TBİLİSİ, 12 iyun. TELEQRAF
Gürcüstanın Neft və Qaz Korporasiyası (GNQK) Bakı-Supsa kəməri ilə bağlı beynəlxalq tender elan edib.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli “BusinessMedia” nəşri yazıb.
Bildirilib ki, tender neft kəmərinin və Qara dənizdəki terminalının gələcəyinin müəyyənləşdirilməsi üçün konsultasiya xidmətlərinin satın alınması üçündür.
Qeyd olunub ki, Gürcüstanın əsas tranzit arteriyası olan strateji kəmər 1996-cı ildən bp-yə məxsus Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə uzunmüddətli maliyyə icarəsinə verilib. Lakin müqavilənin müddətinin başa çatması ilə GNQK gələcək addımların ətraflı qiymətləndirilməsini həyata keçirməyi planlaşdırır.
Potensial iştirakçılar təkliflərini 2025-ci ilin iyunun 17-dək təqdim edə bilərlər. Tenderin qalibi ilə müqavilənin 23 iyuna qədər imzalanacağı gözlənilir.
Qeyd edək ki, Bakı-Supsa neft kəməri 1999-cu ildə istismara verilib, uzunluğu 830 kilometrdir, 375 kilometri Gürcüstan ərazisində yerləşir. 2022-ci ildən boru kəməri ilə müntəzəm neft nəqli həyata keçirilmir.