkəmizi beynəlxalq arenada təmsil edəcək idmançılar yetişəcək".
Teleqraf xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Lənkəranda boks mərkəzinin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Nazir yeni idman qurğusunun istifadəyə verilməsi, həmçinin Lənkəranda yerləşməsini xüsusi hadisə adlandırıb: “Bu, bizim üçün növbəti idman bayramıdır. Boks mərkəzi regional olacaq. Gördüyünüz kimi, bu zonada boksçular yetişir. Hətta dünya çempionumuz var. Düşünürəm ki, bundan sonra da çempionlarımızın sayı artacaq. Azərbaycan Boks Federasiyasının rəhbərliyinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onlar təmir zamanı bizə dəstək oldular. Artıq məşqçilər də təyin olunub. Məşqlərdə həm oğlan, həm qızlar iştirak edir ki, bu da çox yaxşı məqamdır. Kiçik uşaqlar da var”.
F.Qayıbov digər bölgələrdə idman qurğularının açılması barədə də danışıb: “Təkcə boks deyil, digər federasiyalarla da çalışırıq. Ölkə başçısının bununla bağlı məsləhət, tövsiyyələri var. Cüdo, güləş, boks və digər feferasiyalar müxtəlif rayonlarda yeni zallar istifadəyə verəcək. Bundan əlavə, federasiyalarla bərabər, idman qurğularına dəstək olmağa çalışırıq”.
Qeyd edək ki, Azərbaycan Boks Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri regionlarda boksa olan marağı daha da artırmaq, kütləviliyini təmin etmək və maddi-texniki bazasını gücləndirməkdir. Cənub Regional Boks Mərkəzindən başqa, Bakı Boks Mərkəzi və Sumqayıt şəhər stadionunda Boks Təlim Mərkəzi də fəaliyyət göstərir.